1956-cı il Tbilisi hadisələri

1956-cı il Tbilisi hadisələri

19-10-2019 12:49 / Bu xəbər 3493 dəfə oxundu

Yadigar Sadıqlı

Hadisələr gürcü millətçiliyinin baş qaldırması, antisovet əhval-ruhiyyənin yayılması üçün katalizator rolunu oynadı

1956-cı il, fevralın 14-25-də Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayı keçirildi. Ali toplantının sonuncu günü keçirilən qapalı iclasda partiya rəhbəri Nikita Xruşşov "Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında" adlı məruzə ilə çıxış etdi. Məruzədə Stalinin ölkəyə rəhbərlik etdiyi zaman baş verən repressiyalara toxunulurdu.

Şahidlərin dediklərinə görə, iştirakçılar dünənə qədər ilahiləşdirdikləri, qüsursuz qəbul etdikləri Stalin haqqında tənqidləri heyrətlə dinləyirdilər. Halbuki deyilənlər onun cinayətlərinin hamısı deyildi. Məruzədə əsasən kommunistlərə tutulan divandan danışılırdı. Digər siyasi cərəyanların, milli hərəkatların nümayəndələrinin, qolçomaq adı verilənlərin qətliamı barədə tənqidi heç nə deyilmirdi. Bununla belə, səslənən çıxış olduqca mühüm idi və SSRİ-nin tarixində çox önəmli rol oynadı.

Qurultayda qəbul olunan qərara görə, Xruşşovun məruzəsi mətbuatda dərc olunmayacaq, kommunistlərin tanış olması üçün aşağı partiya təşkilatlarına göndəriləcəkdi.

***

Aydındır ki, Stalinin nüfuzunun ən yüksək olduğu yer Gürcüstan idi. Burada Xruşşovun məruzəsi daha çox qıcıq doğurdu. Onun səslənməsindən 10 gün sonra, martın 5-də isə Stalinin ölümünün üçüncü ildönümü idi. Bu tarix baş verən hadisələr üçün katalizator rolu oynadı.

Artıq martın 4-də, axşam saatlarında Tbilisinin elə Stalinin öz adını daşıyan istirahət və mədəniyyət parkındakı heykəlinin önünə əhali toplaşdı. Onlar Stalinə yönələn tənqidlərə etirazlarını bildirdilər və dağılışdılar.

Ertəsi gün həmin heykəlin önünə daha çoxsaylı kütlə toplaşmağa başladı. Onların əsas şüarı "Stalinin tənqidinə yol vermərik!" idi. Get-gedə sayı artan insanlar Tbilisinin əsas nəqliyyat arteriyasına - Rustaveli prospektinə çıxaraq yürüş keçirdilər. İnsanları qəzəbləndirən əsas səbəblərdən biri qəzetlərdə Stalinin ölümünün ildönümü barədə məlumatların, məqalələrin yer almaması idi.

Maraqlıdır ki, məhz hadisələr qızışan zaman, martın 6-da Gürcüstan Kommunist Partiyasının birinci katibi Vasili Mcavanadze Mərkəzi Komitənin toplantısında Xruşşovun məruzəsini oxudu. Məlumat daxili istifadə üçün olsa da, bu barədə xəbərlərin yayılacağını, vəziyyəti daha da gərginləşdirəcəyini hesablamaq və bu səbəbdən iclası təxirə salmaq olardı. Amma Mcavanadze bunu nəzərə almadı və kobud səhvə yol verdi.

Stalinin tənqidindən əlavə, Xruşşov öz çıxışında istehzalı şəkildə "gürcü xalqının böyük oğlu" kimi ifadələrə yol vermişdi. Bu da gürcülərin milli qüruruna toxunurdu. Müasirlərdən birinin yazdığına görə, traktorçu atası Stalini heç vaxt sevmədiyi halda, Xruşşovun nitqindən sonra traktorunun ön şüşəsinə Stalinin şəklini yapışdırdı.

Martın 6-7-də də Tbilisidə (eləcə də respublikanın başqa yerlərində) etirazlar davam etdi. Amma əsas hadisələr növbəti iki gündə baş verdi. Martın 8-də Gürcüstan paytaxtının mərkəzi meydanında keçirilən mitinqdə 70-80 min insan iştirak edir. Onlar martın 9-u matəm günü elan etməyi, kinoteatrlarda Stalinin fəaliyyətini şişirdilmiş şəkildə təqdim edən "Berlinin süqutu" və "Unudulmaz 1919" filmlərinin göstərilməsini, qəzetlərdə müvafiq məqalələrin çap olunmasını tələb edirdilər. Hətta Samtredia şəhərinin Cuqaşvili (Stalinin əsl soyadı) adlandırılması istənilirdi.

Mitinqin ətrafında dövrə vuran yük maşınında Lenin və Stalin kimi qrimlənən iki aktyor oturdulmuşdu. Kütlə bəzən onlardan qucaqlaşmalarını və öpüşmələrini tələb edirdi, aktyorlar da dinməz-söyləməz icra edirdilər. Beləcə, iki kişi aktyor dəfələrlə öpüşmək məcburiyyətində qaldılar.

