Zahid Oruc: "Məmur biznesi sıradan çıxmaqdadır"

Zahid Oruc:

13-11-2019 16:55 / Bu xəbər 475 dəfə oxundu

Parlament "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib

"Hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır. Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz".

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

O bildirib ki, parlamentin 4-5 çağırış dövründə, ilk dəfədir ki, iki ardıcıl ildə iki fərqli Baş nazirin iştirakı ilə dövlət büdcəsi müzakirə olunur: "Prezident artıq yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturlarının hamısını əhatə edir. İslahatlar dərinləşdikcə, struktur və institusional xarakter daşıdıqca, vətəndaşlar bu prosesi daha çox müdafiə edir".

Zahid Oruc
Mənbə: Foto: arxiv

Deputat əlavə edib ki, ölkə başçısının irəli sürdüyü əsas məsələlərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır: "Prezidentin öz ifadəsi ilə söyləsək, bir sıra hallarda insanları şərləyirlər, bizneslərini ələ keçirməyə cəhd edirlər, özləri üçün üstün iqtisadi şərait yaradırlar. Bu, təbii ki, aradan qaldırılmalıdır. Dünyada kiçik və orta sahibkarlıq 50-60 faiz üzərindədir. Amma Azərbaycanda bu rəqəm aşağıdır. Halbuki prosesin dərinləşməsi üçün ölkədə böyük imkanlar var. Məmur biznesi Azərbaycanın keçmiş həyatında olub. Bu, artıq bir miras kimi ölkənin ümumi həyatında sıradan çıxmaqdadır. Çünki məmur biznesi özünü doğrultmadı. Bu işlə məşğul olanlar ölkə iqtisadiyyatında iştirak etmirlər. Bu gün ölkədə əmək bazarına daxil olanların 60 %-i texniki peşə və ali təhsili olmadan daxil olur. Əmək bazarımızın durumu bundan ibarətdir. Çalışmalıyıq ki, hər il həm texniki peşə, həm də ali təhsilli şəxslərin sayını artıraq. Bununla da əmək bazarındakı vəziyyəti dəyişmək mümkün olacaq".

Z.Oruc ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun səhmdar cəmiyyət və yeni koorparativ idarəetmə ilə bağlı dediklərinə də toxunub:

"Bu, çox vacib məsələdir. Çünki Azərbaycanda səhm bazarı formalaşmayıb. Kimsə qiymətli kağızlar bazarından dividentlər və vəsaitlər qazanmır. Nə qədər ki, bu aktiv işə düşməyəcək, o zaman yük dövlət və hökumətin üzərində qalacaq”.

Plenar iclasa sədrlik edən spiker Oqtay Əsədov çıxış edən deputatlara xəbərdarlıq edərək, çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladıb və bunu nəzərə almalarını tövsiyə edib.

Çıxış edən deputat Tahir Kərimli sosial sahəyə ayrılan vəsaitin artırılmasını təqdir etsə də, müdafiə sahəsinə daha çox vəsait ayırmalı olduğunu bildirib:

"Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər 1,1 milyard azalır?! Bəlkə Dağlıq Qarabağ müharibəsini udmuşuq, yaxud daha hərbi əməliyyatlar keçirməyəcəyik? Yoxsa hərbi avadanlıqlar almağa artıq ehtiyac qalmayıb?”

Tahir Kərimli
Mənbə: Foto: Meydan tv

Deputat bildirib ki, seçiciləri görüşdə ondan Ağsu-Şamaxı aşırımında olan yol problemindən narazılıq edirlər. "10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar 20 km-lik əraziyə gəlin köçürəndə 150-200 km yol fırlanıb cehiz aparmalıdır?" - deyən deputat problemin həlli üçün vəsaitin ayrılmasını təklif edib.

Milli Məclisin vitse-spikeri V.Ələsgərov tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazasının yaradılmasını təklif edib.

Müzakirələrdən sonra "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

Noyabrın 12-dən başlayan büdcə zərfi müzakirələri davam edir. Zərfə "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları daxildir.