1 milyon borcu olan MMC 2.7 milyonluq tenderi necə uddu? - FOTO

1 milyon borcu olan MMC 2.7 milyonluq tenderi necə uddu? - FOTO

19-08-2020 02:50 / Bu xəbər 3322 dəfə oxundu

Avqust ayının 18-də İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2.754.139 manatlıq tenderə yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin "Texniki və elektrik mallarının, proqram təminatlarının, lisenziyaların satın alınması, quraşdırma və digər işlərin görülməsi və xidmətlərin göstərilməsi" lotu üzrə sifarişçi olduğu tenderin qalibi "Caspel" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. 

"Caspel" MMC 2005-ci ilin avqust ayında dövlət reyestrində qeydiyyata alınıb.
 
İyirmi manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 50 B, qanuni təmsilçisi isə Quliyev Ceyhun Məhi oğludur. 

"Dövlət Satınalmaları Haqqında" Qanunun tələblərinə görə tenderdə iştirak edəcək şirkətlərin tender komissiyasına təqdim etdiyi vacib sənədlərdən biri də Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışıdır. 
 
"Caspel" MMC-nin hazırda dövlətə olan vergi borcu 1.367.488 manat təşkil edir.  

Xatırladaq ki, "Caspel" MMC-nin keçmiş Vergilər Naziri Fazil Məmmədovun kürəkəninə məxsus olduğu deyilir. Belə ki, "Caspel" MMC-nin qanuni təmsilçisi Ceyhun Quliyev Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. 
 
Namiq Quliyev Fazil Məmmədovun Vergilər naziri olduğu illərdə uzun müddət Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 
 
Yerli mediada yazılanlara görə, "Caspel” şirkəti vaxtilə iş adamlarına satdığı kassa aparatlarından 100 milyonlarla vəsait qazanıb.