2020-ci il uğurlar və itkilər tərəzisində...

2020-ci il uğurlar və itkilər tərəzisində...

29-12-2020 11:41 / Bu xəbər 1037 dəfə oxundu

2020-ci ilin bitməsinə bir neçə gün qalıb. 

Cari ilin xronikasını və baş verənlərə ekspertlərin baxış bucağını təqdim edirik: 

Növbədənkənar Parlament seçkiləri

Azərbaycanda Parlament seçkiləri (2020) — Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının cəmi bir saat davam edən iclası nəticəsində qərara alınıb ki, V çağırış Milli Məclisin buraxılması ilə bağlı prezidentə müraciət edilsin. 

Müraciətdən sonra prezident İlham Əliyevin 5 dekabr, 2019-cu il tarixli sərəncamı ilə Parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib. 

Beləliklə, parlament buraxılıb və VI çağırış seçkilərə hazırlıq başlanılıb. Bu, müstəqillik tarixində ilk növbədənkənar parlament seçkiləri idi. 

ATƏT: "Seçki Azərbaycan xalqının iradəsinin ifadəsi deyil”

Fevralın 10-da "Holiday INN” hotelində ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.

Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin demokratiya normalarına uyğun olmadığını bəyan edib və Azərbaycan xalqının iradəsini ifadə etmədiyini açıqlayıb

Azərbaycanda yerli təşkilatlar - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) və Demokratik Təşəbbüslər İnstitutu (IDI) də  9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərinin xalqın azad seçimini ifadə etmədiyini bəyan edib. 

Hər iki təşkilatın hesabatında bildirilir ki, seçkiöncəsi mühit prosesin şəffaf keçirilməsi üçün yetərli olmayıb, seçkilər ərəfəsində siyasi azadlıqlar, xüsusilə  sərbəst toplaşmaq,  birləşmək  və ifadə azadlıqlarından istifadə üçün məhdudiyyətlər qaldırılmayıb, siyasi məhbus problem həllini tapmayıb.

SMDT hesab edib ki, 2003-cü ildən etibarən Seçki Məcəlləsinin təkmilləşməsi, xüsusən də seçki komissiyalarının ölkədəki nüfuzlu siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında formalaşması barədə yerli ictimai-siyasi institutların, habelə Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi və Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmayıb.

IDI bəyan edib ki, əvvəlki seçkilərdə olduğu kimi, hökumət bu seçkilərdə də adminstrativ resurslardan istifadə edərək prosesə müdaxilə edib, eyni zamanda seçkilərə yerli icra hakimiyyətlərinin müdaxilə halları, namizədlərə isə siyasi təzyiqlər müşahidə edilib. 

Seçki prosesində aktiv iştirak edən hər iki yerli təşkilat namizədləri təmsil edən şəxslərlə yanaşı, müşahidəçilərə qarşı fiziki da zorakılıq və siyasi təzyiqlərin olduğunu qeydə alıb. Bu cür təzyiqlər seçki komissiyası üzvləri, yerli icra strukturları təmsilçiləri və polis tərəfindən qanun pozuntularına irad bildirən müşahidəçilərə qarşı həyata keçirilib. 

COVİD-19  pandemiyası və "koronavirus həbsləri…”

Qlobal problemə çevrilən COVİD-19 pandemiyası Azərbaycandan da yan keçməyib. 2019-cu ilin sonlarında başlayan pandemiya 2020-ci ilin əvvəllərində Azərbaycanda ciddi məhdudiyyətlərə səbəb olub. Ölkədə sosial izolyasiya martın 14-də, karantin rejimi isə 24-də elan edilib. 

Mayın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ölkədə karantin rejimi ilin sonuna qədər çəkəcək. Hazırda ən uzun karantin rejiminə görə Azərbaycan dünya ölkələri arasında liderdir. 

Karantinin ilk ayları Azərbaycanda siyasi həbslərlə yadda qalıb.  İnzibati həbsə məhkum olanların əskəriyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri olub. 

Martın sonlarından etibarən təkcə AXCP-nin 15-dən artıq üzvü haqqında inzibati həbs qərarı çıxarılıb, 2 cəbhəçi isə cinayət məsuliyyətinə cəlb olunub, onların biri barəsində hökm oxunub. 

