Yiyəlik hal idarə olunurmu?

Yiyəlik hal idarə olunurmu?

22-07-2019 19:06 / Bu xəbər 567 dəfə oxundu

Nabatəli Qulamoğlu

Son zamanlar qəbul imtahanlarında istifadə olunmuş testlərlə bağlı ictimai narazılığın olduğu sirr deyil. Düzdür, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  yaradıcı, novator müəllimlərə üstünlük verir. Bununla belə, nəhəng bir test sistemində hər sahəyə nəzarəti təmin etmək çətindir.Testlərdəki yanlışlıqların bir qismi də dərsliklərdə mövcud olan ziddiyyətli məqamlarla bağlıdır. Mübahisəli məsələlər sırasında sintaktik əlaqələrin xüsusi yeri vardır. Mülahizələrimiz məhz bununla bağlıdır.

Birinci növ təyini söz birləşmələrinin izahı və şagirdlərə təqdimatı ilə bağlı iradımız yoxdur. İkinci və üçüncü növ təyini söz birləşmələrindəki sintaktik əlaqələr uzun müddətdir ki, qızğın mübahisələrin predmeti olaraq qalır. İradlar həm mütəxəssislərin mövqelərindəki qeyri-sabitlik və uyğunsuzluqla, həm də mübahisəli məqamların sadə, kompakt şəkildə şagirdlərə təqdim edilməməsi ilə bağlıdır. Məhz bu qeyri-müəyyənlikdən yararlanaraq, qəbul imtahanlarında şagirdlər üçün məqbul sayıla bilməyən testlərdən istifadə edilir. Əgər dərsliklərdə həmişə vahid, sınanılmış, fundamental elmi biliklərə söykənən qrammatik qaydalar öz əksini tapsa  idi, belə testlərlə rastlaşmazdıq.

Düzdür, elm müqayisələr və fərqli yanaşmalar əsasında formalaşır. Təəssüf ki, bəzən elmi mübahisələri inadkarlıq və cəbhələşmək səviyyəsinə gətirib çıxaranlar da az deyil. Söylədiklərimi VIII sinif üçün yazılmış variativ dərsliklərin məzmununda da müşahidə etmək mümkündür. Bunlara baxmayaraq, variativ dərsliklərin hazırlanması müasir təhsilin tələbinə tam uyğundur. Bircə problem qalır: qrammatik qaydalara fərqli baxışları tədris zamanı necə nəzərə almalıyıq? 

İki yol var: ya dilçi alimlərin birgə razılığı əsasında formalaşmış qaydalar şəklində, ya da elmdə plüral baxışların qarşılıqlı təqdimatı əsasında. İkinci yol müasir təhsilin nüvəsini təşkil edir, lakin bu cür elmi biliklərin mənimsənilməsini  yoxlamaq üçün test tapşırıqlarının məzmun və formasına yenidən baxmaq lazım gəlir. Elə məsələlər də var ki, onlara fundamental elmlər müstəvisindən yanaşsaq, test istehlakçılarını çətin vəziyyətə qoymarıq. 

Variativ dərsliklərdə sintaktik əlaqələrə yanaşma iki mənbədən qaynaqlanır: Ə. Abdullayev, Y. Seyidov, A. Həsənov. Müasir Azərbaycan dili. IV hissə, (sintaksis);  Q. Kazımov. Müasir Azərbaycan dili. Sintaksis.

Y. Seyidovun həmmüəllif olduğu kitabda ikinci və üçüncü növ təyini söz birləşmələrinin komponentləri arasında qarşılıqlı tabelilik əlaqəsinin olduğu iddia edilir. Birinci halda uzlaşma (əvvəl əsas, sonra tabe söz), ikinci halda isə idarə (əvvəl asılı, sonra isə əsas söz)  götürülür (Ə. Abdullayev və b. Müasir Azərbaycan dili. Sintaksis, Bakı, 1985). Q. Kazımov isə problemə fərqli yanaşır. O, üçüncü növ təyini söz birləşmələrində qarşılıqlı əlaqələrin uzlaşma və idarədən ibarət olduğunu inkar etməsə də, ikinci növ təyini söz birləşmələrində idarə əlaqəsini qəbul etmir: "İsim hallarının hamısı idarə əlaqəsinə xidmət etmir.Adlıq hal subyekt halıdır və cümlədə adətən mübtəda vəzifəsində, yanaşma əlaqəli birləşmələrin (şüşə qab, taxta qapı)  birinci tərəfi kimi çıxış edərək təyin vəzifəsində işlənir. Qeyri- müəyyənlik  yiyəlik və təsirlik hallarında olan sözlər (uşaq paltosu, palto geymək birləşmələrinin birinci tərəfi) aid olduğu sözlə yanaşma əlaqəsində olur. Beləliklə, idarə əlaqəsində asılı tərəf dedikdə, ismin yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında olan   sözlər (...) nəzərdə tutulur. Həmin halları tələb edən sözlər idarə edən sözlərdir, əsas tərəfdir" (Q. Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2002). 

