Zaranın gəlişi, etiraz və anlayışla qarşılayanlar

Zaranın gəlişi, etiraz və anlayışla qarşılayanlar

24-07-2018 20:06 / Bu xəbər 2038 dəfə oxundu

Tənqidçilər sponsorların adını çəkmir

İyulun 26-29-u Bakıda "Jara-2018" Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin, "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL), ölkənin hakim ailəsinə və yaxınlarına məxsus "Beat group”un baş sponsorluğu, "Pasha Travel”, "Cinemaplus” və digər şirkətlərin dəstəyi ilə baş tutacaq festivalda müğənni Zara Mqoyan da çıxış edəcək.

Ermənistanda doğulan yezidi əsilli (kürd etnik qrup), Rusiyanın əməkdar artisti Zara Mqoyanın Bakıya gəlişi bir qrup sosial şəbəkə istifadəçisi tərəfindən narazılıqla qarşılanıb. Narazılar arasında jurnalistlər, müğənnilər də var.

Etirazçıların fikrincə, "Moya Armeniya” mahnısı oxuyan, erməni əsgərləri ilə şəkil çəkdirib paylaşan bir müğənninin Azərbaycana gəlməsi doğru deyil.

Etirazçılardan biri, xalq artisti Flora Kərimova deyib: "Torpaqlarımız işğal altındadır, amma erməni müğənnini Bakıya dəvət edirlər. "Moya Armeniya” deyən bir müğənnini Bakıya gətirirlər və mən bilmirəm bu boyda şapalağı biz necə yeyirik? Belə bir müğənni gəlib burda meydan sulayır. Bu boyda şəhidlərimiz var. Biz onların qarşısında məsuliyyət daşımalıyıq, torpaqlarımızı itirə-itirə gedirik və erməni müğənniyə qucaq açırıq”.

Xalq artirsi Flora Kərimova

"Jara” festivalının təşkilatçısı, Azərbaycanın xalq artisti Emin Ağalarov tənqid olunsa da, tədbirin sponsorlarının adı çəkilmir.

Etirazlara yalnız Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov cavab verib. O, "Hedef.org”a deyib ki, festivalın proqramını, yaradıcı heyətini təşkilatçılar özləri müəyyənləşdirir. Nazirlik isə ancaq beynəlxalq televiziya kanallarında yayımlanmasına dəstək göstərəcək.

Məsələyə münasibət bildirən siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, münaqişənin dinc yolla həlli üçün bu cür səfərlər normaldır:

"İlham Əliyev deyir ki, biz Qarabağ münaqişəsini dinc yolla həll edəcəyik. Qarşı tərəf də, erməni xalqı, erməni hökumətidir. Deməli, onlarla münaqişəni dinc yolla həll etmək üçün dil tapılmalıdır. Biri var sən münaqişəni böyük məbləğdə rüşvət verib həll edəsən, biri də var qarşılıqlı anlaşma ilə. Bu, hamıya xeyirdir. Bunun üçün mədəni, hörmətlə danışmaq lazımdır. Azərbaycan Konstutusiyasında milli, irqi ayrı-seçkilik qadağandır. Əgər dövlət bunu edənlərdən bir neçəsini cəzalandırsa, bir də heç kim buna risk etməz. Kimsə çıxıb deyir ki, Zara gəlməməlidir, o, ermənidir və s. Əvvəla, Zara Rusiya vətəndaşıdır, milliyətcə yezidi kürdüdür. Bundan əlavə, Zara əlində avtomatla gəlmir ki. Müğənnidir, konsertə gəlir. Buna etiraz edənlər sadəcə özlərini gülünc vəziyyətə salırlar."

Siyasi şərhçi Zərdüşt Əlizadə

"Müğənnidir, kiminlə istəsə, onunla foto çəkdirə bilər. Erməni əsgəri olmur, rus əsgəri olsun. Bəlkə bura gəlib elə azərbaycanlılarla da şəkil çəkdirəcək?! Bu, nə düşüncədir? Bunların hamısı ucuz vətənpərvərlikdir, münaqişənin həllinə dəxli olmayan məsələlərdir. Belə məsələlərdə kimlərsə "qeyrətli oğul” adı qazanmaq üçün çox söz deyər. Ancaq o adamlar bilməlidirlər ki, bu etdiklərinin Qarabağ münaqişəsinin həllinə mənfi təsiri var. Hər şeyi yüngül vətənşüvənliklə ölçmək lazım deyil. Əgər münaqişəni dinc yolla həll etmək istəyiriksə, beynəlxalq, Azərbaycan və Ermənistan qanunlarına hörmət etmək lazımdır”.

Bəstəkar Elmir Mirzəyev də öz "Facebook” səhifəsində məsələyə münasibət bildirib:

"Camaat necə "təkər”ə düşüb, Zara gələcək. Bu da "Yerevanı alacağıq" trolu kimi bir şeydi. Apreldəkinin təkrarıdı. Kimlər düşmədi onun "təkər”inə. Bunun adına təbliğat deyirlər, əziz kütlə. Əsas əjdahalarından da yekəsi Dr.Göbbels idi (Hitler hakimiyyətinin əsas təbliğatçısı-red). Bu "təkər” bizdə 25 ildi fırlanır.

Bəstəkar Elmir Mirzəyev

"Avropa oyunları"nda ermənilərə medal verəndə də fırlanırdı, apreldə kasıb-kusubun zorla böyütdüyü uşaqları qırdıranda da, Soso Bakıya gələndə də hamı bu "təkər”ə düşdü.

Amma haqqına edirlər, düzünü desəm, gözəl də işləyir. Kütlənin kütlə yeri olmalıdı, ağa deyən tərəfə də səs çıxartmalıdı. Bizim bir qəbirstanlıq şair-alimlərimiz kimi”.///meydan.tv