Yumurta bəhanəsi

Yumurta bəhanəsi

02-01-2018 22:18 / Bu xəbər 786 dəfə oxundu

Alya Yaqublu 

İranda yumurtanın 2 dəfə bahalaşması xalqın səbr kasasını dolduran son damlaydımı? 

Yəni insanlar ona görəmi belə həvəslə küçələrə çıxdılar ki, beynəlxalq sanksiyalar və neftin ucuzlaşması nəticəsində ölkənin iqtisadi durumu artıq dözülməyəcək dərəcədə pisləşib?

Ərzaq bahalaşması hər nə qədər çaxnaşma üçün ciddi faktor olsa da, 2017-nin göstəriciləri İran iqtisadiyyatının 2016-yla müqayisədə inkişaf elədiyini göstərir. Məsələn, ÜDM 4,5% artıb (adambaşına 5252 dollar), inflyasiya 4% azalıb (hazırda 8% - son 25 ilin ən aşağı göstəricisi), Türkiyə və İraqla müqayisədə işsizlik 4-8% azdı (8-10% arası).
 
Demək ki, bahalaşma etiraz aksiyalarının əsas səbəbi yox, bəhanəsidi. Bu bəhanədən ilk olaraq islahatçı Ruhaniyə qarşı olan konservatorların istifadə etdiyi, amma sonrakı təşəbbüslərin antiklerikallara aid olduğu deyilir. 

İnformasiya çıxışının əngəlləndiyi, instaqramın və teleqram kanalının (İranda ən populyar paylaşım şəbəkələrinin) bağlandığı ölkədə bu gün tam olaraq hansı proseslərin getdiyi aksiyalarda səsləndirilən şüarlar kimi məhdud məlumat bazasına əsasən təxmin edilir. 

Yeri gəlmişkən, bu məlumatlardan biri də odu ki, ictimaiyyətə prezident Ruhaninin dekabrın əvvəlində təklif etdiyi büdcə layihəsində İran İnqilab Keşikçiləri Korpusuna və "Bəsic" ordusuna əlavə 11 milyard dollar maliyyə ayrılması haqda informasiya sızdırılıb və ona qarşı aqressiya partlamasının əsas səbəbi bu olub.

Ölkədəki islam diktaturasının vuran "əllərinə" əlavə maliyyə dəstəyi konservatorların da marağına uyğun olduğu üçün bu məsələyə qarşı çıxanların Ruhaninin öz komandasında olduğunu təxmin etmək olar. 

Və bu artıq daha ciddi məsələdi - belədə hakimiyyət komandasında parçalanmadan da danışmaq olar. Ruhaninin islahat siyasətini yetərli saymayıb ondan daha islahatçı olanlardan. Belə bir durumun mövcudluğunu gücləndirən əsas amilsə Ruhaninin aksiyaçılara qarşı kəskin mövqe tutmaması (tuta bilməməsi) sayıla bilər.

Rejim, təbii ki, hələ kifayət qədər güclüdü, yetərincə özünümüdafiə imkanları va,ona görə də hələ ki da am edən etiraz aksiyalarının radikal dəyişikliklərə gətirib çıxarması indilik real görünmür. Amma Qorbaçov demiş, "proses başlayıb", İran getdikcə daha çox demokratikləşmək məcburiyyətindədi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.