Özünə kənardan bax, cənab məmur!

Özünə kənardan bax, cənab məmur!

30-04-2017 01:39 / Bu xəbər 1513 dəfə oxundu

Hə, cənab məmur!

Öz aləmində özünü normal insan sanırsan. Ailən, uşaqların, dostların var. Hesab edirsən ki, heç kimdən əskik kişi deyilsən. Ola bilər ki, sən də öz uşaqlarına öyüd-nəsihət verirsən. Guman ki, onlara vicdanlı olmağı yox, var-dövlət, vəzifə sahibi olmaq üçün "başıaşağı” olmağın incəliklərini öyrədirsən. 

Ola bilər ki, qohumlarına, dostlarına qayğı göstərirsən və bunu özünün yaxşı insan olduğunun ən böyük sübutu olduğunu düşünürsən.

Məmursan, öz rəhbərinə, təmsil olunduğun iqtidara xidmət edirsən. Bunu həm öz karyerana görə edirsən, həm də, yəgin ki, rəhbərə xidməti də bir sədaqət nümunəsi sayırsan.

Amma gəl, xidmət etdiyin rəhbərə, təmsil olunduğun iqtidara bir başqa gözlə də bax. Gəl, özünə də bir başqa gözlə bax.

Aldığın rüşvətləri, konvertləri bir kənara qoyuram. Məsələn, gəl, özünə oğlu şərlənərək həbsə atılan bir gəncin anasının gözü ilə bax.

Yaxud həbsxanada intihara vadar edilən bir siyasi məhbusun övladının gözü ilə bax.

Yaxud icazə mitinqdə iştirak etdiyi üçün işdən çıxarılan bir həkimin, müəllimin çörək, içıqpulu, kredit borcu qayğıları ilə yaşayan xanımının gözü ilə bax.

Yaxud müxalifətin mitinqində iştirak etdiyi üçün atası, anası, bacısı, qardaşı polisə aparılan bir eloğlunun gözü ilə bax.

Yaxud şəhid anasının gözü ilə bax…

"Bütün bunların şəxsən mənə nə aidiyyatı var?”, deyə etiraz edəcəksən. Bütün despotik rejimlərdə belədir: Sistem elə qurulub ki, bütün murdarlıqlar baş verir, amma baş verən murdarlığa görə bilavasitə heç kim məsuliyyət daşımır.

Məsələn, şərlənib həbs olunan Mehman Qələndərov ötən gün Kürdəxanı həbsxanasında müəmmalı şəkildə intihar edib. Buna görə heç kim özünü günahkar saymır.

Onun üzünə duran polisi dindirsən, deyəcək ki, rəis deyib eləmişəm, işləyirəm, ailə saxlayıram, qohumlarıma əl tuturam, adam öldürməmişəm ki, sadəcə protokol yazmışam.

Onun həbsinə sanksiya verən hakimdən, prokurordan soruşsan, deyəcəklər ki, bizim nə günahımız var, təqdim olunan protokol və izahatlara uyğun qərar çıxarmışıq, adam öldürməmişik ki.

Türmənin rəisindən, nəzarətçidən soruşsan, deyəcəklər ki, bizlik nə var, məhkəmənin qərarı ilə gətiriblər, onu həbsdə saxlamaq vəzifə borcumuzdu, biz öldürməmişik ki.

Adam ölüb, amma buna görə məsuliyyət daşıyan kimsə yoxdur, yaxud məsuliyyət daşıyanların hər biri öz aləmlərində "kişi” adamlardır… 

Qonşu kəndimizdə Rəvan adlı bir yaraşıqlı, şən, gülərüz oğlan vardı. Anası Həvva xala onu 9 ay bətnində, 9 il qucağında, 9 il də gözünün ucunda, kasıbçılıq içində böyütmüşdü. Bəzən özü ac yatmışdı, son tikəsini də oğluna yedirtmişdi. Ömür boyu əl qabarı ilə yaşayan bu ailə, hər nə qədər çalışsa da, sizin ildən ilə "inkişaf etdiyiniz” bu məmləkətdə, ildən ilə kasıblaşmışdı. 

