18 beynəlxalq təşkilat Azərbaycandakı siyasi həbslərlə bağlı çağırış edib
19-09-2024 12:16 / Bu xəbər 477 dəfə oxundu
Onlar Alen Berseni siyasi məhbus mövzusunu prioritet saymağa çağırıblar
18 beynəlxalq insan hüquqları təşkilatı Avropa Şurasının yeni Baş katibi Alen Berseyə məktub ünvanlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti, jurnalist və fəalların kütləvi həbsinə diqqət çəkiblər.
Onlar Alen Berseyə yazdıqları məktubda qeyd ediblər ki, Azərbaycanda insan haqları böhranı ofisinizin yüksək prioriteti olmalıdır.
Bu barədə sentyabrın 18-də "Turan” məlumat yayıb.
Beynəlxalq insan hüquqları təşkilatları hesab edirlər ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsindən sonra, həmçinin Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində Azərbaycanda repressiyalar nəzərəçarpacaq dərəcədə intensivləşib: "Ölkədə demək olar ki, heç bir müstəqil vətəndaş cəmiyyəti subyekti qalmayıb. Müstəqil media qurumlarının rəhbərləri həbs ediliblər, hakimiyyət orqanları hüquq müdafiəçilərinə, eləcə də akademiklərə və tədqiqatçılara təzyiqləri artırıb. Repressiya getdikcə daha çox gənc fəallara yönəlir”.
Hüquq müdafiəçisi Anar Məmmədlinin aprel ayında saxta ittihamlarla yenidən saxlanıldığını qeyd edən müəlliflər onun həbsini Azərbaycanda 2024-cü ildə repressiyaların artmasının "rəmzi göstəricisi” kimi qiymətləndiriblər: "Aprelin 29-da mülki geyimli polislər tərəfindən saxlanılan Anar Məmmədlinin barəsində növbəti gün məhkəmə "qaçaqmalçılıq” ittihamı ilə həbs qətimkan tədbiri seçib. O, ittihamı qondarma adlandırıb. Seçki hüququ və seçkilərin müşahidəsi üzrə tanınmış ekspert Anar Məmmədli həmçinin bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 – Ədalət Mühiti Təşəbbüsünün təsisçilərindəndir”.
Beynəlxalq təşkilatlar Anar Məmmədlinin həbsinin fevral ayında Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin nəticələrini dərc etməsindən və Ədalət Mühiti Təşəbbüsünün yaradılmasının elan edilməsindən dərhal sonra baş verməsinə diqqət çəkiblər: "Amma Anar Məmmədli Azərbaycanda yeganə siyasi məhbus deyil. Azərbaycan vətəndaş cəmiyyətinin məlumatına görə, ölkədə 300-dən çox siyasi məhbus var. Bu xüsusda məktubda fəal Famil Xəlilov, tədqiqatçı Bəhruz Səmədov, iqtisadçı Qubad İbadoğlu, Həmkarlar İttifaqı fəalı Afiəddin Məmmədovun adları çəkilir. Azərbaycan hakimiyyəti müstəqil KİV-ləri təqib etməyə başlayıb, reydlər edib və "AbzasMedia”, "Toplum” TV və "Kanal 13”ü bağlayıb. Jurnalistlər – "AbzasMedia”nın direktoru Ülvi Həsənli, redaktor Sevinc Abbasova, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Akif Qurbanov, "Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli, "Kanal 13”ün direktoru Əziz Orucov və jurnalistlər Şamo Eminov, Elnarə Qasımova, Nərgiz Absalamova və Əli Zeynal, həmçinin siyasi fəallar Tofiq Yaqublu və Ruslan İzzətli, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər”.
Məktubda vurğulanıb ki, Avropa Şurası Baş katibi bütün vasitələrdən istifadə edərək Azərbaycan hakimiyyətini Anar Məmmədli və siyasi motivlərlə həbs edilmiş digər hüquq müdafiəçiləri, fəallar və jurnalistləri azad etməyə çağırmalıdır: "Həmçinin Azərbaycan hakimiyyəti hüquq müdafiəçilərini və vətəndaş cəmiyyətini hədəf alan və onların fəaliyyətini cinayət hesab edən qanunvericiliyi Venesiya Komissiyasının rəylərinə əsaslanaraq yenidən hərtərəfli nəzərdən keçirməlidir”.
Baş katib Alen Berse eyni zamanda, COP29-da iştirakı zamanı Azərbaycan hakimiyyətinə siyasi dəstək verməkdən çəkinməyə, Azərbaycanın AŞPA deputatları da daxil olmaqla müstəqil qrupların konfransda iştirakına məhdudiyyət qoymasını pisləməyə çağırılıb.
Müraciəti Azərbaycanda Repressiyaların Dayandırılması Kampaniyası, Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna), Dayaq Vətəndaş Şəbəkəsi (Ukrayna), Avropa Mübadiləsi, Avropa İnsan Hüquqlarını Müdafiə Mərkəzi, Demokratik Seçkilər Naminə Avropa Platforması, Helsinki İnsan Hüquqları Fondu (Polşa), İnsan Hüquqları Mərkəzi (Gürcüstan), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı (İPHR), Hollandiya Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, Siyasi Məsuliyyət Fondu (Polşa), Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi (Moldova), İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT), ZMİNA İnsan Hüquqları Mərkəzi ( Ukrayna) və başqa təşkilatlar imzalayıb.