10 sutka həbs alan müsavatçının işgəncəyə məruz qaldığı bildirilir

10 sutka həbs alan müsavatçının işgəncəyə məruz qaldığı bildirilir

20-01-2025 20:04 / Bu xəbər 136 dəfə oxundu

"Əlikram Xurşidov dəyənəklə döyülüb”. 

Müsavat Partiyasının Məclis üzvü Əlikram Xurşidov həbs olunub. 

Yaxınlarının bildirdiyinə görə, yanvarın 19-na keçən gecə saat 2 radələrində Şirvan şəhərində yaşadıqları evə 20-yə yaxın polis hücum edərək müsavatçını zorakılıqla aparıb: "Hasardan həyətə düşüb, evin qapısını təpikləyirdilər. Gecə idi deyə hamı yataq paltarında idi. İmkan vermədilər ki, adamlar əyninə düz-əməlli paltar geyinsin. Belə zülm, belə abırsızlıq olmaz. Səs-küyə uşaqlar, gəlin, qonşular da oyanmışdı. Uşaqlar ağlaşırdı, onların gözünün qabağında Əlikramə dubinka ilə döyə-döyə yerə yıxdılar, qandalladılar, apardılar. Evi axtarıb, alt-üst elədilər, telefonunu da götürdülər”.

Ailəsindən onu da bildiriblər ki, bu hadisələr baş verməmişdən əvvəl Əlikram Xurşidovun yaşadığı evin işığı məqsədli şəkildə söndürülüb.

Yaxınları yanvarın 19-da səhər saatlarından bir neçə dəfə Şirvan Şəhər Polis Şöbəsinə getsə də, Əlikram Xurşidovun yeri, saxlanma səbəbi barədə heç bir məlumat ala bilməyib. 

Günorta isə onlara xəbər çatdırılıb ki, Əlikram Xurşidov polis idarəsində işgəncə altındadır, ona elektroşok verilib.

Yanvarın 19-da axşam saatlarında isə yaxınlarına Əlikram Xurşidova 10 sutka inzibati həbs cəzası verildiyi deyilib.

Şirvan Şəhər Polis Şöbəsindən bu məlumatı Meydan TV-yə də təsdiqləyiblər. 

Bildirilib ki, idarədə Əlikram Xurşidov haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib edilib və günorta saat 14.00-15.00 radələrində o, məhkəmə qarşısına çıxarılıb: "Şirvan Şəhər Məhkəməsində hakim Əli İmanov onun haqqında qərar verdi”.

O da məlum olub ki, bu hadisədən əvvəl Əlikram Xurşidov dostlarına onun həbsinə hazırlıq getdiyini, təxribat xarakterli planlar hazırlandığını deyib. 

Bu barədə məlumat verən dostu, Müsavat fəalı Əziz Məmiyev bildirib ki, Əlikram Xurşidova özünü "Hacı” kimi təqdim edən bir nəfər zəng edib evini təmir etdirmək istədiyini deyib: "Deyib ki, "bir neçə il əvvəl evimi təmir eləmisiniz, razı qalmışam, indi yenə təmir elətdirmək istəyirəm”. 

Əlikram Xurşidov bundan əvvəl bir dəfə 2017-ci ildə siyasi məhbus həyatı yaşayıb, o zaman səhhətində ciddi xəstəliklər yaranıb, hazırda böyrək çatışmazlığından əziyyət çəkir. 

Deyib ki, xəstəliyimlə əlaqədar təmir işlərilə məşğul olmuram: "Zəng eləyən deyib ki, narahat olma, heç kim sənin iş yerini bilməyəcək. Əlikram Xurşidov əmin olub ki, ona "torba tikirlər”. Deyib ki, sizə dedim axı, müalicə alıram, təmir işlərilə məşğul olmuram. Ondan sonra həmin adam qayıdıb ki, sərt yazırsan-filan. Əsl məqsədini bəll edib. Zəng eləyən adam əslində, Orxan İbrahimov adlı şəxs imiş. Məqsəd də Əlikram bəyin nə yolla olursa olsun, evdən çıxmasına nail olmaq imiş”.

Bundan başqa, Əlikram Xurşidov dostlarına deyib ki, Şirvan Şəhər Polis Şöbəsinin Bəhruz adlı əməkdaşı da onun haqqında məlumat toplayırmış. 

Onun həbsindən əvvəl dostlarına dediyinə görə, sözügedən Bəhruz adlı şəxs narkotik maddə satışıyla məşğul olan şəxslərlə əlaqə barədə şikayətlərdən sonra işdən çıxarılıb. Lakin sonra yenidən polis şöbəsinə işə qayıdıb.

47 yaşlı Əlikram Xurşidov bundan əvvəl 2017-ci ilin noyabrında həbs olunub. 

O, xuliqanlıq ittihamı ilə 5 il azadlıqdan məhrum edilib. 

2019-cu ilin martında əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

O zaman da Müsavat fəalı siyasi fəaliyyətinə görə şərlənərək həbs olunduğunu bildirmişdi.