Yüksək ehtiyatlılıq tələb edən zona

Yüksək ehtiyatlılıq tələb edən zona

15-01-2018 12:55 / Bu xəbər 1850 dəfə oxundu

ABŞ Dövlət Departamenti yanvarın 10-da Amerika vətəndaşları üçün dünya ölkələrinə səfərlərin təhlükəsizliyi ilə bağlı yeni tövsiyələr dərc edib. 

Sənəddə bütün dövlətlər dörd kateqoriyaya ayrılıb: 1. Normal ehtiyat tədbirləri, 2. Yüksək ehtiyatlılıq , 3. Səfər qərarına yenidən baxılsın, 4. Səfər edilməsin.

Azərbaycan ikinci qrupa düşüb. Yüksək ehtiyatlılıq tələb edən bu ölkələr kateqoriyasına terror aktları təhlükəsi ilə əlaqədar bir çox Qərbi Avropa dövlətləri, o cümlədən Almaniya, Böyük Britaniya və Fransa da daxil olub. Ukrayna da "cinayətkarlıq və iğtişaşlarla" əlaqədar buraya aid edilib. İkinci qrupa Braziliya, Hindistan, Çin, Səudiyyə Ərəbistanı və digər dövlətlər də daxil edilib.

Dövlət qurumlarının vətəndaşlarına ayrı-ayrı ölkələrə və ya ölkələr qrupuna planlaşdırılan səfərləri ilə əlaqədar xəbərdarlıqları və ya tövsiyələri təkcə ABŞ deyil, bir sıra digər ölkələr üçün də adi praktikadır. Məqsəd səyahətçilərə konkret səfər yeri haqqında əsaslandırılmış qərar vermək imkanı yaratmaqdan və onların səfərləri zamanı qarşılaşa biləcəkləri hallara lazımi şəkildə hazırlaşmasına kömək etməkdən ibarətdir. Birləşmiş Ştatlarda səfərlər haqqında xəbərdarlıqlar Dövlət Departamenti tərəfindən verilir.

Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Honkonq, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Malta, Meksika, Nideland, Yeni Zelandiya, Norveç, Polşa, Rumıniya, Sinqapur, Slovakiya, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Tayvan, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ştatlar müntəzəm olaraq öz vətəndaşlarına səfər haqqında xəbərdarlıq dərc edir.

Azərbaycanda Dövlət Departamentinin yüksək dərəcədə ehtiyatlı olmaq çağırışı terror riski, bəzi rayonlarda isə yüksək risklə əlaqələndirilir. "Terrorçu qruplar Azərbaycanda mümkün hücumlar planlaşdırmağa davam edirlər. Terrorçular turizm yerlərinə, nəqliyyat qovşaqlarına, bazarlara/ticarət mərkəzlərinə, yerli özünüidarə obyektlərinə, mehmanxanalara, klublara, restoranlara, dini ayinlərin həyata keçirildiyi yerlərə, parklara, böyük idman və mədəniyyət tədbirlərinə, təhsil müəssisələrinə, aeroportlara və digər ictimai yerlərə kiçik xəbərdarlıqla və ya xəbərdarlıq etmədən hücum edə bilərlər", deyə potensial səyahətçilər üçün tövsiyələrdə bildirilir.

Azərbaycan XİN kifayət qədər təmkinli tonla ölkənin Dövlət Departameninin Amerika vətəndaşlarına təhlükəsizlik təhdidi ilə əlaqədar səfər etməməyi tövsiyə etdiyi dövlətlər arasına salınmasına təəccübünü ifadə edib. "Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilər istisna olmaqla, Azərbaycan hökuməti təhlükəsizliyi tam şəkildə təmin edir və operativ şəraitə nəzarət edir", deyə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

Hökumətyönlü KİV-lərin və hökumət xadimlərinin narazılığı o qədər də təmkinli deyildi, onlar 2017-ci ildə Amerikanı sarsıdan terror aktları seriyasına istinad ediblər. Bu reaksiyanı səmimi reaksiya kimi qəbul etmək olardı, amma o, rəsmi Bakının lazımi dəstəyini almadı. Məlum olduğu kimi, Azərbaycan XİN vətəndaşlarına ABŞ-a səfərlərdən çəkinmək tövsiyəsi yaymayıb. Buradan belə bir məntiq çıxır ki, rəsmi Bakı ABŞ-ı öz vətəndaşları üçün yüksək təhlükəli ərazi kimi görmür.

