"Zərdabi mükafatı" təqdim olundu

22-07-2019 18:50 / Bu xəbər 868 dəfə oxundu

İyulun 22-də "Hilton" otelinin konfrans zalında Həsən bəy Zərdabi adına jurnalist mükafatının təqdimatı və müasir jurnalistikanın problemlərinə həsr olunmuş "Mətbuat Günü bir ildən sonra. İyuldan iyula" tədbiri keçirilib.

Tədbir Azərbaycan Jurnalistlər Birliyi (AJB), Bakı Mətbuat Klubu və Turan İnformasiya Agentliyi tərəfindən təşkil edilib.

Görüş Milli Mətbuat Gününə həsr olunub.

Müstəqil jurnalistlər, KİV sahəsində ekspertlərin iştirakı ilə keçirilən tədbir Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi adına mükafatın təqdim olunması ilə başlayıb.

"3 ildir mükafatı vermirdik. Çünki düşünürdük ki, azad mətbuat üçün ağır şəraitdə mükafatı vermək olmaz və bir az geri çəkilmişdik. Lakin biz pis dalğanın altına baş vurduq və indi çıxırıq", - Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, "Ayna-Zerkalo" nəşrinin baş redaktoru Elçin Şıxlı mükafatlandırmadan öncə deyib.

O qeyd edib ki, milli telekanallar hələ də müasir yayım standartlarından geri qalır. Eyni zamanda bəzi müsbət halları göstərib.

"İctimai televiziyada və ARB kanalında müsbət tendensiyalar nəzərə çarpır. Ən azı yaxşılığa doğru dəyişməyə cəhdlər var və bu, davam etməlidir. Telekanalların rəhbərliyi artıq başa düşür ki, biz doğru informasiyanı özümüz verməliyik", - E.Şıxlı bildirib.

O, media sahəsində müsbət trendlər sırasında Turan agentliyinin direktoru Mehman Əliyevin və jurnalist Rauf Mirqədirovun həbsdən buraxılmasını göstərib.

Zərdabi mükafatı İTV-nın əməkdaşı Orxan Fikrətoğluna, ARB- Aran regional telekanalının nümayəndəsi Rəna İbrahimovaya, müstəgil jurnalist Kamran Mahmudova, Turan agentliyinin redaktoru Şahin Hacıyevə və araşdırmaçı-jurnalist Dilgəm Əhmədə verilib.

Sonra Turan agentliyinin direktoru Mehman Əliyev "Mətbuat Günü bir ildən sonra. İyuldan iyula" hesabatını təqdim edib. Hesabatda jurnalistlərin və ekspertlərin son ildə KİV sahəsində vəziyyətə dair 25 məqaləsi toplanıb.

M.Əliyev qeyd edib ki, il ərzində mənfi proseslərin qarşısının alınması üçün baş verən hadisələrlə bağlı materiallar hazırlanıb. Buna misal kimi o, saytların bloklanmasını və bu prosesin qarşısının alınmasını göstərib.

Media sahəsində ekspert Xalid Ağəliyev media qanunvericiliyi, jurnalistlərə qarşı açılan cinayət işləri və informasiya əldə edilməsi ilə bağlı problemlər barədə danışıb.

O qeyd edib ki, informasiya əldə edilməsi haqqında qanuna dəyişiklik edilib və dövlət qurumları maliyyə vəziyyəti barədə hesabatları öz saytlarında yerləşdirməlidir. Lakin əksər hallarda qanuna əməl olunmur.

Bu müddətdə məhkəmələr yaydıqları məlumatlara görə 3 jurnalistin barəsində cinayət cəzası barədə qərar çıxarıb.

Ümumiyyətlə, 29 jurnalisə qarşı məhkəmə işləri olub. 13 dəfə jurnalistlər informasiyanı əldə etmədiklərinə görə məhkəməyə üz tutublar, lakin heç birini qazanmayıblar. Məhkəmələr cavabdehin tərəfini tuturlar.

"Həbsdə olan jurnalistlər var. Onların bəzisi uzun müddətdir həbsdədir. Ümid edirəm ki, gələn il həbsdə jurnalist olmayacaq", - o vurğulayıb.

Media sahəsində ekspert Ələsgər Məmmədli bildirib ki, online media ənənəvi medianı sürətlə əvəzləyir. Hətta yerli televiziya ictimai gündəmin nəbzini tuta bilmir, ancaq təbliğat ilə məşğul olur.

Ə.Məmmədli saytların bloklanmasının beynəlxalq konvensiyalara zidd olduğunu bildirib.

"Bu gün 60 resurs bloklanıb, onlardan 7-nin barəsində məhkəmə qərarı var. Qalanlar hansısa məmurun qərarı ilə bloklanıb. Bu, Azərbaycanın imicinə ziddir, biz media azadlığı ilə bağlı bütün reytinqlərdə aşağı yer tuturuq. Aidiyyatlı orqanlar bu haqda fikirləşməlidir", - o vurğulayıb.

Media sahəsində ekspert Qulu Məhərrəmli əhalinin yerli telekanallara marağının olmamasına diqqəti yönəldib.

"TV-də plüralizm, sərbəst fikir səsləndirmək imkanı yoxdur, ancaq təbliğat aparılır, jurnalist peşəkarlığında problem var. Ona görə yerli əhali xarici televiziyalara üz tutur", - Q. Məhərrəmli qeyd edib.

Politoloq Nəsimi Məmmədli ictimai rəyin formalaşmasında sosial şəbəkələrin önə çıxması haqda danışıb.

Onun sözlərinə görə, KİV üzərində dövlət nəzarəti onların etibarlı informasiya mənbəyi kimi dəyərdən düşməsinə gətirib çıxarıb. Belə siyasət nəticəsində auditoriya sosial şəbəkələrə üz tutmalı olur.

Hakimiyyətin ənənəvi hökumətyönlü KİV vasitəsilə öz opponentlərini aşağılaması isə sosial şəbəkələrdə cavab reaksiyasına səbəb olub. Belə siyasətin nəticəsində yaranmış informasiya məkanında düşmənçilik dili və aqressiya üstün olub.

Turan agentliyinin direktoru Mehman Əliyev medianın iqtisadi əsaslarına da toxunub.

Statistika Komitəsinin məlumatına görə, medianın reklam bazarının həcmi 7 mln. 742 min manatdır. Bunun 6,9 mln. manatı televiziyanın, 300 min və 400 min radio və İnternet-medianın, cəmi 1000 manat isə çap medianın payına düşür.

ÜDM-də reklam bazarının həcmi 0,008% təşkil edib ki, bu da beynəlxalq qəbul edilmiş normadan yüz dəfə azdır.

Statistik məlumatlar göstərir ki, KİV öz mövcudluğunu təmin etməyə qadir deyil və əsasən hakimiyyət tərəfindən qeyri-leqal yollarla maliyyələşir.

"Belə acınacaqlı durum azad medianın inkişafına şərait yaratmır və ildən- ilə vəziyyət pisləşir", - M.Əliyev vurğulayıb.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev qeyd edib ki, KİV sahəsində indiki uğursuz siyasət dəyişməsə, onlar cəmiyyət tərəfindən tələb olunmayan informasiya məhsulları kimi məhv olacaqlar.

"Gürcüstanda təkcə televiziyaya ayrılan reklam bazarı Azərbaycanın bütün media reklamı bazarından 18 dəfə çoxdur. Azərbaycanda media "günah keçisi"nə çevrilib və vəziyyət dəyişmir", - A.Əliyev vurğulayıb.