''Yollar bərbad, su yox, pis vəziyyətdə yaşayırıq''

''Yollar bərbad, su yox, pis vəziyyətdə yaşayırıq''

16-07-2018 16:16 / Bu xəbər 2123 dəfə oxundu

Kənd sakinləri: ''Yayın istisində yuyunmağa bir vedrə su tapmırıq''

Ucar rayonunun Qazyan kəndinin Zərbəçi və Bilağani yaşayış massivinin sakinlərinin şikayəti var. Onlar yaşadıqları ərazidə normal yolların və suyun olmadığını deyirlər.

Sakinlərdən Şahin Həsənov 2-ci qrup əlilliyi olduğunu söyləyir. Deyir, gedib kənardan su gətirə bilmir. Yayın istisində yuyunmağa bir vedrə su tapmırlar:

"Bütün ailə pis vəziyyətdəyik. Qapıdakı meyvə ağacları, bostanımız quruyub gedir. Su yoxdur. Yollar desən, ayrı dərddir. Ancaq məktəbin, bağçanın kənarını asfaltlayırlar, evlərimizə gedən yollar bərbad vəziyyətdə qalır. Bir-iki damcı yağış yağan kimi biyabırçılıq olur”.

"Su olmadığından əkinlərimiz yanır"

Kənd sakini Ziyafət Həsənova deyir ki, yol və suyun olmamasından nə az, nə çox, 300 nəfər əziyyət çəkir:

"95 evdir. Heç birinə bir damcı su gəlmir. Bu tərəflərdə normal iş-güc də yoxdur. Dolanışığımız həyətdə əkdiyimiz meyvə-tərəvəzdən çıxır. Su olmadığından onların da hamısı quruyub, batır. Kəndliyik, ancaq meyvə-tərəvəzi bazardan alırıq”.

"Xəstəxanaya, şəhər mərkəzinə gedib-gəlmək zülmdür"

Sakinlər problemləri ilə bağlı indiyədək prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və daha dörd nazirliyə məktubla müraciət etdiklərini deyirlər. Sakinlərdən Ağabala Nəcəfov deyir ki, məktublarının çatması ilə bağlı xəbərnamə də alıblar. Ancaq hələlik, dərdlərinə çarə tapan olmayıb:

"Zərbəçi və Bilağani yaşayış ərazisinin yolunun ümumi uzunluğu üç kilometrdir. Bu, nə olan şeydir ki, illərdir biz əziyyət çəkirik, düzəltmirlər? Həmin yol axırıncı dəfə Sovetlər dönəmində, 1987-ci ildə təmir edilib. Hazırda tamamilə dağılıb, yararsız vəziyyətə düşüb. Nəticədə uşaqlarımız məktəbə gedə bilmir, qoca, xəstə insanlar əziyyət çəkirlər. Xəstəxanaya, şəhər mərkəzinə gedib-gəlmək zülmdür”.

"Əraziyə içməli və əkin suyunun çəkilməsi böyük xərc istəmir"

Sakinlər bildirirlər ki, hazırda Ucar rayonunun Qazyan kənd ərazisində bir neçə yaşayış massivinin yolunun təmiri başlayıb. Onlar təmir başlamışkən, yaşadıqları əraziyə də baxılmasını istəyirlər:

"Yaxınlıqda təmir işləri gedir. Texnika, işçi qüvvəsi gəlmişkən, bizim yolu da təmir etsinlər. Üç kilometrlik yol nədir ki? Məncə, istəsələr, həll edərlər”, - sakinlərdən Şahin Həsənov belə deyir.

Bildirir ki, yayın istisində bu qədər əhalinin susuz qalmasına da bir əncam çəkməlidirlər:

"Kənd yeridir. Dolanışıq əkindən, torpaqdan çıxır. Su olmadığı üçün təsərrüfatımız məhv olub. İnsanlar içməli suya görə əziyyət çəkirlər. Bu barədə Ucar rayon Suvarma Sistemləri İdarəsinə etdiyimiz şikayət yerində araşdırılsa da, heç bir tədbir görülmədi. Baxmayaraq ki, əkinimizi sulamaq üçün böyük bir çay bizim yaşadığımız ərazinin yaxınlığından keçir. Həmçinin artezian su boruları bizim yaşadığımız əraziyə qədər çəkilib. Yəni Qazyan kəndinin Zərbəçi və Bilağanı deyilən yaşayış ərazisində içməli suyun və əkin suyunun tətbiq edilməsi, çəkilməsi böyük xərc istəmir”.

