Zavod direktorunun ölüm işi: Hacı Məmmədovla tanışlığım - Adil İsmayılov yazır

Zavod direktorunun ölüm işi: Hacı Məmmədovla tanışlığım - Adil İsmayılov yazır

01-08-2019 10:04 / Bu xəbər 417 dəfə oxundu

"Ramil Usubova həmin işə görə polkovnik rütbəsi verildi”

Vəkil Adil İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı, "Qara kəmər" əməliyyatı zamanı həbs olunmuş və iki il əvvəl intihar edən Hacı Məmmədovla tanışlığından yazıb.

Pivə zavodunun direktorunun ölüm işi xatirəsini bölüşən vəkil elə Hacı Məmmədovla da həmin hadisə səbəbindən birlikdə işlədiklərini vurğulayıb.
 
Arqument.az vəkilin feysbuk profilində paylaşdığı yazını təqdim edir:
Adil İsmayılov

Söz vaxtına çəkər deyirlər. 1989-cu ilin sentyabr ayının 6-sı idi. Mən altı il idi ki,Azərbaycan Respublikasının Prokuroru yanında xüsusi ilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyirdim ( o vaxt vəzifə belə adlanırdı və cəmi 16 nəfər idik, bəzən bizə sadəcə vajnyak deyirdilər). 

Respublika Prokuroru İlyas İsmayılov məni kabinetinə çağırdı, dedi ki, Xırdalan pivə zavodunun direktoru Fazil Şirəliyev 5 sentyabrda Fatmayı yolunda odlu silahdan açılmış atəşlə qətlə yetirilib.Göstəriş verdi ki, Abşeron rayon prokurorluğuna gedib işi icraata götür və istintaqı davam etdir. Bu hadisəyə qədər mən bir neçə ölüm işi üzrə uğurlu istintaq apardığımdan bu sahədə ən yaxşı müstəntiqlərdən biri hesab edilirdim. Mən Xırdalana gəldim, işi prokurorluqdan götürüb tanış oldum. 

Məlum oldu ki, 5 sentyabr 1989-cu ildə axşam 20:00 radələrində Bakı-Fatmayı yolunun 15-ci kilometrliyində naməlum şəxslər "Xırdalan” pivə zavodunun direktoru Fazil Şirəliyevi işdən çıxıb evinə gedərkən təqib edib və "Naqan” tipli tapançadan dörd dəfə atəş açmaqla onu qətlə yetiriblər. Hadisənin yeganə şahidi Şirəliyevin sürücüsü olub. Hadisədən sonra onu 15 sutkalıq həbs edib polis şöbəsində saxlayırlar. 

Mən Xırdalana gələndə Daxili işlər Nazirliyinin və prokurorluğun rəhbər işçiləri orda idilər. İş xüsusi nəzarətə götürülmüşdü. Mərhum vaxtı ilə Mərkəzi Komitədə şöbə müdiri, Salyan rayon partiya komitəsinin 1-ci katibi vəzifələrində işləmişdi. Ölkə rəhbərliyi işin tez bir zamanda açılmasını tələb edirdi. Mən ilk növbədə sürücü ilə söhbət etdim, o bütün gördüklərini təfsilatı ilə danışdı. Maşını saxlayarkən arxadan "Jiquli” markalı maşının yaxınlaşdığını Fazil müəllim düşəndə, həmin maşından 3 nəfərin düşüb onun arxasınca getdiklərini, bir neçə atəş səsi eşitdiyini, qorxusundan maşını sürüb hadisə yerindən qaçdığını, Jiquli gedən kimi geri qayıtdığını və direktoru maşına qoyub xəstəxanaya apardığını göstərdi. Sürücü and-aman edirdi ki, atəş açan şəxsləri tanımır və onları təsvir edə bilməz, maşının nömrəsini də görməyib, daha doğrusu deyirdi ki, nömrənin üstü nə iləsə bağlı idi.(sonradan onun dedikləri təsdiqini tapdı) Həmin gün respublika prokurorunun və Daxili işlər nazirinin birgə əmri ilə istintaq - əməliyyat qrupu yaradıldı və mən qrupun rəhbəri təyin edildim. 