Müəllif birmənalı şəkildə  ikinci növ təyini söz birləşmələrində qarşılıqlı əlaqənin olduğunu vurğulayır, lakin bu əlaqələrin uzlaşma və yanaşmadan ibarət olduğunun fərqindədir.  Dərsliklərin monitorinqi zamanı Q. Kazımovun maraqlı bir etirafının şahidi olduq. O qeyd etdi ki, elmi bilikləri şagirdlərə daha səmərəli yollarla mənimsətmək  xatirinə bəzən qrammatik qaydalar pozulub. Vaxtilə tanınmış rus sintaksisti A. M. Peşkovski  yazırdı ki, məktəb qrammatikası həm də qeyri-elmidir (А. М. Пешковский. Школьная и научная грамматика. М. 1918, стр. 44). 

Sintaktik əlaqələrlə bağlı fikirlərimizi sübut etmək üçün, zənnimcə, aşağıda kifayət qədər arqument gətirmişik. Bununla belə, məsələnin didaktik əhəmiyyəti daha önəmlidir:

1. Dərk olunması çətinlik törədən "qarşılıqlı tabelilik" anlayışından birdəfəlik imtina edilə bilər. 
2. Söz birləşmələrini təşkil edən komponentlərin dispozisiyası  haqqında mübahisələrə son qoyular. 

Problemin  həllinə bir neçə aspektdən yanaşaq:

I. Məntiqi aspekt

Eyler nəzəriyyəsinə görə, "uzlaşma" və "idarə" uyuşmayan anlayışlardır. Deyək ki," fıstıq"  və "palıd" sözləri kimi. Bunların arasında qarşılıqlı deyil, paralel tabelililk ola bilər. Bundan ötrü isə üçüncü bir anlayış tələb edilir. Belə ki, palıd və fıstıq "ağac" anlayışında paralel tabelilikdə ola bilər. Eləcə də uzlaşma  və idarə "söz birləmələri" ifadəsində paralel tabelilik  şəklində özünü göstərə bilər. Deməli, üçüncü anlayış olmadan paralel tabelilik belə mümkün deyil. Paralel tabelilik öz növbəsində bir-birinə deyil, ikisinin paralel olaraq üçüncü anlayışa tabeliliyi anlamına gəlir.  Bunu sxematik olaraq belə göstərmək olar: böyük dairə və onun içərisində iki kiçik dairə.

II. Fəlsəfi aspekt

Qədim yunan filosofu Heraklit demişdir ki, axar suya iki dəfə girmək olmaz. O nəzərdə tutmuşdur ki, su daim axır və ikinci dəfə girəcəyin su əvvəlki deyil. Varlıqlar arasındakı münasibətlər də eynilədir. Tutaq ki, futbol komandasının məqçisi komandadan uzaqlaşmış, sonra yenidan qayıtmışdır. Artıq əvvəlki münasibətləri olduğu kimi təkrarlamaq mümkün deyil. Məhz üçüncü növ təyini söz birləşməsində də belədir: əgər biz birləşmədən uzlaşma əlaqəsi kimi istifadə ediriksə, deməli, istifadə limiti bitdi, yəni bir söz eyni məqamda həm əsas, həm də asılı söz ola bilməz. 

III. Dilin coğrafiyası baxımından

Dünyada tanınmış dillərin heç birində "qarşılıqlı tabelilik" anlayışı yoxdur.
 
İngilis dilində sintaktik əlaqələr üç üsulla yaranır:
1. Uzlaşma: this book ─ those books.
2. İdarə: to know them ─ to depend on him.
3. Yanaşma: nod his head silently.

