Yenə yol təmizləyən qadını maşın vurub

Yenə yol təmizləyən qadını maşın vurub

06-12-2018 16:27 / Bu xəbər 1103 dəfə oxundu

53 yaşlı qadının vəziyyətinin ağır olduğu deyilir

Dekabrın 6-da Sabunçu rayonunda 53 yaşlı Almagül Muradovanı maşın vurub. A.Muradovanın ərazidə təmizlik işləri apararkən maşın vurduğu bildirilir.

Qadının hazırda Sabunçuda yerləşən 3 saylı Mərkəzi Klinik Xəstəxanasının reanimasiyasında olduğu deyilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova olayı təsdiqləyib.

S.Əhmədova Meydan TV-yə bildirib ki, Almagül Muradovanın vəziyyəti ağırdır, hazırda əməliyyatdadır.

Bakıda yol təmizliyi ilə məşğul olan qadınların avtomobil qəzası nəticəsində həlak olması birinci dəfə deyil.

2018-ci il martın 27-də Sabunçu qəsəbəsində "KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.

2013-cü ildə, hazırda Ağdamın "Qarabağ” futbol klubunun şərəfini qoruyan, Azərbaycan milli yığmasının üzvü Araz Abdullayevin Bakının Xətai rayonu ərazisində iki yol süpürən qadını avtomobillə vurması olmuşdu.

O zaman qadınlardan biri həlak olmuş, digəri isə yaralanmışdı. Qeyd olunan hadisələrdən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi ilə təmizlik işləri aparan şəxslərə xüsusi geyim forması paylanıldı.

Yolda təmizlik işi aparan qadınların təhlükəsizliyinin qorunması məqsədi ilə Daxili İşlər Nazirliyi onlara xüsusi gödəkçələrin paylandığını bildirib.