Zəlzələ Ağdamda 127 evə ziyan vurub

Zəlzələ Ağdamda 127 evə ziyan vurub

16-11-2017 20:01 / Bu xəbər 1482 dəfə oxundu

Noyabrın 15-də baş vermiş zəlzələ nəticəsində Ağdamda 127 ev zərər çəkib, bir ev uçub. Məktəb və uşaq bağçalarının binalarında çatlar var.

"Təzəkənd kəndinin məktəbi təhlükəli hala düşüb", Ağdam rayon icra hakimiyyəti başçısının müavini Ağa Zeynalov BBC Azərbaycancaya bildirib. 

Onun sözlərinə görə, payız tətilinə gedən məktəblilərin noyabrın 21-də bu məktəbdə dərsə başlaması təhlükəli ola bilər: "Məktəb ciddi xəsarət alıb. Yəqin ki, bununla tədbir görüləcək".

Cənab Zeynalov deyib ki, bəzi yerlərdə körpələr evi, uşaq bağçası, musiqi məktəbinin binalarında da çatlar var, amma onların uçmaq təhlükəsi yoxdur.

O əlavə edib ki, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə yaşayış evlərində çatlar müşahidə edilib: "Bu, səhər saatlarına qədər daxil olmuş məlumatlardı. Qarabağ Regional Fövqəladə Hallar Komissiyası ilə icra hakimiyyti birgə komissiya yaradıb, hazırda işləyirlər".

Respublika Seysmoloji Xidmət Mərkəzindən BBC Azərbaycancaya bildiriblər ki, noyabrın 15-də gecə saatlarında Ağdam ərazisində yeraltı təkan baş verib.

Yerin 25 km dərinliyində baş vermis zəlzələ bəzi ərazilərdə fəsadlar yaradıb. Tələfat yoxdur.

Tərtər rayonunun Yuxarı Qapanlı kənd sakini Şahid Məmmədov zəlzələ nəticəsində xəsarət alıb. Qazyan və Yuxarı Qapanlı kənd ərazi nümayəndəsi Azər Cavvarovun BBC Azərbaycancaya verdiyi məlumata görə, kəndlərin ərazisində 50-dən çox evə ziyan dəyib.

Ağdamın Üçöğlan kəndində bir evin yarısı uçub, kənd bələdiyyəsinin sədri Həsrət Səfərov BBC Azərbaycanca deyib.

"Aprel döyüşlərində kəndə top mərmiləri düşmüşdü. Həmin evin bir hissəsində çatlar yaranmışdı. Xəbərdarlıq etmişdik ki, evin bu hissəsinə sakinlər girməsinlər. Zəlzələdə evin o hissəsi tamam uçdu". 

Fotonun müəllifi: Ələsgər Məmmədli 

Həsrət Səfərov deyir ki, kənddə bəzi evlərdə təhlükəli çatlar yaranıb və hazırda bununla bağlı yerli komissiya işləyir.

Ağdamın Quzanlı kəndi isə bir müddət işıqsız qalıb. Kənd sakinləri bildiriblər ki, zəlzələ baş verəndə elektrik paylayıcında partlayış olub və o, yanmağa başlayıb. Dərhal yanğınsöndürənlərin yanğına müdaxilə etdiyini deyən sakinlərin sözlərinə görə, kəndin bəzi yerlərində elektrik enerjisi hələ də yoxdur.

Quzanlı kənd bələdiyyəsinin sədri Mehdi Məmmədov deyir ki, "bəzi evlərdə çatlar var, amma dağıntı yoxdur".

Zəlzələ nəticəsində Tərtər və Bərdədə bir neçə ev uçub, yaşayış evlərində çatlar yaranıb.