Öz yolu ilə gedən sənətkar

Öz yolu ilə gedən sənətkar

15-03-2016 15:57 / Bu xəbər 2443 dəfə oxundu

Ağalar İdrisoğlu - 66

Azərbaycan ədəbiyyatının, rejissorluğunun, jurnalistikasının tanınmış simalarından biri - Ağalar İdrisoğlunun doğum günüdür. O, 1950-cı ilin mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik və  Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbini bitirib. 1975-ci ildə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun  (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini, 1986-cı ildə isə Moskvadakı A.L.Lunaçarski adına Dövlət Teatr Sənənti İnsitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsini bitirib.

16 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. İlk miniatürləri və məqalələri 1966-67-cı illərdən "Azərbaycan pioneri” və Masallıda çıxan "Çağırış” qəzetlərində çap olunub. 45 ildir ki, peşəkar teatr sənətində çalışır. Bu vaxta qədər  aktyor kimi 40-dan artıq rollarda oynayıb və  rejissor kimi 120-dən çox bir-birindən maraqlı tamaşalara quruluş verib.

O, 25 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri, direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyyətinin üzvü və Sumqayıt Bölgə Şöbəsinin sədri olub.

Nasir, daramatur, publisist, jurnalist kimi "Ramiz İslamoğlu sorağında”, "Sərhədsiz dünyamız”, "Ömrün akkordları”, "Şahidin şahidləri, şəhidləri”, "Qaranlığı yaran işıq”, "Bir alim ömrünün səlnaməsi” romanlarının, "Vicdan mühakiməsi”, "Ulu Tanrı və ağ gəmi əhvalatı”, "Bura Vətəndir”, "Kəfənini geymiş qoca”, "Ömür yolları”, "Teatr sənətinin aşiqi” povestlərinin, "Həyatin astanasında”, "Qonaq”, "İnan mənə”, "Məhkəmədən əvvəl məhkəmə”, "Şah İsmayıl”, "İmam Şamil”, "Çarəsiz oyun”, "Öz qanunları olan şəhər, "Hörümçək toru”, "Azadlığa gedən yol” və başqa pyeslərin, 20-dən artıq teatrlaşdırılmış tamaşalar üçün ssenarilərin, 50-dən çox hekayələrin, esselərin, elegiyaların, pritçaların, novellaların, 750-dən çox publisist yazıların, məqalələrin, oçerklərin, ressenziyaların, müsahibələrin müəllifidir.

Ağalar İdrisoğlunun "İnan mənə”, "Ən xoşbəxt gün”, "Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca”, "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı”, "Dünya azərbaycanlıları” (müştərək), "Qaranlığı yaran işıq” ( Maarif  Teymurla birgə), "Bir alim ömrünün səlnaməsi”, "Vicdan mühakiməsi”, "Dözə bilmədi” (Sadıq Murtuzayevlə birgə), "Könüllərdə yaşayan sənətkar” (müştərək) kitabları çap olunub. 10-dan çox topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə edib. Onun özünün yazdığı pyesləri  və tərcümə etdiyi pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında, keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub.

Ağalar İdrisoğlunun "İnan mənə” pyesi 1985-cı ildə Ümumittifaq gənc dramaturqlar müsabiqəsində 48 dramaturqun pyesləri arasında 3-cü dərəcəli mükafata layiq görülüb. "Şah İsmayıl” pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində 2-ci dərəcəli mükafata layiq gərülüb. (Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib. "İnan mənə” pyesi 1986-cı ildə SSRİ dramaturqlarının "Məhəbbət və başqaları” adlı antologiyası kitabında çap olunub. Onun quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun "Yanmış evin nağılı” Osman Mirzəyev adına  mükafata və özünün yazdığı "Şah İsmayıl” tarixi faciəsi "Qızıl Dərviş” mükafatına layiq görülüb.

1980-cı ildə Moskvada  SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynadıqları, Feyruz Məmmədovun "Bir bayraq altında” teatrlaşdırılmış tamaşasının quruluşçu rejissoru  kimi Ağalar İdrisoğlu Qızıl medala layiq görülüb. Eləcə də həmin vaxtlar onun rəhbərlik etdiyi Sumqayıt Gənclər Xalq Teatrına bu maraqlı tamaşanı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhənəsində yüksək peşəkarlıqla ifa etdiklərinə görə kollektivə Qızıl medal verilib. 2005-cı ildə Ağalar İdrisoğlu ilin ən vətənpərvər rejissoru  kimi Avropa Mətbuu Evinin təsis etdiyi Qızıl medala layiq görülüb.

2013-cü ildə ona yazıçı kimi Prezident mükafatı verilib. Elə həmin ilin iyin ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Ağalar İdrisoğlu (Ağalar İdris oğlu Mehdiyev) Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. 

Ağalar İdrisoğlu quruluşçu rejissoru olduğu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tetrinda bir-birindən maraqlı tamaşalara quruluş verir və  uzun illər işlədiyi "Azad Azərbaycan” qəzetinin səhifələrində tez-tez maraqlı hekayələri, məqalələri, esseləri, elegiyaları, ressenziyaları, portret yazıları ilə çıxış edir. "Az.PRESS. az”, "Sia.az” xəbər saytlarında, "Ədəbiyyat”, "Mədəniyyət”, "Ədalət”, "525” , "Səs”, "Azad qələm”, "Sərbəst düşüncə” və sairə qəzetlərdə, "Naxış” jurnalında bir-birindən maraqlı hekayələri, esseləri, elegiyalari, pritçaları, publisist yazıları, məqalləri, ressenziyaları çap olunur.
 
Ağalar İdrisoğlu doğulduğu Masalli rayonunun və yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu,  Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru və ilk Əməkdar İncəsənət Xadimidir. 1991-cı ildə məhz onun ideyası və təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrı, Musiqili-Dram Teatrı olub. Və həmin vaxt teatra əlavə 80 ştat verilib. Onun təşkilatçılığı və rəhbərliyi ilə Şabran rayonunda "Şabran” Teatr-Studiyası yaradılıb. O, uzun illər Azərbaycanı gənc daramaturq kimi Ümumittifaq seminarlarında yüksək səviyyədə  təmsil edib.

Biz də çoxminli oxucularımız, tamaşaçılarımız adından, Respublikanın Əməkdar İncəsənət Xadimi, dəyərli ziyalı, uzun illər həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə sərf edən, bu mövzularda çoxlu maraqlı yazılar yazan, Qarabağ müharibəsinə həsr etdiyi orijinal yazılarında ermənilərin işğalçılıq siyasətini dünya mətbuatına çıxaran və xəbər saytları vasitəsi ilə dünya xalqlarına çatdıran Ağalar İdrisoğlunu ad günü münasibəti ilə təbrik edib, ona həyatda can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik. Onun bundan sonra da quruluş verəcəyi tamaşaları, bədii əsərlərini, məqalələrini, publisist yazılarını səbirsizliklə gözləyirik.

Fəridə RƏHİMLİ