20 ildən çox vəzifədə çalışan məmurlar kimlərdir?

20 ildən çox vəzifədə çalışan məmurlar kimlərdir?

29-10-2019 12:12 / Bu xəbər 831 dəfə oxundu

Prezident İlham Əliyevin təqaüd yaşına çatmış məmurlara "könüllü istefa mesajı”ndan sonra ictimaiyyətin diqqəti iqtidar komandasındakı +70 yaşlı məmurlara fokuslaşıb.

Təqaüd yaşına çatmayan, lakin uzun illərdir yüksək vəzifələrdə çalışmaqda davam edən məmurlar isə yaddan çıxıb. 

Yenisabah.az həmin məmurlardan daha populyar olanlarının siyahısını yayıb. 

Elman Rüstəmov – 24 il

1995-ci ildən Mərkəzi Bankın sədridir. Elman Rüstəmovun sədr olduğu müddətdə bankın adı bir dəfə dəyişib. Milli Bank Mərkəzə Banka çevrilib. 

Əbülfəs Qarayev – 25 il

1994-cü ildən nazir vəzifəsindədir. O, 1994-cü ildən 2001-ci ilə qədər Gənclər və idman naziri, 2001-ci ildən 2006-cı ilə qədər Gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilə Mədəniyyət və turizm naziri və 2018-ci ildən Mədəniyyət naziridir. Beləliklə, Əbülfəs Qarayev nə az, nə çox düz 25 ildir ki, nazirdir. 

Vasif Talıbov – 24 il

1995-ci ildən Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədridir.  

Kəmaləddin Heydərov – 24 il

1995-ci ildən 2006-cı ilə qədər Dövlət Gömrük komitəsinin sədri, 2006-cı ildən isə Fövqaləda Hallar naziridir. Artur Rasizadənin Baş nazir olduğu dövrdə Kəmaləddin Heydərovun bu post uğrunda mübarizə apardığı barədə mediada vaxtaşırı məlumatlar dərc edilirdi. 

Cahangir Əsgərov – 23 il

1996-ci ildən "Azal”ın prezidentidir. İqtidar komandasının odioz fiqurlarından hesab edilir. Cahangir Əsgərovun rəhbərlik etdiyi sahə vaxtilə Nəqliyyat Nazirliyinin tabeliyində olsa da, o heç vaxt Ziya Məmmədovu nazir, "Azalı” isə Nəqliyyat Nazirliyinin alt qurumu hesab etməyib.  

Eldar Quliyev – 26 il

1993-cü ildən "Azərittifaq”ın sədridir. O, həm də 2000-ci ildən deputatdır.

Əhməd Əhmədzadə - 26 il

1993-cü ildən 2004-cü ilə qədər Nazirlər Kabineti yanında Meliorasiya və su təsərrüfatı komitəsinin sədri, 2004-cü ildən 2006-cı ilə qədər Kənd təsərrüfatı nazirinin birinci müavini, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət meliorasiya və su təsərrüfatı agentliyinin baş direktoru, 2006-cı ildən isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədridir. 26 ildir yüksək vəzifədə təmsil olunan Əhməd Əhmədzadə həm də təqaüd yaşını keçib. Onun 74 yaşı var.

Ramiz Zeynalov – 25 il

Polis general-mayoru Ramiz Zeynalov 1994-cü ilin avqust ayından  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. 

20 ilə yaxın vəzifədə çalışan məmurlar...
 
Zakir Qaralov – 19 il

2000-ci ildən Baş prokuror vəzifəsində çalışır. 

Fikrət Məmmədov – 19 il 

2000-ci ildən Ədliyyə naziri vəzifəsində çalışır. Nazir olduğu 18 il ərzində bir neçə dəfə onun istefaya göndərilməsi ilə bağlı təkliflər səsləndirilib.  

Yenisabah.az