Bu dövrdə karantin rejimini  pozmaq və polisin qanuni tələbinə tabe olmamaq ittihamları ilə sutkqalıq həbslərə məhkum olunmuş siyasi fəalların, jurnalistlərin bir neçəsinin adın çəkmək olar: AXCP sədrinin köməkçisi, "Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirli, AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov, AXCP üzvləri Nicat Abdullazadə, Baba Süleyman, AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov, İslam İslamzadə, Elvin Məmmədov, Ramid Nağıyev, Əliağa Məmmədov, Elxan Əliyev və Arif Babayev 30 sutka,  Sərdar Qubadsoy 25, Əvəz Əhmədov və Vüqar Əbilov 20, Şəmsi Kəsəmənli 15,  jurnalist Nəriman Abdullah 12, Anar Məlikov 10 sutka , ADR Hərəkatının üzvü  Şakir Məmmədli isə inzibati həbs cəzası alıb, il ərzində isə bir çox fəal cərimə edilib. 
 
Pandemiya təzyiqləri dövründə, aprelin 13-dən 14-nə keçən gecə AXCP sədrinin nəinki özünün mobil telefonu, hətta ailə üzvlərinin mobil telefonları və mənzilin telefonu bağlanaraq informasiya blokadasına alınıb. Hazırda da internet blokadası davam edir. 

Əli Kərimli və AXCP bunu hakimiyyətin təzyiqi adlandırır. 

"Əli Kərimlinin internetinin kəsilməsi təkcə aparıcı müxalifət partiyasının liderinə qarşı siyasi senzura deyil, həm də ölkədə yüz minlərlə insanı alternativ fikir eşitmək azadlığına və sivil siyasətə vurulan ağır zərbədir", - partiyanın bəyanatında bildirilir. 

Azər Qasımlı: "Pandemiya siyasi basqıları həyata keçirmək üçün hökumətə bəhanə verdi”

Siyasətçi Azər Qasımlı hesab edir ki, Azərbaycandakı idarəetmə sisteminin avtoritar mahiyyəti ucbatından pandemiyanın siyasi münasibətlərə, siyasi hüquq və azadlıqlara mənfi təsiri olub: "Pandemiya dönəmində hakimiyyətin müxalifətə qarşı davranışı və publik çıxışları açıq şəkildə müxalif siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlmişdi. Məsələn, ölkə prezidenti İlham Əliyev Novruz bayramı ilə əlaqədar xalqa ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi konfiqurasiyanın qurulmasına, müxalif siyasətçilərin cəmiyyətdən təcrid olunmasına ehtiyac olduğunu demişdi. Prezidentin çıxışından sonra pandemiya dönəmində hakimiyyətin siyasətini kəskin tənqid edən fəallar saxta ittihamlar əsasında həbs edildilər". 

A.Qasımlının sözlərinə görə, pandemiya hakimiyyətə siyasi basqılar üçün bəhanə verib: "Hakimiyyətin koronavirusdan öz siyasi məqsədləri üçün sui-istifadə etməsinə nümunə olaraq karantin qaydaları bəhanəsilə müxalif tənqidçilərin karantin qaydalarını pozmaq adı ilə həbs edilməsini göstərmək olar. Həmçinin məhkəmələrin qapalı keçirilməsi və müxalif təşkilatlara qarşı təşkil olunan kiberhücum faktlarını da".

Yasamal hadisəsi: "Sən də dovşansan, ərin də…”

Koronavirus pandemiyası dövründə - iyunun 8-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 13 saylı binanı mühasirəyə alıblar. 

Sonrakı dəqiqələrdə mənziləllərə daxil olan polislər sakinləri evlərindən zorla, alt paltarında götürüb aparıblar. 

Sosial şəbəkə istifadəçiləri DİN əməkdaşlarının bu aqressiyasını həmin binanın həyətində bir gün öncə baş vermiş insidentlə əlaqələndiriblər - iyunun 7-də orada polis karantin qaydalarını pozan bir neçə gənci saxlamış, bəzi bina sakinləri buna etiraz olaraq yuxarı mərtəbələrdən həyətə zibil atmışdılar.

