Yeni qanun təklifi, yoxsa blogerlərə qadağa?..

Yeni qanun təklifi, yoxsa blogerlərə qadağa?..

19-01-2017 14:54 / Bu xəbər 1319 dəfə oxundu

"Sosial şəbəkələrin tənzimlənməsi təşəbbüsü ciddi yanlışlardan biridir. Demokratik ölkələrin heç birində nə belə bir qanun, nə də tənzimləmə təşəbbüsü mövcuddur". 

Bunu Toplum.Tv-yə media hüququ üzrə ekspert Ələsgər Məmmədli Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşovun sosial şəbəkələrin, blogerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, praktik olaraq mümkün deyil: "Virtual mühitdə sərhəd yoxdur və virtual mühit Azərbaycan ərazisi sayılmır. Sadəcə, Azərbaycan domeni ilə qeydə alınan "AZ" domenində olan şəbəkəyə hansısa məhdudiyyət qoyula bilər. Praktikada isə az domenində sosial şəbəkə yoxdur. Ən böyük istifadəçisi olan feysbuk, tvvitter, instaqram, vatsapp, google+ com domenində qeydiyyatdadır və ABŞ qanunları ilə tənzimlənir". 
"Söhbət sosial şəbəkədəki məzmun tənzimlənməsindən və məsuliyyətindən gedirsə, burada da ciddi qüsurlu yanaşma var. Çünki qanunvericiliyə görə internetdə baş verənlər KİV-də baş vermiş sayılır. Bu, "KİV haqqında qanun"un 3-cü maddəsində göstərilib. Sosial şəbəkədəki ifadə azadlığının sərhədlərini pozan əməllər də bu gün məsuliyyət yaradır. İstər nifrətli çıxış, istər terrorizmə çağırış, istər diffamasiya qanunla yol verilməyən hallardır və buna görə Cinayət Məcəlləsində məsuliyyətlər var. 29 noyabrda Cinayət Məcələsinə 148-1 ci maddə əlavə edildi, 323-cü maddəyə yeni bənd əlavə edildi ki, bunlar da əlavə məsuliyyət yaradır və hətta legitim məqsəd daşımadan. Odur ki, "bu sahə tənzimlənmir" demək, sözün yumşaq mənasında qanunvericiliyi bilməmək, kobud mənasında isə qəsdən bilərək ifadə etməkdir", - ekspert bildirib.

Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.

"Report”un xəbərinə görə, bu təşəbbüslə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov komitənin iclasında çıxış edib.
Əflatun Amaşov ile ilgili görsel sonucu
O qeyd edib ki, bu gün dünyada blogerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib: "Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”.

Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstələyib: "Kim nə istəyirsə, onu da yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.