Burada head ismi və silently zərfi heç bir flektiv göstərici olmadan nod feili ilə əlaqəyə girmişdir. Göstərilən tipik nümunələrin hər birində əlaqə birtərəflidir, yəni qarşılıqlı tabelilik əlaqəsinə rast gəlmirik.

Oxşar hallar rus dilində də müşahidə edilir:

1. Uzlaşmaya aid: девочка прочитала, моя музыка.
2. İdarə : угол комнаты, любить родину, два стола.
3. Yanaşma: сердечно поздравить, его город, быть умнее.

Birinci nümunədə прочитала  xəbəri девочка sözünə  , моя əvəzliyi   музыка sözünə şəxsə və kəmiyyətə görə tabedir. İkiqat tabelilik (← ← ) göz qabağındadır, qarşılıqlı tabelilikdən danışmaq isə absurd görünər. Hətta üçqat tabelilik (cins, hal və kəmiyyət) ola bilər, amma yenə də birtərəflidir. İkinci nümunədə də комнаты, родину, стола sözləri isim, feil və sayla idarə edilmişdir, lakin burada da tabelilik birtərəflidir. Məncə, üçüncü nümunəyə aid paralellər gətirməyə ehtiyac yoxdur.

Analoji hal fars dili üçün də xarakterikdir. Bu dildə də haqqında danışdığımız atributiv əlaqələr yanaşma vasitəsilə yaranır: kitab- e mən.

IV. Linqvistik aspekt

Söz birləşməsi dil vahididir. Bu dil vahidləri arasında da əlaqələrin olması danılmazdır. Ona görə müxtəlif dil vahidləri arasında qarşılıqlı tabelilik əlaqəsinin olub-olmadığını araşdıraq:

1. Ən kiçik dil vahidi səslərdir. Onlar da müxtəlif məqamlarda bir-biri ilə qarşılıqlı münasibətdə özünü göstərir. Belə əlaqələr kombinator və məqam dəyişikliklərinə səbəb olur. Beləliklə, səslər arasında tabelilik əlaqəsi yaranır. Bir-birindən fərqli situasiyalara baxaq. Səkkiz , doqquz sözlərini tələffüz edərkən birinci halda kar samitlər, ikinci halda isə cingiltili samitlərdən biri öz qarşılığı ilə əvəz edilir. Tabelilik əlaqəsi birtərəflidir. Biz bunu saitlərlə samitlər arasındakı münasibətdə də görürük. Deyək ki, cingiltili samitlər söz sonunda karlaşsa da, ondan sonra gələn sait qarşısında cingiltiləşir.
 
Məsələn:  papaq ─ papağın ─  papağı almaq, dörd ─ dördün ─ dörd adam. 

Bu nümunələrdə də tabeliliyin birtərəfli, yəni samit səslərin sait səslərə tabe olduğunun şahidiyik.
 
Əksini düşünmək ağla belə gəlməz:

2. Başqa bir dil vahidinə ─ hecalara nəzər salaq. Ahəng qanunu hecalar arasındakı əlaqənin ən parlaq nümunəsidir. Biz burada da sonra gələn hecanın əvvəlkinə uyğunlaşmasından danışırıq. Məsələn, deyirik ki, balanı sözündəki təsirlik hal ona görə qalın saitlə ifadə edilmişdir ki, sözün son hecasında   qalın sait (-la) iştirak edir. Yenə də birtərəfli tabelilik görürük, yəni sözün əvvəlki hecasının sonrakı hecaya tabe olması barədə düşünmək absurddur.
3. Cümlə üzvləri arasındakı əlaqədə də heç zaman qarşılıqlı tabelilik müşahidə etmirik. İkinci dərəcəli cümlə üzvləri birtərəfli qaydada ya mübtədaya, ya da xəbərə tabe olur. Eyni münasibət cümlənin baş üzvləri arasında da müşahidə olunur, yəni xəbər birtərəfli qaydada mübtədaya tabe olur, bunun əksi isə mümkün deyil. Yuxarıda söylədiyim bütün situasiyalarda  tabelilik birmənalıdır.
4. Söz birləşmələri arasında da, mübahisə predmeti olanlardan başqa, əlaqələr birtərəflidir. Birtərəfli əlaqəni həm uzlaşmada, həm idarədə, həm də yanaşmada görürük.
5. Bir-biri ilə sıx əlaqədə olan daha iki dil vahidini misal gətirək. Məlumdur ki, sadə cümlənin formalaşmasında intonasiya və predikativliyin rolu müstəsna əhəmiyyət kəsb edir. Burada da predikativlik intonasiyadan asılıdır: bitmiş intonasiya varsa, predikativlik var, yoxdursa, yoxdur. Əksini də söyləmək mümkün deyil, çünki bu proses intonasiya ilə başlayır. 
6. Mürəkkəb cümlələr kontekstindən də məsələyə yanaşanda fərqli nəticənin olacağını gözləməyə dəyməz. Mürəkkəb cümləni təşkil edən komponentlər arasında tabelilik də oxşar vektorlar şəklində, yəni birtərəfli qaydadadır. Belə cümlələrdə ya budaq cümlə birtərəfli qaydada baş cümləyə, ya iki (və daha artıq) cümlə paralel olaraq baş cümləyə, ya da budaq cümlənin komponentlərindən biri digərinə tabe olur. İstənilən mürəkkəb konstruksiyalı  cümləni araşdırsaq, eyni mənzərənin şahidi olacağıq.

