Zamirə Hacıyeva Azərbayacana göndərilməyəcək

Zamirə Hacıyeva Azərbayacana göndərilməyəcək

27-09-2019 16:21 / Bu xəbər 2201 dəfə oxundu

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Azərbayacana qaytarılmaqdan yaxa qurtara bilib.

26 sentyabrda Londonda, "Westminster Magistrates” məhkəməsində Zamirə Hacıyevanın ekstradisiyası üzrə məhkəmə prosesinin növbəti iclası baş tutub.
Məlumat İngiltərə mərkəzli "The Telegraph” qəzetində yayımlanıb.

Zamira Hacıyeva həyat yoldaşının 14 il sədrlik etdiyi Beynəlxalq Bankdan milyonlarla manat mənimsəməkdə ittiham olunur. Azərbaycan höküməti isə Zamirə Hacıyeva işinin Azərbaycanda davam etdirilməsi üçün İngiltərə məhkəməsinə sorğu göndərib.

Məhkəmədə Zamirə Hacıyevanın vəkilləri onun siyasi etiqadına görə təqib edildiyini və keçmiş sovet respublikasına (Azərbaycana) deportasiya ediləcəyi təqdirdə ədalətli mühakimə edilməyəcəyini iddia edib. 

Hacıyevanın pul xərcləmələri ilə əlaqədar isə vəkillər "pul xərcləmək cinayət deyil", - deyə bildiriblər.

"Westminster Magistrates” məhkəməsinin hakimi Zamirə Hacıyevanın Azərbaycanda ədalətli mühakimə olunmayacağı qənaətinə gəlib və onun Azərbaycana göndərilməməsi haqda qərar çıxarıb.

Azərbaycan hökumətini təmsil edən Helen Malcolm, xanım Hacıyevanın 76 milyon funt sterlinq mənimsəmək üçün ABB-dən alınmış 28  kredit kartından istifadə etdiyini və mütəşəkkil cinayətkar dəstənin bir üzvü olduğunu deyib.

Məhkəmə hakimi Emma Arbuthnot, öz yazılı hökmündə xanım Hacıyevanın mütəşəkkil cinayətdə iştirak etdiyinə dair sübutların olduğunu qəbul edib.

Hakim Arbuthnot həmçinin qeyd edib ki, müdafiə tərəfi xanım Hacıyevaya qarşı işin "siyasi motivli" olduğuna dair çox az sübut təqdim edib: "Mən belə qənaətə gəldim ki, xanım Hacıyevanın Azərbaycana qaytarılması ilə bağlı sorğu əslində onun siyasi baxışlarına görə təqib edilməsi ilə əlaqəsi yoxdur. Bu, uzun müddət ərzində ərinin səbəb olduğu külli miqdarda pul mənimsənilmələri səbəbindən edilir”.

Amma hakim sonda Zamirə Hacıyeva işinin Azərbaycanda ədalətli şəkildə aparılması ilə bağlı "real risk" olduğu qənatinə gəlib. 

Azərbaycan hökumətini təmsil edən Ben Keyt isə bu qərardan şikayət edəcəklərini deyib.

55 yaşlı Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) çərçivəsində məhkəmə qarşısına çıxır . Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Zamirə Hacıyeva 2014-cü ildən Azərbaycana gəlməyib. O, 11.5 milyon funt sterlinq dəyərində "Harrods”a yaxın məsafədə üç ardıcıl evə sahibdir. 

Onun ən maraqlı xərcləri arasında "Disney"in eksklüziv mağazasında "Bibbidi Bobbidi Boo" kassasında 99,000 funt sterlinq dəyərində etdiyi ödəniş olub.

Uğur Fərzəli
Toplum.Tv