Zəlzələdən zərər çəkənlər Kəmaləddin Heydərovu axtarırlar

Zəlzələdən zərər çəkənlər Kəmaləddin Heydərovu axtarırlar

04-08-2017 18:21 / Bu xəbər 473 dəfə oxundu

2012- ci ilin yazında Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələdən zərər çəkənlərə ayrılan vəsait hələ sahiblərinə ödənilməyib. 

Son 5 il müddətində səbrlə onlara ayrılan kompensasiyanın ödəniləcəyinə ümid edən, Fövqəladə Hallar Nazirliyinə (FHN), Prezident Adminstrasiyasına və digər ünvanlara göndərdikləri ərizələrə müsbət cavab veriləcəyini gözləyən bir qrup Zaqatala sakini, nəhayət, məsələni ictimailəşdirmək qərarına gəlib.

"Basta”nın redaksiyasına zəlzələdən zərər çəkmiş 72 nəfər Zaqatala sakinin imzası ilə ərizə təqdim olunub. 

Şikayətçilər bildirir ki, zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyaları tərəfindən onların yaşayış evinə dəfələrlə baxış keçirilib və son qərar olaraq, "bərpa-gücləndirmə” qərarı verilib. 

Verilmiş rəy əsasında evlərin bərpası üçün 4000 manatdan 6000 manatadək kompensasiya ayrılıb. FHN bir sıra ərizəçilərə yazdığı cavabda bu kompensisasiyanın ayrıldığını təsdiqləyib və rəsmən bildirib ki, "evinizin bərpası üçün kompensasiyanın verilməsi təmin ediləcəkdir”.

"Üzərindən 5 il keçməsinə baxmayaraq, bu kompensasiyalar ödənilmir. Hanı FHN? Hanı Kəmaləddin Heydərov? Ayrılan pullar hara oldu? Niyə qərarı icra etmirlər?”, – şikayətçilərdən biri "Basta”ya bildirib. 

Qeyd edək ki, ötən müddət ərzində dövlət büdcəsindən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən 320 milyon manat vəsait ayrılıb. Vəsaitlərin xərclənməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə həvalə olunub. Amma zaman keçməsinə baxmayaraq, fəlakətə məruz qalmış yüzlərlə insanın normal yaşayış hüququ təmin edilməyib, ev problemi həll olunmayıb. Yüzlərlə insan dəyən ziyana adekvat olaraq ədalətli kompensasiya ala bilməyib.

Hökumətin rəsmi məlumatına görə zəlzələ nəticəsində Şəki, Qax, Zaqatala, Balakəndə ümumilikdə 5939 evə ciddi ziyan dəyib, 3500-dən artıq ev qəzalı olduğuna görə üçürulub və yeni evlərin tikilməsinə qərar verilib. Amma aparılan araşdırmalara görə, zəlzələnin vurduğu ziyanla müqayisədə ötən müddət ərzində görülən işlərin həcmi və tempi ayrılan vəsaitə adekvat olmayıb.

FHN-nin "Kür” Qərargahının informasiya sorğusuna verdiyi cavabda qeyd olunur ki, Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində 01 noyabr 2012- ci il tarixə kimi FHN- nin müvafiq komissiyası tərəfindən 28 680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çox mənzilli yaşayış binasının bərpası nəzərdə tutulub. Lakin üzərindən 5 il keçməsinə rəğmən FHN bu vədinə əməl etməyib.