Üzrsüz səbəbdən ünvanlı yardım verilməsi halları aşkar edilib

Üzrsüz səbəbdən ünvanlı yardım verilməsi halları aşkar edilib

15-04-2019 12:05 / Bu xəbər 1053 dəfə oxundu

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabirabad, Zaqatala, Gədəbəy və Şəmkir rayonlarında aparılmış auditlər üzrə ünvanlı dövlət sosial yardımının təyinatı və ödənilməsi ilə bağlı nöqsanlar müəyyən edilib.

Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatında bildirilir.

Hesabata görə, həmin nöqsanlar əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan sosial yardımın təyin edildiyi (01.04.2017-ci il tarixədək həyata keçirilmiş təyinatlar üzrə) aşkarlanıb.

Müvafiq qanunvericilikdə sosial yardım təyin edilən ailənin maddi-məişət şəraitinin əyani müayinə edilməsi ilə bağlı tələb nəzərdə tutulsa da, 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə təyin olunan işlər üzrə həmin fəaliyyət həyata keçirilməyib.

"Nəticədə isə ailə tərkibi və faktiki yaşayış yeri haqqında təmsilçi tərəfindən təqdim edilmiş səhv məlumatlar vaxtında aşkar edilməyib, təmsilçi tərəfindən ailənin torpaq paylarından, yardımçı təsərrüfatdan gəlirləri haqqında məlumatların təqdim edilməməsi, müxtəlif dövrlərdə bağlanmış hesabların qalıqlarının araşdırılmaması hallarına rast gəlinib. Həmçinin, inteqrasiya olunması nəzərdə tutulan müvafiq elektron bazaların mövcud olmaması və ya qənaətbəxş səviyyədə olmaması səbəbindən bir çox səhv məlumatlar, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması, sosial yardımın üzrsüz səbəbdən 3 aydan artıq müddətdə alınmaması VEMTAS vasitəsilə də aşkar edilməyib, nəticədə hesablarda qalmış vəsaitlərlə birlikdə ünvanlı dövlət sosial yardımı üzrə ümumilikdə 735,0 min manat vəsait artıq ödənilib. Əvvəlki dövrlərdə təyin edilmiş və müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə hesablarda ümumilikdə 50,5 min manat vəsait qalığı olub, həmin vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olunub”, - deyə hesabatda bildirilir.

Bundan başqa, dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinət və təqaüdlərin təyinatı və ödənilməsi zamanı da nöqsanlara yol verilib, vətəndaşların sosial müavinət almaq hüququna malik olması vəziyyəti ətraflı araşdırılmayıb, əmək pensiyası almaq hüququ olan vətəndaşlara sosial müavinət ödənişi həyata keçirilib, nəticədə ümumilikdə 102,4 min manat artıq vəsait ödənilib.