"Yevlax və Ağdaş evləri olsa da, Bakıya gəlib küçədə qalırlar"

30-08-2017 16:20 / Bu xəbər 1193 dəfə oxundu

Son günlər sosial şəbəkələrdə küçədə yaşayan himayəsiz uşaqlar müzakirə mövzusuna çevrilib. Bununla bağlı bir çox şəxs çağırış edib. Çağırışların əsası himayədən məhrum olub küçədə yaşayan uşaqlara hər hansı yollarla yardım edilməsidir. 

Toplum Tv problemi ekspertlərlə müzakirə edib.

"Onlar bizim sığınacağa uyğun uşaqlar deyildi”

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova xatırladır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müxtəlif rayonlarda "Günərzi” reablitasiya mərkəzləri mövcuddur: 

"Dövlətin yaratdığı sığınacaqla bağlı isə xüsusi məlumatım yoxdur. Zabrat yolunda mövcud olduğunu bilirəm. Biz onlara zəng vurduq, amma əlaqə yarada bilmədik”. 

Mehriban Zeynalova onların sığınacağına gətirilən 13 və 15 yaşlarında iki oğlan uşağı haqqında da danışıb: "Onlar bizim sığınacağa uyğun uşaqlar deyildi. Bu baxımdan onların harasa istiqamətləndirilməsi yaxşı olardı. Həmin uşaqlar əvvəl uşaq evində olub, sonra isə ordan qaçıblar. Problem orasındadır ki, onların sənədlərini tapa bilmirik. Mən Daxili İşlər Nazirliyinin saxlama mərkəzi ilə əlaqə saxladım. Onlar dedilər ki, həmin uşaqlar bizdə bir neçə dəfə olublar. Onlar da sənədləri tapa bilməyiblər”.

Belə mərkəzlərdə uşaqların saxlanılma müddətinə gəldikdə isə ekspert bildirib ki, bu, reabilitasiya proqramının müddətindən asılıdır: "Əslində reabilitasiya prossesi 3 aydır. Bu müddət ərzində hüquqi sənədlər hazır deyilsə, psixoloji cəhətdən davranış dəyişikliyinə nail olunmayıbsa, müddət 6 ay, 1 ilə qədər uzadıla bilər. Bizimki isə qadın sığınacağı olduğundan o yaş həddində olan oğlan uşaqlarını saxlaya bilmirik. Ona görə də saxlama mərkəzinə zəng vurduq. Onlar da dedilər ki, gətirin. Uşaqlarsa ora qətiyyən getmək istəmədiklərini deyirlər”.

"Bu tip uşaqların zərərli vərdişləri olur”

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan reabilitasiya mərkəzinin fəaliyyətindən xəbərsizdir: "Azərbaycan Uşaqlar Birliyi yeganə təşkilatdır ki, bu cür uşaqlar küçələrdə aşkarlandıqda oraya yönləndirilir. Bizim sığınacağımız fəaliyyət göstərir. Lakin məsələ ondadır ki, biz hamını qəbul edə bilmirik”.

AUB sədri deyir ki, bu tip uşaqların zərərli vərdişləri olur və onlar üçün qapalı tipli müəsisələr olmalıdır ki, uşaqlar həm müalicə alsın, həm də reabilitasiya olunsunlar: "Bir vaxtlar cətin tərbiyə olunan uşaqlar üçün Mərdəkanda belə bir internat məktəbi var idi. Amma təəssüflər olsun ki, bu gün həmin məktəb mövcud deyil. Qubada cinayət törədən 14 yaşdan yuxarı uşaqlar üçün qapalı müəssisə var. Lakin ora da uşaqlar ancaq cinayət törətmə faktı qeydə alınısa, yerləşdirilir”.

"Bəziləri valideynləri tərəfindən diləndirilir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin aparıcı məsləhətçisi Fərid Ədilov isə bildirib ki, uşaqların yaş və cins tərkibi ilə bağlı hər hansı statistika aparılmır: "Həmin uşaqların məcburi əməyə cəlb olunması ilə bağlı statistikanın aparılması nəzərdə tutulub. Küçədə olan uşaqlarla bağlı bizə məlumat daxil olduqda müvafiq icra hakimiyyət orqanlarına xəbər verir və ya polis müfəttişləri ilə əlaqə saxlayırıq. Küçədə qalan hər uşaq da valideyn himayəsindən məhrum deyil. Bəziləri valideynləri tərəfindən diləndirilir. Aşkarlanan uşaqların bəziləri də roman qrupuna daxil olan uşaqlardır. Onların Yevlax, Ağdaş tərəflərdə evləri olsa da, Bakıya gəlib küçədə qalırlar. Onlar bəzən öz rayonlarına da göndərilir. Bu insanlar bütün dünyada var, tək Azərbaycanda deyil. Öz adət-ənənələrinə görə bu işlə məşğul olurlar”.
 
"Yaşları çatanlar cinayət məhsuliyyətinə cəlb olunurlar"

"Valideyn himayəsindən məhrum olub küçədə yaşayan uşaqlar isə bir müddət sonra cinayətkarlıqla, oğurluqla məşğul olurlar və ya dilənçilik kimi qeyri-qanuni yollarla dolanışıqlarını təmin etməyə çalışırlar", - bunu isə Toplum.Tv-yə keçmiş polis işçisi, baş leytenant, yeniyetmələrlə iş üzrə keçmiş müfəttiş Qara Allahmanlı deyib. 

O bildirib ki, dilənçiliklə məşğul olanlar bəzən məsuliyyətə də cəlb olunurlar: "Onları uşaq himayə mərkəzlərinə verdikdə, bəzən yenə qaçırlar. Yaşları çatanlar cinayət məhsuliyyətinə cəlb olunurlar. Yaşı çatmayanlar isə çətin tərbiyə olunan uşaq müəssisələrinə təhvil verilirlər. Praktikamda belə bir hal olmayıb ki, qurumlar uşaqları qəbul etməsin. Onları tərbiyələndirmək həmin müəssisələrin vəzifəsidir. Fikrimcə, o uşaqlara qaçmaq üçün şərait yaradıldığından müəssisəni tərk edə bilirlər”.

Gülzar N. Məmmədli
Toplum.Tv