Yol etiqada çevrilməyəndə...

Yol etiqada çevrilməyəndə...

28-11-2018 14:38 / Bu xəbər 1254 dəfə oxundu

Yalçın İmanov 

Hakimiyyət, hər dəfə hər hansı bir sahəni çırtmayla vurub aşıranda, yaxud çeçələ barmağı ilə götürüb yolunun üstündən bir kənara tullayanda, həmin sahənin, həmin sahənin adamlarının əsl mahiyyəti və dəyər-qiyməti üzə çıxır. 

Başqa sözlə desək, daxili məzmunun keyfiyyət göstəricisi, yaxud çırtmaya və ya çeçələ barmağına müqavimət gücünün şkalası!

Necə deyərlər, vəzndə yüngül, qiymətdə ağır və yaxud da tərsinə, qiymətdə yüngül, çəkidə ağır!

Son 4-5 ildə cərəyan edən ictimai-siyasi hadisələrin ana xətti dönmədən bunu təsdiqləyir, təkrar-təkrar bu mövzuya qayıtmağa təhrik edir.

Hakimiyyətin hər basqısı, hər təmizləməsi, bu basqı və təmizləmənin yaratadığı ağır nəticələrdən daha çox, onun üzə çıxardığı problemləri yada salır, yenidən aktuallaşdırır.

İctimai müqavimət olmayanda və yaxud çox zəif olanda, böyük mənəvi düşkünlük mərhələsi başlayır. Yəqin elə bu səbəbdəndir ki, indi danışdırılanların səsi dərin sükuta qərq olanların "çığırqan” səssizliyinə qarışıb, daxili vəhdət yaradır.

Bu məzəli, paradoksal harmoniyanı pozansa əksər hallarda sərt hücumlardan, bir sıra hallarda xırda, ufaq həmlələrdən, bəzənsə, ümumiyyətlə, heç nədən sınanların, sındırılanların xəfif xırçıltılarıdır.

Sınmışlıq elə bir zibil, axmaq şeydir ki, onu hətta görmədən də, bilmədən də duymaq, hiss eləmək olur. O, sanki daxili energetika yolu ilə yayılır, agah olur, gəlib çatır.

Məsələn, günlərin bir günü lap səhər tezdən, güzgünün qabağında durub, yuxulu üzünə soyuq su çırpanda, qəfildən, heç bir məntiqi əlaqə olmadan dünən söhbətləşdiyin hansısa adamın qaçan gözləri yadına düşür və həmin anda anlayırsan ki, bu qaçan gözlərin titrinə həkk olunmuş "o ifadə” onu gizlincə ələ verib.

Hərçənd, bu mənəvi düşkünlüyü bir xeyli dada-duza gətirən, rəng qatıb, adamı darıxmağa qoymayan yaltaqlıq, yarınmaq və bu istiqamətdə təklif edilən keyfiyyətli xidmət nümunələri də süsləyir.

Aydındır ki, yaltaqlıq, yaltaqlıq edənin yaltaqlıq etdiyindən nəsə istəmək, nəsə ummaq cəhdi, yaxud əldə etdiklərini qoruyub, saxlamaq fəaliyyətidir. Yəni, umacaqlıq, istəməklik sənəti. Bunu hər iki tərəf, yaltaqlıq edən də, yaltaqlıq olunan da anlayır, başa düşür. Yaltaqlığı daha çox intimlikdən, iki nəfərin işindən çıxarıb, ona ictimai məzmun, publik əyin-baş vermənin də əsl səbəbi elə budur. Yoxsa ki, iki kişinin hamının gözü önündə mazaqlaşmasının başqa hansı ciddi səbəbləri ola bilər ki? Yoxsa ki, bir ölərinin başqa bir öləriyə əndazəsiz təriflər söyləməsi, mədhiyyə həsr eləməsi niyə bu qədər qıcıq və qınaq doğursun ki?

Danışdırılanlar, öz xidmətlərini təklif edənlər, susanlar və ufaq həmləciklərdən sındırılanlar və ya heç nədən özü sınanlar fonunda gəlinən əqli nəticələr bunlardır:

Getdiyin yol etiqada çevrilməyəndə belə olur! Ağlınıza başqa şey gəlməsin, mən burda bəşəri etiqadı nəzərdə tuturam.

Məşğul olduğun sahə, peşə, fəaliyyət növü yalnız faydalanmaq və dolanışıq mənbəyinə çevriləndə və ya istisnasız olaraq bu məqsədi güdəndə, hədəfləyəndə indiki axmaq mənzərə yaranır!

Taleyin hansısa səhv oyunu nəticəsində vurub sıralarına atdığı, ancaq daxilən, qəlbən inanmadığın dəyərlərin səfində yer alıb, gün uvadanda, tüfeyli həyat tərzi qaçılmaz olur!

Kollektiv beyin və komanda müdafiəsi əvəzinə, fərdi gəlir-çıxarların dəqiq uçotu və haqq-hesabı aparılanda, yaşadığımız mühit peyda olur!

Bu, təbii ki, təftiş və nəyisə sonalamaq deyil, bir az gülməli, bir az dramatik, bir az qarışıq, bir az bulaşıq Azərbaycan gerçəklikləridir.

Danışdırılanların səsi, susanların səssizliyinə, sınanların xırçıltısı, adam içində göz-qaş edib, him-cimləşənlərin anlaşmasına, keyfiyyətli yaltaqlıq xidmətləri təklif edib, əvəzində nəsə umanların, istəyənlərin qapışmasına qoşulur və sonda bütün bu sükut, xırçıltı və hay-küy hardasa ortaq bir nöqtədə birləşib, mənəvi xaosa çevrilir.

Bizim cəmiyyət sağalması uzun illər tələb edən ictimai çapıqlarla doludur!...

Meydan TV