''Zakir Həsənovun sürücüsünün qohumu MAXE-ni öldürüb''

''Zakir Həsənovun sürücüsünün qohumu MAXE-ni öldürüb''

22-05-2018 11:25 / Bu xəbər 1914 dəfə oxundu

Mayın 21-də, səhər saat 7 radələrində Tərtər rayonunun Sarov kənd sakini, MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçu) Şəhriyar Paşayevin silahla sinəsindən vurularaq öldürüldüyü bildirilir.

Adının açıqlanmasını istəməyən mənbənin Meydan TV-yə verdiyi məlumata görə, MAXE-ni Yevlax Rayon Hərbi Polis Şöbəsində çalışan leytenant Elçin Məmmədov "Makarov” tipli silahdan atəş açmaqla öldürüb.

"Hərbçinin cənazəsi hazırda Yevlax Şəhər Mərkəzi Xəstəxanasının morqundadır”, – deyə mənbə bildirib.

Hadisənin hansı səbəbdən törədildiyi haqda məlumat yoxdur.

Mənbə onu da deyib ki, Elçin Məmmədovun dayısı müdafiə naziri Zakir Həsənovun sürücüsüdür.

Sarov kənd bələdiyyəsinin sədri Yusif Paşayev Meydan TV-yə belə bir hadisəni eşitdiyini təsdiqləyib: "Şəhriyar Paşayev bizim Kövdadıq kəndində qeydiyyatdadır, amma kənddə yaşamırlar. Ona görə də hadisə haqqında ancaq eşitmişəm, görməmişəm”. Şəhriyar Paşayevin 2 ay əvvəl ata olduğu bildirilir.

Yevlax Şəhər Mərkəzi Xəstəxanasından telefon zənglərinə cavab verən olmayıb.

Yevlax Rayon Polis Şöbəsindən Meydan TV-yə deyiblər ki, məsələ ilə bağlı hərbi polislə əlaqə saxlamaq lazımdır: "Siz hərbi polislə, qarnizonla əlaqə saxlayın, təfsilatı barədə onlar bilir, bizdə əlavə məlumat yoxdur”.

Müdafiə Nazirliyi, eləcə də Yevlax Rayon Hərbi Polis Şöbəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.