Qrupa prokurorluğun və DİN-in mərkəzi aparatının təcrübəli işçiləri, kriminalistlər, habelə Abşeron rayon prokurorluğu və polisinin bir neçə əməkdaşı daxil idi. Bu işin istintaqında kriminalist kimi Rövşən Əliyev yaxından iştirak edirdi. Qrupun üzvlərindən biri də Abşeron rayon polis idarəsinin yenicə təyin edilmiş əməliyyat üzrə müavini Hacı Məmmədov idi. Hacı ilə bizim tanışlığımız da orda oldu. 

Qərara alındı ki, istintaq-əməliyyat qrupunun üzvləri rayon polisinin təzəlikcə istifadəyə verilmiş binasında oturacaqlar. Şəxsən mənə isə Hacı Məmmədovun kabineti verildi. Beləliklə, təxminən bir il Hacı Məmmədovun kabinetində oturdum. Hacı çox ünsiyyətcil insan idi, onunla xoş münasibətlərim yarandı. Bu bir il ərzində Hacı ev sahibi kimi mənim və qrupun üzvlərinin qulluğunda durdu, hər sabah işə gələndə stolumun üstündə hər cürə meyvə, çərəz, bahalı konfetlər olurdu, arada zarafatla bizə görə pul qazana bilmədiyini, heç olmasa kabinetə görə ona icarə haqqı verməli olduğumu deyirdi. İşin açılmasına bir neçə gün vaxtımız getdi, sonrakı mərhələdə müqəssirlərin çoxlu sayda başqa cinayətlər törətdiyi müəyyən olunduğundan biz bir il müddətində işin istintaqını yekunlaşdırıb məhkəməyə göndərə bildik. Həmin işə görə ümumilikdə 30 nəfərə yaxın, əsas iş üzrə isə 13 nəfər məhkum olundu, onlardan 5 nəfərinə ölüm cəzası verildi. 

SSRİ dağıldıqdan sonra həmin hökmlər icra olunmadı, müstəqillik dövründə isə əvvəlcə ölüm cəzasının icrasına moratorium qoyuldu, daha sonra isə ömürlük həbslə əvəz olundu. 1989-1990-cı illərdə həbs edilən həmin şəxslərdən üçü həbcdə dünyasını dəyişib, bildiyimə görə ikisi hələ də Qobustan türməsində cəza çəkir. Dəstə üzvlərinin 1976-1989-cu illərdə 13 il ərzində Azərbaycan, Gürcüstan və Rusiyanın ərazisində 7 qətl, 40-a yaxın quldurluq cinayəti törətdiyi sübuta yetirildi. Yəqin nə vaxtsa bu iş barəsində də xatirələrimi yazacam. İndi isə təkcə onu deyim ki, bu SSRİ məkanında üstü açılmış ilk sifarişli ölüm işi idi. 

SSRİ Xalq deputatlarının 1989-cu ilin dekabrında keçirilmiş 2-ci qurultayında SSRİ-nin Baş Prokuroru Aleksandr Suxarev və SSRİ-nin Daxili İşlər Naziri Vadim Bakatin öz çıxışlarında bu iş barəsində xüsusi qeyd etmişdilər. 1990-cı ilin yanvarında bu iş üzrə əməliyyat qrupunun bütün üzvləri mükafatlandırıldı. Haçı Məmmədov bu işə görə "Za liçnoye mujestvo” ordeni ilə təltif edildi. Bu orden cəmi 529 nəfər SSRİ vətəndaşına verilib ki, onlardan biri Hacı Məmmədov olub. 

Ramil Usubov

Yeri gəlmişkən, bu işə görə mükafatlandırılanlardan biri o vaxt DİN-in Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində işləyən Ramil Usubov olub. Ramil müəllimə bu işə görə polkovnik rütbəsi verildi. Həmin işə görə istintaq qrupunun üzvlərini mükafatlandırmaq üçün məhkəmənin başa çatmasını gözləyirdilər. Məhkəmə 12 noyabr 1991-ci ildə başa çatdı, onda mən artıq prokurorluqda işləmirdim. Hacı Məmmədovla yollarımız bu işdən sonra ayrıldı, onunla ikinci görüşümüz dostum, prokuror-kriminalist Rövşən Əliyevin hüzür mərasimlərində oldu. Səhv etmirəmsə, Hacı ilə Rövşən də bir-birini məhz pivə zavodunun direktorunun ölüm işindən tanımışdılar... 

davamı var...