"Zarafatlaşaraq yaşayırdı, zarafatsız hamını tərk etdi" - PORTRET

20-12-2017 21:22 / Bu xəbər 1032 dəfə oxundu

Teleqraf.com-un "Portret” layihəsində jurnalist Elşən Balaxanski mərhum Zabil Müqabiloğlu haqqında danışır.

– Elşən bəy, Zabillə dostluğunuz necə başlamışdı?

– 2007-ci ilin mayında "Gündəlik Azərbaycan" qəzeti fəaliyyətini dayandırandan sonra "Yeni Müsavat"a dəvət olundum. Səhv eləmirəmsə, iyulun axırlarından işə çıxmağa başladım. Zabillə "Yeni Müsavat"da tanış olduq. Bu tanışlıq sonradan dostluğa çevirildi. Beləcə, 10 il dostulq etdik. Zabil yaxşı insan idi. Yaxşı dost idi.

Yeri görünür.

– Dost kimi həyatınızda yeri görünür, bəs sizcə, mətbuatımızda da yeri görünürmü?

– Mətbuatda Zabil Müqabiloğlu imzası var idi və Zabil o imzaya oxucunu inandıra bilmişdi. Onun yazdıqlarını oxuyurdular, oxucu auditoriyası vardı. Məsələlərə özəl baxışının olması da rol oynayırdı. Yazılarında çox incə şəkildə oxucuya, ictimaiyyətə çatdırılmalı məsələnin əsas məğzinə vurğu etməklə, vacib məqamlarının üstünə getməklə çatdıra bilirdi. Oxucu inamını qazana bilmişdi. Bəli, mətbuatda da Zabil Müqabiloğlu imzası böyük bir iz qoyub və hazırda yeri boş qalıb. Gərək belə olmayaydı. Zabil həyatından köçüb, cəmiyyətə, sadiq oxucusuna qalan onun imzasıdır.

– Deyirsiniz ki, qələmi ilə oxucuları inandırmağı bacarmışdı. Məsələn, hansı bir yazısının adını çəkə bilərsiniz?

– "Yeni Müsavat"da çalışdığı son vaxtlarda Türkiyədən reportajları olmuşdu. Zabilin Silivri həbsxanasında general Vəli Kiçikdən götürdüyü müsahibə Türkiyə gündəminə bomba kimi düşmüşdü. Türkiyənin əksər qəzetləri onun müsahibəsini tirajlamışdılar. Onun "Yeni Müsavat"da dərc olunan və gündəmi dəyişən xeyli yazıları, müsahibələri olub. Özünün yaratdığı Gunxeber.com saytında da ara-sıra maraqlı yazıları olurdu.

– Yazılarından ibarət bir kitabı varmı?

– Bildiyimə görə, kitabı yoxdur. Yaşasaydı, olardı. Şeirə həvəsi vardı. İçirdi və yazırdı. Saytında yazdığı şeiri görəndə bilirdim ki, axşam babat vurub və yazıb. Yazılarından ibarət kitabı da yoxdur. Məncə, bu haqda heç düşünmürdü. Onun şeir kitabı ola bilərdi. Təəssüf ki, heç vaxt o kitab da yazılmayacaq. Zabil kimi həyatı sevən bir insan özü də istəmədən həyat kitabını heç yarıya çatmamış bağlayıb kənara qoydu.

– Şəmşad Ağanın onun haqqında bir yazısını oxumuşdum. Orda deyirdi ki, Zabil faciəsini dərk etmiş adam idi. Siz də yaxın dostu olubsunuz. Nə idi onun faciəsi?

– Şəmşad Ağanın o yazısını oxumuşam. Zabil Zəngilan, Zəngilanın işğalı haqda yanğı ilə danışırdı. Son illərdə Zəngilansızlıq ağrısını açıq deyirdi də. Zəngilana qayıda biləcəyimizlə bağlı içində bir daxili inamı vardı. Zəngilansızlığı özünün şəxsi faciəsinə çevirmişdi. Düşünürdü ki, Zəngilanda yaşasaydı, həyatını başqa cür qura bilərdi. Bakını sevmirdi. Deyirdi ki, Allah erməninin evini yxsın, bizim Bakıda nə işimiz vardı, oturmuşduq da Zəngilanda. Bununla belə gələcəyə ümidlə baxırdı. Düşünürdü ki, işdə, ailədə olan səhvləri, problemləri düzəltmək hər zaman olar. Bu da insanpərvərliyindən irəli gəlirdi. Kimsə ona qarşı səhv edəndə də "lənət olsun içimdəki insan sevgisinə" deyib üstündən keçirdi.

– Niyə içirdi? Dərdi nə idi?

– Düşünürəm ki, əvvəlcə əyləncə idi. Çətin illərdən çıxmış və "Yeni Müsavat"da birləşən eyni yaşlı, təxminən yaşıd dostların gün keçirmək həvəsi idi. Sonradan da bir vərdişə çevrildi. İşdən sonra dostların bir yerə toplaşıb məclis qurmaq həvəsi get-gedə doğrudan da vərdişə çevirilmişdi. Bir neçə il az qala hər həftə təkrar məclislər olurdu. Belə məclislərin əsas təşəbbüskarı da Zabil idi. O şənlənməyi, hər kəsin şən olmasını sanki, özünün borcu bilirdi. Həyatımızın, günümüzün neqativini içki məclislərində unutmağa çalışırdıq.