Daxili İşlər Nazirliyi (DİN) binada aparılan əməliyyatla bağlı məlumat yayıb. 

Məlumatda 11 nəfərin saxlanıldığı bildirilib. 

DİN bəyan edib ki, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. Buna baxmayaraq polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb.

Sakinlərsə polis əməkdaşlarının saxlanılanlara qarşı zorakılıq tətbiq etdiyinə dair videogörüntülər yayıblar. Videogörüntülərdə polis əməkdaşlarından birinin bina sakinini təhdid etdiyi, "Sən də dovşansan, ərin də" dediyi əks olunub. 

DİN açıqlama yayaraq həmin polis əməkdaşının vəzifəsindən kənarlaşdırıldığını bəyan edib. 

Yasamal hadisəsi ilin səs-küylü olaylarından biri kimi yadda qalıb və uzun müddət  müzakirə edilib.

Mətbuat  və ifadə azadlığının durumu 

 "Sərhədsiz Reportyorlar” noyabrın 26-da dünyada söz və mətbuat azadlığının vəziyyətini qiymətləndirən "Mətbuat azadlığı indeksi”ni yayıb.

Azərbaycan 180 ölkə arasında 168-ci yeri tutub, 166-cı sırada olduğu 2019-cu illə müqayisədə daha 2 pillə geri gedib. 

Göründüyü kimi, Azərbaycan söz və mətbuat azadlığına görə geriləyib. 

Ələsgər Məmmədli: "2020-ci ildə mediaya sərt məhdudiyyətlər tətbiq edilib”

Media eksperti Ələsgər Məmmədli 2020-ci ilin media üçün ağır keçdiyini, onun  fəaliyyətinin əsasən iki aspektdə məhdudlaşdırıldığını deyir: "Bunlardan biri pandemiyaya qarşı mübarizə çərçivəsində mart ayından etibarən tətbiq edilən, fövqəladə vəziyyət səviyyəsində sərtləşdirilən xüsusi karantin rejimidir. Bu rejimdə xüsusən jurnalistlərin fəliyyətinə ciddi maneə yaradıldı. İstər Bakı istərsə də Bakıdan kənarda televiziya və radiolarla əməkdaşlıq edənlər istisna olmaqla, digər jurnalistlər sərt qadağalarla üzləşdilər. Bu praktik maneələr faktiki hüquqda nəzərdə tutulmayan məhdudiyyətlərdir. Konstitusiyanın 50-ci maddəsində göstərilir ki, məlumat almaq azadlığı yalnız fövqəladə vəziyyət rejimində məhdudlaşdırıla bilər. Tətbiq olunan karantin rejimi fövqəladə vəziyyət rejimi olmadığı və parlamentin təsdiqindən keçmədiyi üçün bu formada məhdudiyyət yolverilməz idi. Pandemiya dövründə qanunvericiliyə - həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsinə məhdudlaşdırıcı müddəalar artırıldı. Həmçinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna edilən dəyişikliklə, guya cəmiyyətdə narahatlıq yaradan informasiyaların yayılması adı altında qadağalar tətbiq olundu. Bu da hüquqi aspektdən Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan əsaslara zidd idi. Düşünürəm ki, bu, ölkənin media azadığı indeksinə ciddi təsir edən məqamdır". 

