Zibillikdən pul çıxaran Qarabağ döyüşçüsü... - FOTOREPORTAJ

Zibillikdən pul çıxaran Qarabağ döyüşçüsü... - FOTOREPORTAJ

21-10-2016 13:16 / Bu xəbər 1638 dəfə oxundu

"Gedib zibillikdən plastik qablar yığıram. Polislər bu işimi də mənə çox görürlər. Deyirlər ki, şəhərdə bu zibillərlə gəzmək olmaz. 48 manat pensiya alıram. Onun da 25 manatını 3 ildir ki, götürdüyüm kreditə görə "Unibank" hesabımdan çıxır. Götürdüyüm 500 manat krediti normal ödəmək imkanım yoxdur".

Bunu Toplum.tv-yə uzun müddətdir ki, bir neçə özü kimi evsiz insanla küçədə məskunlaşan  52 yaşlı Gəncə sakini İsmayılov Əlləddin deyib. O, Qarabağ əlili olduğunu deyir. 
 
"İş tapa bilmirəm..."

Gözdən əlil olduğu üçün iş tapa bilmiədiyini deyən Ələddinin İsmayılovun sözlərinə görə, bütün ailə üzvlərini itirib, sonralar da borca düşərək evini satıb. Həyat yoldaşı isə bu hadisələrdən sonra onu tərk edib.
 
"Ərizə yazıb könüllü Qarabağa döyüşməyə getmişəm...". 

"Yerdə qalan 23 manatla da aylıq dolanışığımı təmin etmək məcburiyyətindəyəm. Zibillərdən qazandığım isə qəpik-quruşdur. 90-cı ildən bu yana da, müharibədə aldığım yaradan dolayı 1-ci qrup gözdən əliləm. Gözümə pratez qoydurmaq üçün həkimə getdim. Məndən 350 manat istədilər. Baxmayaraq ki, mən Qarabağ döyüşünə ərizə yazıb könüllü gedən adam olmuşam. İndi da zibil yığıb çörək pulumu qazanıram deyə camaat məni görəndə qovalayır. Budurmu ədalət?!”, - deyir Ələddin İsmayılov. 


"Küçələrdə məskən salmışam"

Qarabağ döyüşçüsü olduğunu deyən Ələddin İsmayılov dövlətin ona biganəliyindən də gileylənir: "O qədər boş binalar var ki, dövlət insanların evlə təmin etmir. Küçələrdə məskən salmışıq. Bir iş versinlər işləyək. Heç olmazsa kirayə versinlər”.
 

Eimad Əsədov: "150 manatdan aşağı pensiya almamalıdır”

Durumla əlaqədar "Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədovun fikirlərini öyrənməyə çalışdıq. Birliyin sədri mövzunu öyrəndikdə narahatlığını dilə gətirərək şəxsin aldığı pensiya məsələsinə də toxundu: "Bu şəxs Qarabağ əlili olaraq, 316 manat əlilik dərəcəsinə və 160 manat isə prezident təqaüdü almalıdır ki, bu da 476 manat edir. Hətta şəxs Qarabağ əlili deyilsə və məişət şəraitində əlil olubsa belə, 150 manatdan aşağı pensiya almamalıdır”.
 

Nazirlik: "Noyabrdan siyahı sırılanıb..."

Ələddin İbrahimovun əlillik statusunu öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 142 çağrı mərkəzi ilə əlaqə yaratdıq. Nazirlikdən bildirdilər ki, hazırda onun adı siyahıda yoxdur: "Ötən ilin noyabr ayından siyahılar sıfırlandıqdan sonra yəqin, müraciət etməyib. Ona görə də adı siyahıda yoxdur". 

İqrar Qurban
Toplumtv.com