2017-ci il. Terror təhlükələri

2017-ci ildə Azərbaycanda terrorizm təhlükəsi və ona qarşı mübarizə mövzularının tez-tez yad edilməsi nəzərə çarpıb. Bu mövzu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana iki səfəri (10-11 aprel və 29-30 sentyabr) zamanı müzakirə olunub. O, Azərbaycan tərəfi ilə bu sahədə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib. Rusiya xüsusi xidmətləri belə bir nəticəyə gəlib ki, Rusiyanın Suriyada hərbi əməliyyatlarına cavab olaraq İŞİD öz fəaliyyət formatını dəyişdirir və praktiki olaraq dünyanın müxtəlif hissələrində, o cümlədən Rusiyada mövcudluğunu artırmaq və onun ərazisində intiqam aksiyaları keçirmək planını həyata keçirməyə başlayıb. İŞİD sıralarında 3,5 min Rusiya və 900-ə yaxın Azərbaycan vətəndaşı döyüşüb və döyüşür, onların bir hissəsi həlak olub, təxminən 85 nəfər vətənə qayıtdıqdan sonra həbs edilib. Hər iki tərəf artıq öz ərazilərində qismən keçmiş İŞİD əsgərləri və tərəfdarları ilə bağlı problemlə qarşılaşıblar, həm də Moskva hesab edir ki, Azərbaycandan Rusiyaya qayıdan, ilk növbədə Şimali Qafqazlı döyüşçülər üçün tranzit dəhlizi kimi istifadə oluna bilər. Təsadüfi deyil ki, 2017-ci ildə Kreml sakit olmayan Dağıstanda qruplaşmanı gücləndirmək və öz müavini general Vladimir Vasilyevi oraya göndərmək məcburiyyətində qalıb. Şimali Qafqazda döyüşçülərin lokallaşdırılması, məhv edilməsi və ya əsir götürülməsi haqqında məlumat xəbərlərdə tez-tez yer alırdı.

Müxtəlif görüşlər, potensial terrorçuların məhv edilməsi və saxlanılması üzrə tədbirlər, əməliyyatlar İŞİD sindromunun ciddiliyinə dəlalət edir.

Martın 5-də prezident İlham Əliyevin Tehrana səfəri zamanı İran prezidenti Ruhani bildirib ki, "İran və Azərbaycanın regional problemlərə çox yaxın baxışları var və hər iki ölkə terrorizmə region üçün ciddi təhlükə təşkil edən vəhabiliyin və sələfiliyin törəməsi kimi baxır. Biz ikimiz də hesab edirik ki, regionda terrorizm ideyalarına və təfəkkürünə həmişəlik son qoyulmalıdır".

29 may - 4 iyun tarixlərində Azərbaycanın Rusiya ilə sərhədə yaxın şimal rayonlarında Daxili İşlər Nazirliyi transmilli mütəşəkkil cinayətkar qrupların və terror təşkilatlarının üzvlərinin zərərsizləşdirilməsi, silahların, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, habelə digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə vəsaitlərinin və maddi vəsaitlərin daxil olduğu kanalların müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə "Sərhəd-qalxan" əməliyyatı həyata keçirilib.

Oktbayrın 5-də Bakıda MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik orqanlarının, xüsusi xidmətlərinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin VII regional ekspert müşavirəsi və MDB iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzi nəzdində Elmi-Məşvərət Şurasının plenar iclası keçirilib.

Oktyabrın 12-də ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper Müdafiə Nazirliyində, XİN-də, Sərhəd Xidmətində və Prezident Administrasiyasında görüşlərdən sonra bildirib ki, ABŞ-ın Azərbaycanla münasibətlərinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Bakıda səfərdədir. Bu zaman o, terrorizmə qarşı qlobal mübarizədə Bakının rolunu qeyd edib.

Noyabrın 22-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib. Görüş iştirakçıları MDB məkanında radikal dini qruplaşmaların yayılmasının qarşısının alınması kimi məsələləri müzakirə ediblər. Beynəlxalq terrorizmə qarşı mübarizənin müxtəlif aspektləri də diqqət mərkəzində olub.