Ələsgər Məmmədli ikinci askpektin Qarabağdakı hərbi əməliyyatlar zamanı elan olunmuş hərbi rejimlə əlaqəli olduğunu bildirir: "Sentyabrın 27-dən dekabrın 12-ə qədər davam edən hərbi vəziyyət rejimi rejimi konstitusiyada nəzərdə tutulan maddəyə əsasən tətbiq olunursa, artıq burada media da xüsusi rejimdə fəaliyyət göstərir. "Hərbi vəziyyət haqqında" Qanunda hətta medianın fəaliyyətinə senzuranın gətirilməsi də nəzərdə tutulub, konstutusiyanın 50-ci maddəsinə zidd olmasına baxmayaraq. Ona görə də karantinlə yanaşı, hərbi vəziyyət rejiminin də olması durumu bir az ağırlaşdırdı. Xüsusilə bölgələrdə, əməliyyatlardan uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcəbədi, Ağdam və s. yaşayış yerlərində bombalanma nəticəsində zərərçəkənlərin problemlərini ictimailəşdirmək baxımından medianın regionlara gedişinə məhdudiyyətlər qoyuldu. Jurnalistlərə diskriminativ yanaşıldı, bəlli jurnalistlərə icazə verildi, hökumət onların yönümünə görə seçim etdi. Digər bir məqam isə bu il tətbiq edilən diffamativ məhdudiyyətlərdir: böhtan və təhqirə görə rəsmi şəxslərin jurnalistləri təqibə məruz qoyması, cinayət işlərinin açılması və s. Məsələn, Mingəçevirdə iki nəfər bu qəbildən cinayət məsuliyyətinə cəlb olundu. Onlar, sadəcə, Rəsulzadənin heykəli önündə şəkil çəkdirib açıqlama vermişdilər. Kommunal Təsərrüfat İdarəsinin əməkdaşı onlara mane olmuş, daha sonra İcra Hakimiyyətinin tapşırığı ilə məhkəmə onlara 1 il şərti cəza vermişdi. Bu, diffamativ məhdudiyyətlərin hələ də aktual olmasından xəbər verir. Bütün bunlar media azadlığı indeksinə ciddi təsir edən amillədir".

Azərbaycan "Demokratiya inseksi”ndə: 147-c yer… 

Britaniyanın "Economist Intelligence Unit” şirkəti tərəfindən 2019-cu il üçün tərtib edilən və 2020-ci il yanvarın 22-də yayılan "Demokratiya indeksi”ndə Azərbaycandakı siyasi idarəetmə avtokratiya kimi xarakterizə olunub. 

167 ölkəni əhatə edən indeskdə Azərbaycan 147-ci yerdə qərar tutub.

İndeksdə ölkələr 5 kateqoriya üzrə bölünüb, 60 müxtəlif göstərici əsas götürülüb: seçkilər və plüralizm, vətəndaş azadlıqları, hökumətin fəaliyyəti, əhalinin siyasi fəallığı, siyasi mədəniyyət və s. 

Azər Qasımlı: "Bütün qərarları bir nəfər verir”

Hesabatı şərh edən Azər Qasımlı deyir ki, 2016-cı il referendumundan sonra Azərbaycanda siyasi-iqtisadi sistemdə transformasiya prosesi başlayıb: "Ölkə avtoritar-oliqarxik sistemdən avtokratik-ailə rejimi sisteminə keçid etməyə başladı. Bu gün artıq tam əminliklə demək olar ki, Azərbaycan sadəcə avtoritar ölkə deyil, burda tam bir avtokratik idarəetmə, bir nəfərin rejimi formalaşıb". 

A.Qazımlı bütün qərarları bir nəfərin verdiyini bildirir: "Parlamentin hətta indiki  məhdud səlahiyyətlərini də icra etməsinə ehtiyac duyulmur".

Korrupsiya sıralanması və həbslər… 

"Transparency International” beynəlxalq təşkilatı dünyanın 180 ölkəsində korrupsiyanın səviyyəsini araşdırıb. 

Təşkilatın hesabatında korrupsiyalaşmış və korrupsiyalaşmamış ölkələr yer alıb. 

Bu, təşkilatın 2020-ci il yanvarın 23-də yayılan hesabtında əksini tapıb.

Hesabatda bildirilir ki, 2019-cu ildəki kimi, liderlər qrupuna Yeni Zelandiya və Danimarka (hər biri 87 xal) başçılıq edir, ikinci yerdə Finlandiyadır (86 xal). 

Hesbatda MDB ölkələrindən Ermənistan 77-ci (42 bal), Gürcüstan 44-cü (56 bal) yeri tutub. Azərbaycan 2018-ci illə müqayisədə göstəricilərini yaxşılaşdırsa da, 30 balla 126-cı yerdədir.

2020-ci il Azərbaycanda həm də antikorrupsiya həbsləri ilə diqqət çəkib. Ötən ilin dekabrından başlayaraq Dövlət Təhlükəsizliyi Xidməti bir neçə rayonun icra hakimiyyətində, Mədəniyyət Nazirliyində, Dövlət Sərhəd Xidmətində, Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri keçirib. 

