Yol terroruna “yox” deyək! - Oqtay Gülalıyev

Yol terroruna “yox” deyək! - Oqtay Gülalıyev

28-07-2017 15:36 / Bu xəbər 1624 dəfə oxundu

Oqtay Gülalıyev
Hüquq müdafiəçisi

"Kür” Vətəndaş Cəmiyyətinin fəallarından olmuş, hazırda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan Lazım Umudovun oğlu İlkin Mirzəağazadə ötən ay keçirdiyi avto- qəza nəticəsində 1 aydır ki, koma vəziyyətindədir. Dünən Sabunçu rayon Xəstəxanasına növbəti dəfə baş çəkib xəstəyə Allahdan şəfa dilədik.

Hadisə iyun ayının 28-də Saatlı rayonunun Dəllər kəndində baş verib. Şahidlərin və xəstənin yaxınlarının dediyinə görə avto- qəzaya səbəb qarşıdan gələn "Mersedes” markalı maşının yüksək surətlə hərəkət etməsi və idarəetməni itirməsi olub. 

Bildirilir ki, 140- 150 km/saat surətlə hərəkət edən "Mersedes” İlkinin əyləşdiyi VAZ 2106 markalı taksinin yoluna çıxaraq surətlə ona çırpılır. İlkin ağır kəllə-beyin tramvası alıb. Hazırda vəziyyəti ağır durumdadır...

Bu qəzadan dolayı bəzi qeydlərimi bildirmək qərarına gəldim. Sual yaranır; Niyə ölkədaxili yollarda tez- tez ağır yol nəqliyyat hadisələri baş verir?

Rəsmi məlumatlara görə, təkcə ötən il ölkədə 2006 Yol Nəqliyyat Hadisəsi baş verib, onların nətiəsində 759 nəfər həlak olub, 2003 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə, son 28 ildə (1988-2016-cı illər) 73813 qəza qeydə alınıb, bu qəzalar nəticəsində 26 183 nəfər həlak olub, 81 873 nəfər xəsarət alıb. Bu çox ağır və böyük rəqəmdir. Qarabağ savaşında itirdiyimiz insanların sayından az deyil.

Qayıdaq sualın cavabına. Apardığımız araşdırmalar göstərir ki, ağır yol qəzalarının baş vermə səbəblərinə aşağıdakılar daxildir;

1. Bir çox sürücülərin yol hərəkət qaydaları haqqında bilgiləri, təcrübələri və sürücülük mədəniyyəti yetərli səviyyədə deyil. Bunun çox aydın və sadə səbəbi var. Bir ölkədəki sürücülk vəsiqəsi nəqliyyatı idarə edənlərin biliyinə və təcrübəsinə görə deyil, cibinə uyğun müəyyənləşir belə qəzaların olması qaçılmazdır. Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün nə oxumaq, nə çalışmaq, nə də ki, bu sahədə bilik və vərdişlər toplamağa ehtiyac yoxdur. 800- 1000 manatının olması yetərlidir.

2. Yol hərəkət qaydalarının pozulmasına görə tətbiq olunan (inzibati və cinayət işi) cəzaları qanunlara və ədalət prinsipinə deyil, daha çox yol polis əməkdaşı və müstəntiqlərlə razılaşmaya uyğun həyata keçirilir. Aidiyyatı qurumların tətbiq etdikləri inzibati müdaxilələr yol hərəkət qaydalarının təkmilləşmələrinə deyil, sürücülərdən daha çox pul qopartmağa hesabalanır.

3. Yol hərəkəti qaydalarına sürücülərin əməl etməsi üçün lazımi metodlar təkmil deyil, yol nişanları, idarə etmə prinsipləri ya yoxdur, ya da bərbad vəziyyətdədir. Lazım Umudovun övladının başına gələn avto- qəzanın gerçəkləşdiyi Saatlı rayonu Dəllər kəndində də nizamlayıcı yol nişanları yoxdur. Bir çox qəsəbə (məsələn, Kürdəxanı qəsəbəsində) və kənd yollarında da oxşar vəziyyətdir. Buna görə həmin yollarda çoxlu sayda qəzalar baş verir. İnsanlar ağır xəsarət alır və bir çox hallarda həyatlarını itirirlər. Yol hərəkəti qaydalarının tez- tez pozulmasının digər səbəbləri də var.

Təəssüflə qeyd etmək lazımdır ki, Lazım Umudovun övladı- İlkin Mirzəağazadənin 29 gündür komada olmasına səbəb olan bu hadisənin baş verməsinə və onun ağır nəticələrinə yuxarıda qeyd etdiyimiz hər üç səbəb öz əksinin tapıb. Yaşayış məntəqəsində 140-150 km/saatla nəqliyyat idarə etmək görəsən hansı biliyin və mədəniyyətin məhsuludur? Görəsən həmin şəxs sürücülük vəsiqəsini necə alıb?

Lazım Umudov bildirir ki, Sabunçu xəstəxanasının həkim presonalı xəstənin həyata qaytarılması üçün əllərindən gələni etmələrinə baxmayaraq avto- qəzanı araşdıran Saatlı rayon polis şöbəsi işə bir tərəfli, başdan sovdu yanaşır. Baş vermiş hadisəni ört- basdır etməyə, qəzanı törədən şəxsi himayə etməyə çalışır…

İlkinin komadan ayılıb həyata qayıtması üçün dualar edirik. Amma eyni zamanda istəyirik ki, baş vermiş bu tip hadisələr son olsun. Bunun üçün yuxarıda qeyd edildiyi kimi Yol hərəkət qaydalarının təkmilləşməli, sürücülərin bilik və bacarıqları artırılmalı, bu sahədə olan korrupsiya halları aradan qaldırılmalı, inzibati və cinayət işi əsasında tətbiq olunan cəzalar ədalətli təyin edilməlidir.

Yol qəzalarında həlak olanların sayı Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan həmvətənlərimizin sayından az deyil. Bütün cəmiyyət, dövlət bir yerdə yol terroruna "yox” deməlidir. Gəlin, ikinci "Qarabağ itkiləri"nin genişlənməsinə yol verməyək!

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.