Onu da qeyd edək ki, mürəkkəb cümlədə  "asılılıq" və "tabelilik"  anlayışları fərqlidir. Asılılıq dedikdə  söhbət hər iki komponentin mürəkkəb cümlənin formalaşmasında iştirakından  gedir.

7. Nəhayət, yenidən ikinci və üçüncü növ təyini söz birləşmələrinin üzərinə qayıdaq. Nəticə olaraq qeyd etməliyik ki, ikinci və üçüncü növ təyini söz birləmələrində yiyəlik hal şəkilçisinin mövcudluğunu inkar etmək olmaz. Eyni zamanda mütəxəssislərin inadla üzərində dayandığı yeganə əks-arqument budur: yiyəlik hal varsa, deməli, söz idarə olunur, lakin məsələyə funksional müstəvidən yanaşdıqda aydın olur ki, məlum birləşmələrdə yiyəlik hal idarə olunmaq üçün deyil, başqa sözü özünə tabe etmək məqsədilə işlədilir. İdarəetmə qabiliyyətinin əsasən feillərə aid olduğunu bilirik, amma digər nitq hissələri də qismən belə  xüsusiyyətə malikdir: dosta hörmət, əlində qılınc, ağıldan iti. 

Qeyd etmək lazımdır ki, göstərilən nümunələrdə də son olaraq feilin təsiri hiss edilir. Məsələn: dosta hörmət etmək, əlində qılınc dayanmaq, daşdan divar hörmək və s. Onda sual yaranır: necə olur ki, feillər ismin digər hallarını idarə etdiyi təqdirdə, adlıq və yiyəlik halları idarə idarə edə bilmir? Göstərilən nümunələrin hər birində idarə edən sözü ayırıb, digər cümlədə müstəqil şəkildə işlətmək çox asandır. Məsələn:

Dosta güzəşt edərlər.
Əlində kitab var idi.
Daşdan səs çıxmadı.
Dünyada ağıldan qiymətli nə var ki?

Feillərin yiyəlik halı idarə etməsi mümkün deyil ─ bu bir. Digər nitq hissələrinin isə yiyəlik halda idarə etdiyi sözü ayırıb müstəqil işlətmək olmur. O söz yalnız əlaqədə olduğu sözlə birlikdə idarə oluna bilər.

Beləliklə, ikinci və üçüncü növ təyini söz birləşmələrinin birinci tərəfindəki yiyəlik hal şəkilçisi formaldır və onu idarə əlaqəsinin göstəricisi kimi əsaslandırmaq düzgün deyil. Bu da o deməkdir ki, ikinci və üçüncü növ təyini söz birləmələrinin komponentləri arasında uzlaşmadan başqa, heç bir əlaqə növü yoxdur. Dilçilər həmişə belə formal hadisələrin olduğunu nəzərə almış və dil hadisələrinə mahiyyət baxımından yanaşmışlar. Nümunələr gətirməyə ehtiyac duymuram.

Vaxtilə akademik M. Şirəliyev, professor Z. Budaqova  kimi tanınmış dilçilər bu məsələnin problematik olduğunu  "biz hesab edirik" kimi sözlərlə ifadə etmişlər (Грамматика Азербайджанского языка, Баку, 1971, стр. 222).

"Elmi əsərlər" jurnalında  (2013, № 4) dərc edilmişdir.
 
Arqument.az