Eyni zamanda, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ayrı-ayrı dövlət qurumlarında istintaq-əməliyyat tədbirləri həyata keçirib, çox sayda yüksək vəzifəli şəxs, 7 rayonun icra başçısı,  nazir müavinləri, idarə rəhbərləri, digər vəzifəli şəxslər rüşvət ittihamı ilə həbs edilib. 

Yaddaqalan həbslərdən biri də Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri, sabiq Baş prokuror Eldar Həsənovun saxlanması  olub. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələrilə ittiham olunub. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur. E.Həsənov məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

Natiq Cəfərli: ”Korrupsiya xroniki xəstəlikdir”

İqtisadçı, ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli korrupsiyanı Azərbaycan iqtisadiyyatı üçün "xroniki xəstəlik” sayır: "Azərbaycanda uzun illərdən bəri mövcud olan xroniki xəstəliklərdən biri korrupsiyadır. 2020-ci ildə korrupsiyaya qarşı əməli tədbirlərin həyata keçirildiyini görmədik. Əsasən icra başçılarını və icra orqanları əməkdaşlarını həbs etməklə kifayətləndilər. Bu da bir daha sübut etdi ki, icra hakimiyyəti sistemi instutisional olaraq yarıtmazdır. Nə qədər icra başçısı həbs etmək olar ki, problem həllini tapsın? Demək, problem şəxslərdə, icra başçılarında deyil, bütövlükdə sistemin özündədir”.

Natiq Cəfərlinin fikrincə, korrupsiyaya qarşı yalnız ədalətli və azad məhkəmə sistemi vaistəsilə effektiv mübarizə aparmaq mümkündür: "Bir neçə vəzifəli şəxsin həbsi rəsmilər tərəfindən korrupsiyaya qarşı mübarizə kimi təqdim olunsa da, əslində sistem probleminin nə qədər dərində olduğunun sübutuna çevildi. Ona görə də korrupsiyaya qarşı mübarizənin əsas göstəricisi həbslər deyil, şəffaf məhkəmə prosesləridir. Məhz məhkəmələrin azad və ədalətli olması korrupsiyaya qarşı mübarizənin əsas göstiricisinə çevrilə bilər. Təəssüf ki, bununla bağlı da bizdə çox böyük problemlər var, yəni məhkəmə hakimiyyəti azad və müstəqil deyil. Belə bir şəraitdə də korrupsiya ilə mübarizə aparmaq mümkünsüzdür”. 

Toğrul Maşallı: "2020-ci iqtisadiyyat üçün böhran ili idi"

İqtisadçı Toğrul Maşallı "Toplum TV" deyir ki, 2020-ci il Azərbaycan üçün böhran ili kimi yadda qalacaq. Belə ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatının göstəriciləri 5 faiz aşağı düşüb: "5 faiz Azərbaycan iqtisadiyyatı üçün ciddi rəqəmdir. Çünki neftdən asıllılıq aradan qaldırılmadı. Qeyri-neft sektorunun inkişafına dəstək verilmədi. Kənd təsərrüfatında irəliləyişlər olmadı. Neftdən və büdcə gəlirlərindən asılı olmayan yeganə sahə turizm idi ki, bu da pandemiya ilə əlaqədar inkişaf edə bilmədi".

Ekspert deyir ki, Azərbaycan iqtisadiyyatı hələ uzun müddət neft gəlirlərindən asılı olacaq. Bu da iqtisadi göstəricilərin artmasına imkan verməyəcək. 

O bunu dünya bazarında neftin qiymətinin aşağı olması ilə əsaslandırıb. 

Tovuz hadisələri…

İyulun 12-də Ermənistan və Azərbaycan arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs pozulub. Azərbaycan təxribatın erməni silahlı birləşmələri tərədindən törədildiyini açıqlayıb.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da dekabr ayında verdiyi müsahibədə Tovuz döyüşlərini Ermənistan Silahlı Qüvvələrinin təxribatı adlandırıb. O bildirib ki, hər şey iyul ayında Ermənistanın Talışda atəşkəsi pozması ilə başladı. 