Xüsusi əməliyyatlar

Yanvarın 31-də Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) silahlı müqavimət göstərən terrorizmdə şübhəli bilinən dörd dini radikalın məhv edildiyini və bir nəfərin saxlanıldığını bildirib. DTX-nin məlumatına görə, xarici terror qrupları ilə əlaqəsi olan dini ekstremistlərdən ibarət qrup ölkənin müxtəlif yerlərində partlayıcı maddələrdən və müxtəlif növ silahlardan istifadə ilə terror aktları hazırlayır.

Yanvarın 26-da DTX-nin əməliyyatı zamanı silahlı müqavimət göstərən, dini ekstremizmdə şübhəli bilinən Azərbaycan vətəndaşı öldürülüb.

Avqustun 27-də DTX terrorizmdə şübhəli bilinən, silahlı münaqişələrdə iştirak etmiş və ölkə hüdudlarından kənarda terror aktları törətmiş Azərbaycan vətəndaşının məhv edildiyini bildirib.

Oktyabrın 25-də Azərbaycan DTX Lökbatan qəsəbəsində xüsusi əməliyyat zamanı xaricdə terror təşkilatlarından birinə and içmiş və oktyabrın 28-də müxalifətin Bakıda keçirəcəyi mitinqdə terror aktı hazırlayan üç şəxsin məhv edildiyi barədə məlumat yayıb.

Oktyabrın 27-də MDB terrorizmdə şübhəli bilinən dörd nəfərin saxlanıldığını bildirib. Onlar Suriya və İraq ərazisində dini ekstremizm zəminində təlimlərdə və döyüş əməliyyatlarında iştirak etməkdə ittiham olunur.

2016-cı ilin payızı

Dekabrın 1-də Bakı ətrafında "Binə" ticarət mərkəzində DTX şəhid kəməri vasitəsilə terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi məhv edib.

Noyabrın 25-də Rusiya ilə sərhədə yaxın Düztahiroba kəndində DTX-nin xüsusi əməliyyatı nəticəsində bir döyüşçü məhv edilib.

Oktyabrın 26-27-də xüsusi əməliyyat zamanı iki terrorçu öldürülüb, biri saxlanılıb.

Ekstremizm təhlükə olaraq qalmaqdadır

İlin hadisələri radikal qrupların Azərbaycana qarşı diqqətinin artdığını göstərir. Və onun yox olması ehtmalı çox kiçikdir. İqtisadi böhran, sosial gərginlik və bərabərsizlik, ədalətsiz idarəetmə, azadlıqların boğulması və əlbəttə ki, Azərbaycanın zəifləməsində maraqlı olan beynəlxalq qüvvələr onları fəallaşdıra bilər. Azərbaycanda regional terrorizmə qarşı mübarizənin həmişə aparılması, amma, hadisələrdən göründüyü kimi, 2015-ci ildə start götürmüş və dövlətin iqtisadi cəhətdən zəifləməsinə və imicinin də zəifləməsinə gətirib çıxarmış böhran dövründə radikalizmin xeyli güclənməsi faktı bu tezisi gücləndirir.

Dövlət Departamentinin son tövsiyələrinə Azərbaycana qarşı hansısa tədbirlər planlaşdıran dairələrə və qruplara preventiv xəbərdarlıq kimi də baxmaq olar. "Terror qrupları Azərbaycanda mümkün hücumları planlaşdırmağa davam edir" ifadəsi ABŞ-ın bununla bağlı hansısa məlumata malik olduğunu və Azərbaycanla qarşılıqlı əlaqədə olduğunu göstərir. Ötən il iyulun 20-də Dövlət Departamenti terrorizmə qarşı mübarizə haqqında ölkələr üzrə məruzə dərc edib. Sənəddə Azərbaycan və ABŞ-ın bu istiqamətdə əməkdaşlığına yüksək qiymət verilib. Məruzədə qeyd edilirdi ki, "Azərbaycan Birləşmiş Ştatlarla sıx anti-terror əməkdaşlığını davam etdirir və Qafqaz regionu vasitəsilə insan, pul və maddi vəsait keçirməyə çalışan terror təşkilatlarına qarşı fəal şəkildə mübarizə aparır".

Bu mənada, burada böyük maraqlı olan ABŞ-ın narahatlığı əsassız deyil, yeri gəlmişkən, elə Rusiyanın da...

Turan Analitik Xidməti