"Yaşayışımızı gözləri ilə görənlər dəhşətə gəlirlər"

Ş.Həsənov deyir ki, problem məsul, vəzifəli şəxslərin bu işləri görmək istəməməsindədir:

"Qazyan bələdiyyəsi də, kənd icra nümayəndəliyi də bu ciddi problemlərimizin aradan qaldırılması üçün heç bir tədbir görmək istəmir. Məsələni müvafiq orqanların qarşısında qaldırmırlar. Halbuki, bilməlidirlər, insanların məskunlaşdığı hər bir yaşayış yerinə ilk olaraq yol və su çəkilməlidir. Bunlar olmayanda, həmin yeri yaşayış ərazisi adlandırmaq çətindir. Hansı ki, bunların hər ikisi biz 95 ailənin yaşadığı Ucar rayonunun Qazyan kəndində yerləşən Zərbəçi və Bilağanı deyilən ərazisində yoxdur. Ağaclarımız, əkinlərimiz tamamilə quruyub məhv olub. Bizim yaşayışımızı gəlib gözləri ilə görənlər dəhşətə gəlirlər. Müasir dövrdə belə yaşayış massivinin olması biabırçılıq və qəbuledilməzdir”.

Sakinlər prezident İlham Əliyevə müraciət edirlər. Deyirlər ki, şikayətlərinin araşdırılması üçün aidiyyatı qurumlara göstəriş versin: "Tapşırın ki, həmin məmurlar gəlib yazdıqlarımızı, yaşayışımızı, şəraitimizi gözləri ilə görüb, təcili tədbirlər görsünlər”.

"Layihədə hər kəsin evinə su çəkilməsi nəzərdə tutulmayıb"

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Sənədlərlə və vətəndaşların müraciətləri ilə bağlı iş şöbəsindən bildiriblər ki, kəndə artezian suları çəkilib:

"Həmin su xətləri kəndin əsas istiqamətində aparılıb. Ancaq döngələrə aparmaq mümkün deyil. Həmin Zərbəçi və Bilağani adlanan ərazilər də kəndin bir qoludur, ancaq mərkəzi deyil. Layihə bu cür təsdiq edilib. Layihədə hər kəsin evinə su çəkilməsi nəzərdə tutulmayıb. Belə olan halda bizim əlimizdən nəsə gəlmir. Artezian suyu həmin kəndin düz aşağısına qədər gedib çıxıb”.

O ki qaldı kənd sakinlərinin yol probleminə, icra hakimiyyətindən bildiriblər ki, kəndə 64 kilometrlik yeni yol çəkilir:

"Hazırda iş gedir. Həmin kəndə gedən yol çox bərbad vəziyyətdə idi. Xeyli hissəsi asfaltlanıb, hazırdır. İndi M.Ə.Rəsulzadə küçəsinə yol çəkilir. Zamanla heç bir kəndin yol problemi qalmayacaq. Həmin Zərbəçi və Bilağaniyə gedən yolda da problem ola bilər. Bu dəfə olmasa da, növbəti illərdə onlar da bərpa ediləcək”.

Ucar rayon Suvarma Sistemləri İdarəsindən isə həmin ərazidə su ilə bağlı şikayət aldıqlarını təsdiqləyiblər:

"Onlar yaşadıqları yerin yaxınlığına su istəyirlər. Bu, bizim idarənin həll edə biləcəyi problem deyil. Ümumilikdə Qazyan kəndinə artezian çəkilib. Ancaq su xətləri hər məhəlləyə, evə qədər aparılmayıb. Layihədə necə nəzərdə tutulubsa, elədir. Biz ərziyə baxış keçirmişik, yuxarılara məruzə edəcəyik. Yəqin problemin həlli istiqamətində addımlar atılacaq”.