Azərbaycan kapital və əmlak amnistiyasına hazırlaşır?

Azərbaycan kapital və əmlak amnistiyasına hazırlaşır?

05-04-2020 18:25 / Bu xəbər 730 dəfə oxundu

2020-ci ilin ilk rübündə neftin qiymətinin kəskin enməsi, pandemiya iqtisadiyyatda durğunluğa səbəb olub. 

Azərbaycan hökuməti də çıxış yolları aramaqdadır. Bu yollardan biri də deyəsən, əmlak və kapital amnistiyasıdır. Bu barədə bugünlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarov prezidentlə görüşdə danışdı. Onun sözlərinə görə təklif özəl sektordan, banklardan gəlib və indi bu məsələ müzakirə edilir.  

"Bu gün sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılmasının vəsadətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə, sizin diqqətinizə təqdim edəcəyik”, - nazir bildirib. 

Azərbaycanda maliyyə və əmlak amnistiyası haqda təkliflər həmişə səsləndirilib. Ancaq bu müstəqil iqtisadçıların təklifi olub. Hakimiyyətsə birinci dəfədir bu haqda danışır. 

Bəs nədir bu kapital və əmlak amnistiyası? Azərbaycan iqtisadiyyatına, sahibkarlara hansı faydası ola bilər? Dünya təcrübəsində hansı nümunələri var? 

Maliyyə amnistiyası qısaca gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş kapitalın tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfvi, əvvəllər yaranmış vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılması kimi izah edilə bilər. 

Maliyyə amnisitiyasının keçirilməsində əsas məqsəd vergi gəlirlərinin artırılması, konkret makroiqtisdi göstəricilərin yaxşılaşdırılması, iqtsadiyyata əlavə investisiya cəlb edilməsi, bazar subyektlərinin fəaliyyəti ilə bağlı təfsilatlı məlumatların toplanması və formalaşdırılacaq müvafiq dövlət siyasətinin effektivliyini artırmaqdır. 

Dünya təcrübəsində son 30-35 ildə daha çox rast gəlinən bu amnistyalar heç də hər zaman uğurla nəticələnməyib. Məsələn, Rusiya, Gürcüstan buna misaldır. 

Belə bir həssas prosesin gerçəkləşməsi mümkündürmü və nəticəsi nə olacaq? 

İqtisadçı Toğrul Maşallıya görə bu doğru addımdır, indiki dövrdə Azərbaycanda gəlirlərin artırılması daha vacibdir. Hətta o, bu addımın daha öncədən atılmalı olduğunu düşünür: "Vaxtilə "şəffaflığın artırılması” siyasəti elan olunanda elə bundan başlamaq lazım idi. Ölkədə qeyri-şəffaf mühit var və vətəndaşlar da öz gəlirlərini, kapitallarını, əmlaklarını şəffaf göstərməyə qorxurlar. Onlar buna görə cəza alacaqlarını düşünürlər”. 

Amma Toğrul Maşallı bu məsələdə vətəndaş kimi hökumətin də şəffaf  davranmalı olduğu qənaətindədir: "Gəlirlərin artırılması yalnız şəffaflıq hesabına ola bilər. Ancaq hökümət də şəffaf olmalıdır.Yalnız vətəndaşdan şəffaflıq tələb etmək düzgün olmazdı. Bizdə hökümət tərəfdən də qeyri-şəffaf addımlar atılır, gəlir və xərclər bilinmir”. 

İqtisadçıya görə yalnız mexanizm düzgün və effektiv olduğu təqdirdə maliyyə amnistiyasının iqtisadiyyata müsbət təsiri ola, gəlirlər arta bilər.

ReAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli də hesab edir ki, gələcəkdə vətəndaş qarşıdurmasının qarşısının alınması, gəlirlərin leqallaşması üçün əmlak və kapital amnistiyasının elan olunması lazımlı addımdır. O, bir çox ölkələrdə bu praktikanın tətbiq edildiyini bildirir.  

N.Cəfərli də həmkarı kimi "güvən ortamının təmin olunmasını əsas şərt” sayır: "Bu günə qədər illeqal gəlir əldə edənlər hökumətə güvənməlidir ki, öz vəsaitini bəyan etsinlər. Əgər etimad olmazsa əmlakını, kapitalını bəyan edənlərin sayı az olacaq, hətta heç olmaya da bilər. Rusiya bunu 2 il öncə sınadı, lakin uğursuz oldu, kimsə mal və pul varlığını bəyan etmədi, insanlar hökumətə güvənmədi. Bu da prosesi ləngitdi. Güvən ortamı olması üçün də məhkəmə sisteminin güvənilir olması gərəkdi ki, bəyandan sonra təqib edilməyəcəyinə inansın”. 

N.Cəfərli həmçinin şərtlərin də şəffaf olmasının vacibliyinə toxunur: "Məsələn, ayrıca fond yaradıla bilər. Biz bunu illər öncə təklif etmişdik. Tərəqqi Fondu yaradıla bilər və ora yığılan vəsait ancaq sosial lahiyələrin həyəta keçrilməsinə, sosial məsələlərin həllinə, kiçik və orta biznesin inkisafi üçün aşağı faizli biznes kreditleri verilməsinə yönəldilə bilər”. 

Hərçənd iqtisadçı indiki dövrdə maliyyə amnistiyasının effektiv olmayacağını düşünür. 

Onun sözlərinə görə, güvən və azad məhkəmə olmayana qədər nəticə gözləməyə dəyməz: "Hec kim mənimsədiyi vəsaiti ortaya çıxartmayacaq. Burda söhbət holdinqlərdən də getmir. Bizdə  əsasən məmur biznesi formalaşıb. Onların əlində böyük vəsait cəmləşib. Bunun üçün də amnistya ilə yanaşı başqa addımlar da atılmalıdır. İndiki şəraitdə inanmıram ki, effektiv olsun”, - N.Cəfərli bildirir. 

Zülfiyyə Quliyeva
Toplum.Tv