Həmin hadisələr vaxtı çəkilmiş foto
Mənbə: google

Vasili Mcavanadze mitinqçilərin qarşısında çıxış edərək gərginliyi azaltmağa çalışdı. Ancaq o, gürcü dilini həddindən artıq pis bilirdi və dedikləri etirazçılarda yalnız gülüş doğurur. Azərbaycanda analoji vəziyyət 1980-ci illərin sonlarında Əbdürrəhman Vəzirovla bağlı yaşandı.

Həmin günlərdə Çin Xalq Respublikasının rəhbərlərindən biri, marşal Çju De Tbilisidən 7 km aralıda olan Krçanisidə idi. Mitinqçilərin bir qismi milislərin müqavimətini qıraraq marşalın yanına yollandılar. Çju De onların qarşısına çıxaraq "Yaşasın Marks, Engels, Lenin və Stalinin partiyası" söylədi, ertəsi gün Stalinin abidəsini ziyarət edəcəyinə söz verdi və dərhal da Moskvaya qaçdı.

Bu zaman Tbilisinin bəzi yerlərində keçirilən daha azsaylı aksiyalar açıq-aşkar antisovet xarakter almağa başlayır. Buradakı insanlar 1918-1921-ci illərdə mövcud olan müstəqil Gürcüstan respublikasının "Dideba" adlı himnini oxuyurdular. Hətta Gürcüstanın SSRİ-dən ayrılmasını təklif edən vərəqələr yayılır.

Martın 9-da aksiyalar yenidən davam edir. Daha da radikallaşan kütlə Xruşşovun, Bulqaninin, Mikoyanın ölkə rəhbərliyindən uzaqlaşdırılmasını, sözügedən məruzənin ləğv edilməsini və başqa tələblər irəli sürürlər. Səslənən tələblərdən biri də Azərbaycanın keçmiş rəhbəri, Stalinin ən yaxın əlaltılarından bir Mircəfər Bağırovun həbsdən buraxılması idi.

Axşam saatlarında kiminsə yadına düşdü ki, həmin gün "Stalinin yaxın dostu və silahdaşı" Vyaçeslav Molotovun doğum günüdür və ona təbrik teleqamı göndərmək lazımdır. Bunun üçün bir neçə nəfər yaxınlıqda, Rustaveli prospektində yerləşən poçt binasına göndərildilər. Ancaq həmin nümayəndələr həbs olundular. Bu xəbəri eşidən mitinqçilərdən böyük kütlə ayrılaraq poçta tərəf yönəldi.

Sovet tarixşünaslığında inqilablar zamanı poçt binasının tutulmasının nədənsə xüsusi hekayəsi vardı. Müvafiq olaraq, antisovet çıxışlar zamanı poçtun mühafizəsinə də xüsusi önəm verilirdi. Bu dəfə də belə idi. Bina daxili qoşunların əsgərləri tərəfindən müdafiə olunurdu və onlara döyüş patronları verilmişdi. Kütlə poçta yaxınlaşan zaman binanın pəncərələrindən atəş açıldı. İnsanlar qaçmağa başladılar. Yerdə onlarla ölü və yaralı qaldı.

Bundan sonra şəhərin mərkəzinə zirehli texnika yeridildi. Daş və dəyənəklə müqavimət göstərməyə çalışan əhaliyə qarşı silah işlənildi. Sonralar texnika elmləri doktoru, professor olacaq, o zaman isə 17 yaşı olan Nurbey Qulianın dediyinə görə, Kür çayının üzərindəki körpüdə etirazçıları hər iki tərəfdən tanklar sıxışdırır, onlar da özlərini xilas etmək üçün çaya atırdılar. Toqquşmalar səhər saatlarına qədər davam etdi.

Ertəsi gün Gürcüstanın başqa şəhərlərindən insanlar paytaxta gələrək etirazları bərpa etməyə çalışdılar. Onların arasında Stalinin doğma şəhəri olan Qoridən gələnlər xüsusən çox idilər. Amma hərbçilər bu cəhdlərin qarşısını aldılar.

***

Rəsmi məlumatlara görə, Tbilisi hadisələri zamanı 22 nəfər öldü, 47 nəfər yaralandı, yüzlərlə insan saxlanıldı, onlardan 39 nəfəri həbs cəzaları aldılar. Lakin qeyri-rəsmi məlumatlarda ölənlərin sayının daha çox olduğu bildirilir, bu zaman 100-dən 800-ə qədər rəqəmlər səsləndirilir. Maraqlıdır ki, hətta Gürcüstan müstəqillik qazanandan sonra belə bu hadisələr zamanı zərərçəkənlərin sayını tam dəqiqləşdirmək üçün addımlar atılmadı.

1956-cı ilin Tbilisi etirazlarının xeyli özünəməxsus xüsusiyyətləri vardı. Hərəkat sovet imperiyasının yaradıcılarından biri və bu imperiyaya 30 il rəhbərlik edən Stalinin müdafiəsi üçün başlandı. Bununla belə, o, həm də millətçilik çalarlarına malik idi. Aksiyalar zamanı bəzilərinin "Dideba" oxuması təsadüfi deyildi.

Hadisələr gürcü millətçiliyinin baş qaldırması, antisovet əhval-ruhiyyənin yayılması üçün katalizator rolunu oynadı. Gürcüstanın iki ən məşhur dissidentləri - Merab Kostava və Zviad Qamsaxurdiya da etirazların iştirakçıları idilər və məhz bu zaman ilk dəfə milis qeydiyyatına düşdülər.

Yazı meydan.tv-dən götürülüb.