Kasıbdan da kasıb! Sən bunu anlamazsan, cənab məmur, görməyən bilməz!

Rəvan şəhid oldu, cənab məmur. Allah balalarınızı saxlasın, amma təmsil olunduğunuz iqtidar elə şərait yaradıb ki, şəhidlikdən övladlarınızı özünüz qoruyursuz, Allaha ehtiyacınız qalmayıb…

Rəvanın dəfn mərasimində icra başçısı ehsanın xərcini ödədi, jurnalistlərə poza verib getdi. İlham Əliyev də onu "Hərbi xidmətdə fərqləndiyinə görə” medalı ilə təltif elədi. Bitdi!

Həvva xalanın yanğısı bitmədi amma. Bitməyəcək də heç vaxt!

Bir var "elnən gələn dərd”, bu, "toy bayramdı” deyiblər. Amma hər kəs, hətta içindəki üsyanı ifadə edə bilməyən Həvva xala da dərk edir ki, bu, "elnən gələn dərd” deyildi.

Oğlu əsgərliyə çağrılanda, ondan 2500 manat rüşvət istəmişdilər. Demişdilər ki, bu pulu versən, oğlun döyüş bölgəsinə düşməyəcək.

İndi Həvva xala, hər gün məmurların, onların əhlikef övladlarının kef-damağ içində yaşadığını, bahalı maşınlarda hər gün yanlarında yeni bir "xanım”la soldan-saga, sağdan sola şütüdüyünü görür. 

Cəsarəti çatıb dillənmir. Gücü, uzaqbaşı, onunla birgə göyərti satan qonşularına "Niyə ancaq kasıbların övladları şəhid olur” sualını verməyə yetir. O, bu iradı efirdə deməyəcək, cənab məmur, amma bu irad onun qəlbindən də heç vaxt silinməyəcək. Özünə bir də Həvva xalanın gözü ilə bax. 

"Mən oğlumu cavan ölmək üçün böyütməmişdim. Kim sahibim olacaq? Axı Rəvan mənə deyirdi ki, ay ana, böyüyüb bütün zəhmətlərinin əvəzini verəcəm. Atası rəhmətə gedəndə Rəvanın 2, böyük qızımın 5 yaşı var idi. Onları bu kənd yerində zəhmətlə böyütdüm. Kimsənin qazanına, çörəyinə göz dikməyə qoymadım. Aclığımızdan, toxluğumuzdan kimsənin xəbəri olmadı. 2015-ci ilin aprel ayında əsgər yola saldım. O əsgər getdiyi gündən sonra dolu zənbillərlə Tərtərə, Goranboya… iki-üç aydan bir görüşünə getdim. Evdə tək qala bilmirdim. Elə bilirdim ki, bütün evi yığıb aparıb Rəvan. Deyirdi ki, ay ana, mən balaca deyiləm, əziyyət çəkmə. Kaş axırıncı dəfə 10 gün balamın yanında qalaydım, doyardım, bəlkə ətrindən”, – Həvva xala mikrofona yalnız bunu deyir, yaxud onun dediklərindən yalnız bunu dərc edirlər. 
Həyatı boyunca boynubükük olan, bütün bəlalara görə yalnız özünü günahkar sayan Həvva xala indi də özünü qınayır: "kaş inəklərimi satıb o 2500 manatı verəydim” deyir. Həvva xala dərk eləmir, bunu sənin üzünə demir, mənsə üzünə deyirəm, cənab məmur: Vətənə bir oğul verəsən, bir də üstündə rüşvət verəsən?? 

Sən özünə bir də mənim gözümlə bax. Hər əyrini görən, buna görə öz daxilində əzab çəkən, gücü ancaq əyriləri yazmağa yetən Mustafa Hacıbəylinin gözü ilə. 

Mustafa Hacıbəyli
Bastainfo.com