''12 ildir, binanın tikilməsini gözləyirik''

''12 ildir, binanın tikilməsini gözləyirik''

16-08-2018 15:32 / Bu xəbər 2139 dəfə oxundu

''Qlobal SF'' MMC-dən mənzil alanlar deyir, ''gözləməkdən səbr kasamız dolub''

"Səbr kasamız dolub… Nəinki dolub, artıq kasa da sınıb. 12 il mənzil gözləmək olar?.. Az qala, bir igidin ömrüdür. Aparıb bir ətək pulu vermişəm, mənzil almışam, ancaq 12 ildir kirayələrdə qalıram”.

Səfərovlar ailəsi illərdir ki, "Qlobal SF” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində hazırda tikintisi yarımçıq qalmış binadan mənzil alıb. Ancaq ailə hələ də kirayələrdə yaşayır. Ailənin başçısı Pərvin Səfərov deyir, o, bu şirkətin o vaxtlar yeni tikməyə başladığı həmin binadan ilk mənzil alan şəxslərdəndir.

"200 nəfərdən çox adamı aldadıblar"

"Təkcə iki blokda azı 200 ailə var. Ümumilikdə, ailələrin sayı bundan çoxdur. Adam var ki, çıxmışdı binanın başına özünü atsın. Hamını şirin dillə qarşılayıb, yola salırlar – get, sabah gəl, get, birigün gəl... Bu qədər sakinə ümumilikdə 1 milyondan çox zərər dəyib. İllədir insanları gah hədə-qorxu altında saxlayırlar, gah yalvarırlar ki, şikayət etməyin, az qalıb, tikinti davam edəcək… Hara davam edir? İllər əvvəl binanın tikintisi necə yarımçıq qalıbsa, hələ də daş üstünə daş qoyulmayıb”.

Eyni şirkətdə mənzil üçün 41 min manat ödəmiş Həsənovlar ailəsi də kirayədə yaşayır. Ellada Həsənova deyir, 2009-cu ildə həyat yoldaşı şirkətə pul ödəyəndə tikinti davam edirmiş:

"Pulu alanadək min cür dil tökdülər, satış şöbəsinin müdiri dedi, uzağı 1 ilə bina hazır olacaq. Dedik, 1-cə il çətinliyimiz var, birtəhər kirayədə yaşayarıq. O qədər məharətlə inandırmışdılar ki, hələ tikilməyən evə mebellər də seçmişdim. Sonra aradabir tikinti dayandı, yenə davam etdi… Bir övladımı ali məktəbə, bir övladımı isə hərbi xidmətə kirayədən yola salıb qarşıladım. Əvvəllər işləyirdik, kirayəni ödəyirdik, indi iş də yoxdur. 41 min manatımı hara xərcləyiblər, bilmirəm. İndi o pulun dəyəri də 9 il əvvəlki deyil. Manat günbəgün "ölür”, nə pulumuzu qaytarırlar, nə evimizi tikirlər”.

"Daha nağıllara inanmırıq" 

Tərlan Əlizadə deyir, 2010-cu ildən qulağı nağıl eşitməkdən bezib:

"Bizdən aldıqları pulları tikintiyə sərf etsəydilər, bina çoxdan hazır idi, adamlar da evlərində yaşayırdı. Nağıllar hələ də davam edir. Gah deyirlər, Fövqəladə Hallar Nazirliyi imkan vermir, gah deyirlər, Bakı Şəhər İcra Hakimiyyəti mane olur… Halbuki, 2008-ci ildə ordan mənzil alanda bizə demişdilər, bina uzağı 1 ilə hazır olacaq, 10 il keçir”.

Tərlan Əlizadə 

İnşası yarımçıq qalmış bina ATV telekanalının keçmiş rəhbəri Tağı İbrahimova məxsusdur. Tikinti əvvəllər fasilələrlə davam edib, 2013-cü ildə isə tamamilə dayandırılıb. Şikayətçilər deyir, mənzillərinə görə Tağı İbrahimovla, onun yaxın qohumu Həmid İbrahimovla, başqa qohumu olan satış şöbəsinin müdiri Əmrah Fətullayevlə dəfələrlə görüşüblər. Hər dəfə bildirilib ki, tikintinin davam etdirilməsi onların iradəsi xaricindədir:

"Bizə deyirlər, gedin, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti ilə danışın, imkan versinlər, tikək, evlərinizi paylayaq. Açıq-aşkar deyirlər ki, "bizlik deyil”. Biz də tələb edirik ki, bacarmırlar, pullarımızı qaytarsınlar. Deyirlər, pul yoxdur. Yıxırlar devalvasiyaların boynuna”.

"Tağı İbrahimov deyib ki..."

Pullarını şirkətdən ala bilməyən vətəndaşlar dəfələrlə Prezident Administrasiyasının və Nazirlər Kabinetinin qarşısında toplaşıblar. Ötən həftə vətəndaşlar kömək üçün növbəti dəfə eyni qurumların qarşısına gediblər. Ancaq onları qəbul edib dinləyən olmayıb.

Meydan TV ATV-nin keçmiş prezidenti Tağı İbrahimovla əlaqə yarada bilməyib. Ancaq bu ilin fevralında o, "Bizim yol” qəzetinə açıqlama verib ki, tikintini Fövqəladə Hallar Nazirliyi dayandırıb. Yaxın vaxtlarda iş davam edəcək:

"Mən ora 20 milyon pul qoymuşam. Ağlım başımdan getməyib ki, tikintini dayandıram. Sadəcə Nazirlər Kabinetinin əvvəlki qərarı ilə biz tikinti etmişik, indi də qaydalar dəyişib. Bu səbəblə FHN-də haqlı olaraq tikintini saxlayıb. Bu gün bu məsələ ilə bağlı şəxsən qəbulda olmuşam və məsələ həllini tapıb. Orda yüksəklik çox olduğu üçün bərkitmə işləri aparmalıyıq. Bunun üçün də müvafiq idarədən rəy alınmalıdı. Biz bərkitmə işlərini edəcəyik, onlar da rəy verəcək və biz tikintini yekunlaşdıracağıq”. 


İş adamı tikintinin 2013-cü ildən dayandırılması və sakinlərin 1 milyona yaxın pulunun mənimsənilməsi xəbərinin doğru olmadığını bildirib. Deyib ki, tikinti cəmi 6 aydır dayanıb. O, pulların mənimsənilməsinə də aydınlıq gətirib. Bildirib ki, vətəndaşlar mənzillərə görə kiçik məbləğlər ödəyiblər. Mənzillər də tam hazır olduqdan sonra satılacaq və vətəndaşların narahatlığına səbəb yoxdur.

Şikayətçi vətəndaşlar Meydan TV-yə bildiriblər ki, bir neçə gün əvvəl Prezident Administrasiyasının qarşısına toplaşandan sonra tikintidə bir neçə fəhlə görünməyə başlayıb.