Bir neçə il belə davam etdi. "Yeni Müsavat"ın "ibadət əhli" dağılışdı. Deməzdim Zabil dərdini unutmaq üçün içib. Sadəcə, Zəngilan üçün darıxırdı, bədahətən şeirlər deyirdi. Düşünmürəm ki, o, dərddən içib. Sadəcə, içirdi. Sonradan da vərdişə çevirilmişdi. Gərək vaxtında dayanardı. Orqanizminə ziyan verdiyinin fərqində idi. Deyirdi ki, içkini atacaq. Bir ara da içmirdi. O, dostlarla görüşü süfrədən kənar görmürdü. Əsl məclis adamı idi. İçki onun üçün bəhanə idi.

Hamını süfrə arxasına toplayıb deyib-gülmək, şənlənmək üçün vasitə idi. O, dost-tanışın əhatəsində xoşbəxt olurdu.

– Yəni ölüm səbəbi konkret içkidən oldu? İçməsəydi, yaşayacaqdı?

– Əlbəttə ki, içkini dayandırsaydı, orqanizminə bərpa olunmaq imkanı tanısaydı, bu gün də aramızda idi. Bunun üçün aylarla yanına düşüb evdən işə, işdən evə gedib-gəlmişik. İstəyimiz də o olub ki, müalicəsini başa çatdırsın, içməsin. Haradasa nail olmuşduq. Amma sona qədər Zabilə kömək edə bilmədim, başqa dostlar da bunu edə bilmədi. Bir ara maşın almaqla içkidən uzaq durmasına nail olduq. Amma Zabil bir-iki dəfə sükan arxasına keçdi, hətta Pirşağıdan Neftçilərdəki iş yerimizə qədər də maşını sürdü. Ofisə çatanda hər dəfə əllərini açıb deyirdi ki, sürə bilmirəm, əsəbdən əllərim əsir, tərləyir. Əl çəkin məndən. Biz çox çalışdıq ki, orqanizminə bərpa olunmaq üçün imkan versin.

– Görünür, xaraktercə zəif insanmış...

– Yox, Zabil zəif insan deyildi. Ölüm haqda heç düşünmürdü də. Ona görə də içkiyə ara verdiyini rahat unuda bilirdi. İçki də öz işini görürdü. Pirşağıya tərəf gedəndə Zabilin maşını ara-sıra qabağıma çıxır. Özlüyümdə düşünürəm ki, maşın sürməyi vərdişə çevirsəydi, bəlkə içkidən biz az uzaq olub sağlamlığının qeydinə qala bilərdi. Eləmədi, biz də kömək edə bilmədik.

– Səhhəti ilə bağlı ona maddi kömək eləyən olurdumu?

– Səhhətinin pis vaxtlarında imkanımız daxilində ona bacardığımız köməyi etmişik.

– Son söhbətinizi necə xatırlayırsınız? Nə danışmışdınız?

– Pirşağıda qaldığı evə getmişdim. Ordan-burdan danışdıq. Əsasən saytdan danışdıq. Deyirdi ki, Gunxeber.com-u genişləndirmək üçün müxtəlif variantlar fikirləşib. Dəstək verməmi istəyirdi. Səhhətində problemlərin olduğunu deyirdi. İranda onu müalicə edən həkimin yanına gedəcəyindən danışırdı. Deyirdi ki, Azərbaycandakı həkimlərə tonla pul xərclədim, sağalmadım. İrandakı həkim isə məni qısa müddətə sağalda bildi. Deyirdi ki, İrana gedib yenidən müalicə olunacaq. Deyirdim ki, Zabil içmə, sağlamlığını son həddə qədər əldən vermə. Gülüb deyirdi ki, Balaxanski, yenə başladın?

– Yəqin, onunla bağlı xatirələriniz çoxdur...

– Həmkarımız Etibar Seyidağa hansısa yazı müsabiqəsində qalib gəlmişdi. Zabil zarafata salıb bütün redaksiyaya hinduşka qonaqlığı verməsini təşkil etmişdi. Etibar da razılaşmışdı. Bir də baxdıq ki, Etibar bir xoruz hinduşka alıb və qutuya qoyub gətirib redaksiyaya. Zabil dedi ki, gəl hinduşkanı qutudan götürək, əvəzinə "vosmoy" bazarından bir cücə alıb qutuya qoyaq. Belə də elədik. Zabil Samir Kazımlıya pul verib yolladı "vosmoy" bazarına cücə dalınca. O da gedib bir yetim cücəni alıb gətirmişdi. Hinduşkanı götürüb cücəni atdıq qutuya. Səhər planlaşması yekunlaşdı. Mətbəxdən bir bıçaq götürüb Etibara verdi ki, sən dağ adamısan, gedək redaksiyanın həyətində hinduşkanı kəs, gətirək Mahizər xalaya verək, bütün redaksiya üçün bişirsin. Təsəvvür edin, redaksiya yığılıb, video kamera da çəkir. Etibar əlini qutuya salır və hinduşka əvəzinə oradan bir yetim cücə çıxır.

Zabilin belə baməzəliyi çox olurdu. Bir də baxırdın ki, Zabilin gülüş səsi redaksiyanı başına götürüb. Bilirdik ki, yenə də kiminləsə əməlli-başlı məzələnib. Şən, həyatsevər idi. Gərək belə tez getməyəydi. Zarafatlaşaraq yaşayırdı, zarafatsız hamını tərk etdi.

Kəramət Böyükçöl