"Zəlzələyə çox qalmayıb" - İsa Qəmbər

19-01-2017 02:35 / Bu xəbər 3107 dəfə oxundu

Rusiya soyuq müharibədə Beynəlxalq birliyə məğlub olacaq.

Bu fikri Milli Strateji Düşüncə Mərkəsinin sədri İsa Qəmbər özünün feysbuk səhifəsində yazıb. 

İsa Qəmbər Rusiya xarici işlər naziri Serqey Lavrovun "Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatını belə şərh edib:  

"Əslində Lavrov hamımızın bildiyi bir həqiqəti etiraf etdi:

Rusiya imperiya siyasətini davam etdirir. Əgər Ermənistan Rusiyanın Qafqazda forpostudursa, Moskva da Ermənistanın metropoliyasıdır. Çünki forpost varsa metropoliya da var. Hər forpostun başının üstündə bir metropoliya var. Moskva bu forpostla kifayətlənməyərək Azərbaycanı və bütün Qafqazı öz nəzarətinə almağa çalışır.

Ədalət növbəti geopolitik zəlzələdən sonra bərpa oluna bilər

QUAM ölkələrinin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ərazi bütövlüyü məsələsi Rusiyanın yaratdığı və ədalətli həllinə imkan vermədiyi problemlərdir.

Bu gün bu məsələlər zahirən fərqli görünür: Krım Rusiya tərəfindən ilhaq edilib, Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi” Rusiya tərəfindən tanınıb, Dnestryanı ərazinin və Qarabağın "müstəqiliyi” Rusiya tərəfindən tanınmayıb.

Amma bütün bu ərazilərlə bağlı ədalətin bərpa olunması, bu dörd dövlətin ərazi bütövlüyünün bərqərar olması imkanı eyni vaxtda yaranacaq. Rusiya hazırda yaşanan soyuq müharibədə Beynəlxalq birliyə məğlub olanda. Məncə, bu növbəti geopolitik zəlzələyə çox qalmayıb.

Diqqət etdinizsə, ədalət bərpa olunacaq deyil, ədalətin bərpasına imkan yaranacaq yazdım. Əliyev rejiminin bu yaranacaq imkandan Azərbyacanın haqqı olan Qarabağ üzərində suverenliyi bərpa edə biləcəyinə inanmıram. Bunun üçün Azərbaycanda xalqın seçdiyi hakimiyyət olmalıdır”.

Bastainfo.com