Yenə aldatdılar...

Yenə aldatdılar...

14-02-2018 12:48 / Bu xəbər 1070 dəfə oxundu

Azərbaycanda hər gün indeksləşdirilmiş pensiyaların ödəniləcəyi gözlənilir. Adamlar səbirsizliklə bunu gözləyirlər, rayon sosial müdafə şöbələrinə dəfələrlə telefon edərək pulu nə zaman alacaqları vaxtı dəqiqləşdirirlər.

Son vaxtlar ölkədə pensiya ödənişinin gecikdirilməsi xroniki xarakter alıb. Əgər əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunun qrafikinə əsasən Bakıda pensiyalar hər ayın birinci dekadasında (regionlarda ayın ikinci dekadası -red.) verilirdisə, inişildən bəri bu interval tədricən artmağa başlayıb, daha uzun müddətə keçib. Bu ilin yanvarında paytaxt pensiyaçıları öz pensiyalarını ayın 17-də ala biliblər.

Bundan əlavə, prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksasiyası haqqında sərəncamı adəti üzrə yanvarın əvvəlində yox, fevralda, dəqiq desək, fevralın 9-da imzalayıb.

Səbəblər barədə ancaq mülahizə yürütmək olar: maliyyə böhranı, büdcə gəlirlərinin azalması, vergilər və sosial sığorta haqlarının tam yığılmaması. Ancaq digər mühüm məqam da var. Əvvəlki illərdən - pensiyaların sığorta hissəsi ötən ildəki inflyasiya həcmində hesablanırdı - fərqli olaraq, indi indeksasiya ötən ilin yekunları üzrə orta aylıq əməkhaqqının artım tempi nəzərə alınmaqla həyata keçirilir.

Pensiyaçılar hakimiyyətin bu "səxavətli" bəxşişini yanvarda almalıydılar. Ancaq almadılar. Fevral ayının pensiyası 2018-ci ilin ilk iki ayı üçün artım nəzərə alınmaqla hesablanacaq. Azərbaycandakı yaşlılar buna sevinsinlər, yoxsa, məyus olsunlar?

"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərə görə, pensiyanın baza hissəsi, yaşa görə pensiya hüququnun müəyyən edilməsi üçün vacib şərtlərdən sayılan 12 illik əmək stajı ilə bağlı tələb ləğv edilib, pensiya həddi 65 yaşa çatdırılıb, həmçinin çalışan pensiyaçılar üçün pensiyaların hesablanmasına dair yeni mexanizm tətbiq edilib. Yeniliklər nəticəsində yığılmış sığorta hissəsinin tam həcmi nəzərə alınır, bundan irəli gələrək pensiyaların artıma doğru yenidən hesablanması baş verir.

Gözlənilirdi ki, çalışan pensiyaçılar üçün yeni model üzrə pensiyaların hesablanması əmək fəaliyyətini davam etdirən bütün pensiyaçılara şamil ediləcək. Ölkədə belə pensiyaçıların sayı 100 min nəfərdir. Onlar təhsil, tibb, elm, media və s. sahələrdə çalışırlar. Lakin belə olmadı. Yeniliklər ancaq altı il (və bundan yuxarı illər) öncə pensiyaya çıxanlara şamil edildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bunun nəticəsində demək olar ki, 8000 pensiyaçının aylıq pensiya məbləği orta hesabla 175,7 manat artdı.

Sadə hesablamaya görə, sözügedən sayda pensiyaçının pensiyasının artırılması üçün ildə 16,2 mln. manat lazımdır. Neft satışından bir sutkada 5-6 mln. dollar əldə edən ölkə üçün bu, "heç nədir". Ancaq hökumət əlavə 120-200 manatdan "kefi kökələn" pensiyaçıların sayını məhdudlaşdırmaqla vətəndaşların hər manatına qənaət etməyi qərara alıb.

2010-cu ildən sonra çalışan və çalışmayan pensiyaçıların durumu necə olacaq? Onlar öncə güman edirdilər ki, pensiyanın baza hissəsinin ləğvi ilə pensiyanın tam məbləği, həm də illik inflyasiya həcmində indeksasiya olunacaq.

Ancaq dövlətin təklif etdiyi yeni hesablama formulu bu variantı istisna etdi. Ötən ilə görə 13%-lik inflyasiya həmin dövr üçün orta aylıq əməkhaqqının 5,7%-lik artımı ilə əvəzləndi. Maraqlı məqamdır. Bir ay öncə bildirdilər ki, pensiyalar hesabat dövrü üçün orta aylıq əməkhaqqının dinamikasına uyğun olaraq 7,3% həcmində indeksasiya olunacaq. Ancaq görünür, hökumət qərara alıb ki, bu, pensiyaçılar üçün "çox olar".

Dövlət Statistika Komitəsində də rəqəmləri "qarışdırıblar" və tamamilə başqa göstərici alınıb.

Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksasiyası hesablanarkən artım pensiyaçıların 94%-ni əhatə edəcək. Pensiyalar 5,7% artırılacaq. Nəticədə pensiyanın orta aylıq həcmi 220,23 manat olacaq. Pensiyaların indeksasiyasının maliyyələşdirilməsinə 165,4 mln. manat ayrılacaq.

İqtisadçı Natiq Cəfərli Turan-a şərhində deyib ki, hökumət vəziyyətlə manipulyasiya edir, ona sərfəli olan mexanizmlərdən istifadə edərək sosial xərclərin həcmini azaltmağa çalışır. Pensiyaların sığorta hissəsinin 5,7% həcmində indeksasiyası hər pensiyaçıda 4-5 manata qənaət etməyə imkan verəcək. Azərbaycanda 1 mln. 318,434 min pensiyaçı var. Təsəvvür edin, nə qədər vəsaitə qənaət olunar!

"Büdcə üçün qənaət rejimi başqa şeydə də özünü göstərir. Bu ildən ölkədə məşğul vətəndaşlar üçün yeni vergi növü tətbiq edilib: sığorta olunan tərəfindən ödənilən sığorta haqqı üzrə işçinin əməkhaqqının 0,5%-i, işəgötürən tərəfindən ödənilən sığorta haqqı üzrə hesablanmış əməyin ödənişi fondunun 0,5%-i.

İşsızlikdən Sığorta Fondunda toplanan vəsait (təxminən 89 mln. manat) işsizlik üzrə müavinətlərin verilməsinə, əmək yarmarkalarının və təkrar hazırlıq kurslarının təşkilinə, "Özünədəstək" proqramının reallaşmasına yönəldiləcək. Əvvəllər bu tədbirlər büdcə tərəfindən maliyyələşdirilirdi, indi isə çalışan vətəndaşlar tərəfindən maliyyələşdirilir. Bax, budur bizdə sosialyönlü dövlət", - N.Cəfərli qeyd edib.