İyulun 12-də pozulan atəşkəs rejimi iyulun 23-dək davam edib, tərəflər ağır artilleriyadan istifadə ediblər. 

İyulun 14-də Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin daha 5 hərbi qulluqçu həlak olub.

Bu döyüşlərdə Azərbaycan tərəfi 3 əsgər, 1 baş əsgər, 1 çavuş, 2 gizir, 1 baş leytenant, 2 mayor, 1 polkovnik, 1 general-mayor, Ermənistan tərəfi isə 1 əsgər, 2 kiçik serjant, 1 kapitan və 1 mayor itirib. Ümumilikdə Azərbaycan tərəfdən 12, Ermənistan tərəfdən isə 5 hərbi qulluqçunun həlak olduğu bildirilib. 

Bəzi ekspertlər Tovuz döyüşlərini II Qarabağ müharibəsinin başlanğıcı hesab edirlər.

İkinci Qarabağ müharibəsi…

Sentyabrın 19-da Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra verdiyi müsahibədə deyib ki, Ermənistan yeni müharibəyə hazırlaşır, təmas xəttinə qüvvə cəmləşdirir. 

"Onlar yeni böyük müharibəyə hazırlaşırlar. Bizdə operativ kəşfiyyat məlumatı var. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik", - Əliyev telekanallara müsahibəsində belə deyib

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

Sentyabrın 28-də İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb. 

44 gün davam edən müharibə nəticəsində - noyabrın 9-dək Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.

İndiyə qədər Cəbrayıl şəhəri və bu rayonun 90 kəndi; Füzuli şəhəri və bu rayonun 53 kəndi; Zəngilan şəhəri və bu rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, 52 kəndi; Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi; Tərtər rayonunun 3 kəndi; Qubadlı şəhəri və bu rayonun 41 kəndi; Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad edilib.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar, ardınca Dağlıq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. 

Bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının bir hissəsi Azərbaycana təhvil verilib.

İlham Əliyev bunu Azərbaycanın parlaq qələbəsi, 10 noyabr bəyanatını isə Ermənistanın kapitulyasiyası adlandırıb. 

İ.Əliyev həmçinin təmas xəttinin ləğv edildiyini, Dağlıq Qarabağın statusunun "gorbagor" olduğunu, Qarabağ münaqişəsinin bitdiyini bəyan edib


Dekabrın 10-da Bakıda Zəfər paradı keçirilib. Mərasimdə Əliyevlə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib.

Elman Fəttah: "Hazırda Arutunyan Rusiyanın Ramzan Kadırovudur”

Siyasi şərhçi Elman Fəttah isə münaqişənin bitmədiyini deyir: "Müharibə bitdi, amma münaqişə bitməyib. Qarabağ müharibəsinin yaxşı nəticəsi budur ki, işğalda olan torpaqlar azad edildi. Pis nəticəsi isə budur ki, Azərbaycan son 100 ildə Qarabağ münaqişəsini tamamilə həll etmək fürsəti qazanmışdı, o fürsəti itirdi. Bir də belə fürsətin ələ düşüb-düşməyəcəyi məlum deyil”.

E.Fəttah münaqişənin mənfi nəticələr doğuracağını da istisna etmir: "Müharibənin  daha bir nəticəsi də budur ki, Dağlıq Qarabağ Kremlin quberniyasına çevrilib. Əgər biz o torpaqları 27 sentyabra qədər Azərbaycandan daha zəif Ermənistandan almalıydıqsa, 10 noyabrdan sonrakı situasiyaya görə özümüzdən qat-qat güclü bir ölkədən - Rusiyadan almalıyıq. Hazırda münaqişədə tərəfimiz Yerevan deyil, Kremldir, onunla qarşı-qarşıyayıq, çünki Moskva Qarabağı öz generalı vasitəsilə idarə edir. Əvvəllər bu vəzifəyə general-qubernator təyin edirdisə, indi general təyin edib, onun qubernator funksiyalarını da Araik Arutunyan həyata keçirir. Arutunyan hazırda Qarabağda Rusiyanın Ramzan Kadırovudur”. 

Şəmşad Ağa
Toplum TV