Yeni müqavilə: Formula-1 yarışı 2023-cü ilə qədər Bakıda keçiriləcək

Yeni müqavilə: Formula-1 yarışı 2023-cü ilə qədər Bakıda keçiriləcək

05-02-2019 14:47 / Bu xəbər 397 dəfə oxundu

Natiq Cəfərli: ''Ya Azad Rəhimov, ya da oğlu istefa verməlidirlər''

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və "Formula 1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri Bakıda keçirilən "Formula 1” yarışlarının daha üç il müddətinə uzadılması barədə müqavilə imzalayıblar.

"Formula 1 Qran Pri” yarışlarının Bakıda keçirilməsi üçün müqavilənin müddəti 2020-ci ildə bitir. Bunu nəzərə alaraq biz yenidən 3 illik müqavilə bağladıq. Artıq 2020-2023-cü illərdə də "Formula 1 Qran Pri”si Bakıda keçiriləcək”, - A.Rəhimov deyib.

Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1” yarışlarına aprelin 26-dan start veriləcək.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, hökumət "Formula 1 Qran Pri” yarışlarının keçirilməsi ilə hansı problemlərlə qarşılaşdığını başa düşmür.

"Əvvəllər bu yarışların ölkənin tanıdılmasına xidmət etdiyini deyirdilər. Amma indi məlum olur ki, "Formula 1 Qran Pri” yarışları Azad Rəhimovun özünə lazımdır. Çünki yarışların keçirilməsinin ən çox xeyrini nazir və təşkilat komitəsinin sədri olan oğlu götürür”.

Natiq Cəfərli bildirib ki, siyasi, iqtisadi və hətta mənəvi cəhətdən "Formula 1 Qran Pri” yarışlarının daha 3 il keçirilməsi qərarından sonra nazirin oğlu Təşkilat Komitəsindən istefa verməlidir. O qeyd edib ki, bu məsələdə maraq toqquşması var: "Ona görə bu yöndə iddialara son qoymaq üçün nazir, yaxud oğlu təşkilatçı kimi istefa verməlidir”.

Natiq Cəfərli

Onun fikrincə, bu, artıq böyük biabırçılıqdır: "Ümumiyyətlə, bu yarışların Azərbaycanda keçirilməsinin iqtisadiyyata, turizmə heç bir ciddi təsiri olmadı. Qonşu Gürcüstanda nə Avropa oyunları, nə İslam oyunları, nə də "Formula 1 Qran Pri” yarışları keçirilir, amma hər il 10-15 faiz turizmdə artım olur. Bu, hansısa oyunlarla yox, işin təşkil olunması ilə bağlıdır”.

Azərbaycanda "Formula 1 Qran Pri” yarışlarının keçirilməsi ilə bağlı qərar 2013-cü ildə verilib. Müqavilə 2016-2020-ci illəri əhatə edib.

İlk yarışlar 2016-cı ildə keçirilib. Bu illər ərzində tənqidçilər yarışların Azərbaycana heç bir iqtisadi xeyir gətirmədyini iddia ediblər.

Yarışlara çəkilən xərclər barədə hökumət nümayəndələri ilə tənqidçi ekspertlərin səsləndirdikləri rəqəmlər arasında daim böyük fərqlər olub.

2016-cı ildə nazir Azad Rəhimov dövlət büdcəsində yarışların təşkili üçün 100 milyon manat (o zaman üçün 60,7 milyon dollar) nəzərdə tutulduğunu bildirmişdi.