1200 nəfərə "Müharibə veteranı" adı verilib

1200 nəfərə

09-03-2021 17:58 / Bu xəbər 2663 dəfə oxundu

Nazirlər Kabinetinin hesabatına görə, ötən il 94 nəfər insan alverinin qurbanı olub

2020-ci ildə Müdafiə Nazirliyində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən 7,4 min ərizənin baxılması təmin edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında məlumat verilir.

Komissiyanın qərarları əsasında 1,4 mindən çox şəxsə müvafiq veteran adı və vəsiqəsi verilib . Onlardan 1,2 min nəfəri müharibə veteranı, 182 nəfər Silahlı Qüvvələr veteranı və 5 nəfər Əmək veteranı adı alıb.

Azərbaycana gəlmək istəyən 106 nəfər arzuolunmaz şəxs kimi geri qaytarılıb

"Ötən il ərzində ümumilikdə 154 nəfər saxta, 17 nəfər özgəsinə məxsus sənədlə və 3 nəfər gizli şəkildə dövlət sərhəddini keçməyə cəhd göstərərkən aşkarlanaraq saxlanılıb. Həmin şəxslərin barələrində müvafiq qərarlar qəbul edilib”, - hesabatda deyilir.

Dövlət sərhəddindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu sənəd) 2,1 min nəfər barəsində müvafiq qərarlar qəbul olunub.

Xaric olunma faktı ilə 152 halda 289 nəfər və ekstradisiya faktı üzrə isə 28 halda 62 nəfər qeydə alınıb.

Xarici ölkələrdən Azərbaycana gəlmək istəyən ümumilikdə 92 halda 106 nəfər arzuolunmaz şəxs qismində saxlanılaraq geri qaytarılıb.

"Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin xarici ölkələrə səfərlərinin qarşısının alınması məqsədilə onların siyahısı yenilənib və müvafiq nota ümumilikdə 75 dövlətin xarici siyasət idarələrinə fərdi qaydada təqdim edilib”, - sənəddə qeyd olunub.

Ötən il 94 nəfər insan alverinin qurbanı olub

Hesabatda vurğulanır ki, ötən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 155 insan alveri və 5 məcburi əmək cinayəti qeydə alınıb, 7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib. Bu hüquqazidd əməllərin qurbanı olan 94 şəxs müəyyən edilib: "Qurbanların hər biri sığınacağa yerləşdirilib, onların müdafiəsi, tibbi, psixoloji yardımla əhatə olunması, zəruri geyimlə təmin edilməsi üçün lazımi tədbirlər görülüb”.

Nazirlər Kabinetinin qərarına əsasən, insan alveri qurbanlarına birdəfəlik müavinətlər verilib, 12-si işlə təmin edilib, 25-i peşə kursuna, 22-si yardım mərkəzinə göndərilib.

Dini təbliğatla məşğul olan 11 nəfər barədə cinayət işi başlanılıb

Hesabat dövrü ərzində qanunsuz dini təbliğatla məşğul olan 11 nəfər barədə cinayət işi başlanılıb, 28 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb, 2 nəfər inzibati qaydada həbs edilib.

Həmin şəxslərdən 627 ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, 249 ədəd audio və video disk, digər dini əşyalar aşkar edilərək götürülüb.

Meydan.Tv