“Sülhməramlı olacaqsa, kənar ölkələrdən gətirilməlidir”

“Sülhməramlı olacaqsa, kənar ölkələrdən gətirilməlidir”

20-10-2020 13:16 / Bu xəbər 314 dəfə oxundu

Ekspert: "Hələlik danışıqların balans nisbətini köklü dəyişəcək uğurlar yoxdur”

"Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq. Bax, onda gəlin müşahidəçilər məsələsini müzakirə edək”.

Bu bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da TASS informasiya agentliyinə müsahibəsində səsləndirib.

Dövlət başçısı "bu məsələ tezliklə razılaşdırıla bilər” söyləyərək daha sonra aşağıdakıları əlavə edib:

"Lakin bunlar olmadıqda, bizə mahiyyət etibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldan azad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki, Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy, erməni tərəfi desin, qoy, Ermənistanın çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn Baş naziri desin ki, bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılacaq. Mən qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikinin verilməsini də təklif etmişdim. Sonra biz Moskvada bir günlük danışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün olmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə, biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi belə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər”.

İlham Əliyev bildirib ki, Azərbaycan işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqdir.

Siyasi şərhçi Azər Qasımlı müşahidəçilər məsələsinin hansı formada həll ediləcəyinin indidən söyləməyin çətin olduğunu düşünür:

"Çünki danışıqlar qapalı keçirilib. Amma istədikləri vaxt müəyyən məlumatları hər iki tərəfin ictimaiyyətinə sızdırıblar, məsələn, Madrid Prinsiplərinin bəzi detalları”.

Azər Qasımlı hesab edir ki, daha çox Rusiya sülhməramlıların özünün hərbçilərindən təşkil olunmasını istəyəcək:

Azər Qasımlı
Mənbə: google.az

"Məncə, buna heç bir halda getmək olmaz və məsələ belə qoyulmalıdır: region dövlətlərindən sülhməralı qüvvələri bölgəyə gətirilə bilməz. Sülhməramlı olacaqsa, kənar ölkələrdən gətirilməlidir, Skandinaviya ölkələrini misal çəkmək olar. İkinci, sülhməramlıların heç bir halda ağır silahları olmamalıdır, yalnız yüngülvari polis funksiyası həyata keçirilməlidir. Nəhayət, sülhməramlılar müvəqqəti olmalıdır, zaman məsələsi konkretləşməlidir. Bütün hallarda bu məsələ hələ gündəmdə deyil. Ola bilər, Ermənistan hansısa sənədə imza atsın, ancaq sənəddəki razılaşdırılan bütün bəndləri yerinə yetirməsin. Belə olanda, həmin sülhməramlılar məsələsi gerçəkləşməsin. Ona görə də hələ tələsməyə ehtiyac yoxdur. Məni daha çox dövlət başçısının tez-tez xatırlatdığı baza prinsipləri narahat edir, əslində, bu, bizim maraqlarımıza o qədər də uyğun deyil. Bəli, anlayıram ki, ölkə başçısı diplomatik baxımdan bu barədə danışır. Amma ordumuz bir az ərazilərimizi işğaldan azad etsə, baza prinsipləri haqda danışmaq yersiz olacaq”.

Avropada mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov xatırladıb ki, hər bir müharibədə danışıqlar fasilədir:

"Çin kommunistlərinin liderlərindən Jo en Lay deyirdi ki, diplomatiya müharibənin digər vasitələrlə davamıdır. Bu baxımdan müharibə getdiyi zamanda dövlət başçısının hərbi əməliyyatlardan sonrakı addımlar haqqında danışması təbiidir və qaçılmazdır. Nəzərə alınmalıdır ki, 90-cı illərlə müqayisədə regionda tamamilə başqa şəraitdir. 27 il sonra məlum oldu ki, nəinki Azərbaycanla Ermənistan arasında müharibə ola bilər, həm də region oyunçularının cəlb ediləcəyi böyük münaqişə yaranar. Vacib deyil ki, region dövlətləri münaqişədə birbaşa və yaxud məsafəli iştirak etsin. Onsuz da Cənubi Qafqaz kimi ağrılı regionda belə mənzərənin yaranması çox təhlükəlidir. İlham Əliyev də, Nikol Paşinyan da başa düşür ki, müharibəni illərlə davam etdirməyə onlara imkan verilməyəcək. Ona görə də atəşkəslə bağlı bir həftə sonra birinci razılaşma oldu, ardınca yenə razılaşmaya getdilər. Dünən BMT Təhlükəsizlik Şurasında regiona müşahidəçilərin göndərilməsi müzakirə edilib, düzdür, heç bir qərar qəbul edilməyib. Sadəcə, müzakirələr qərarların konturlarının hazırlanması üçündür. Amma hadisələrin gedişi göstərir ki, BMT Təhlükəsizlik Şurasında yaxın vaxtlarda konkret qərarlar qəbul edilə bilər, qətnamə şəklində. Yəni buna hazır olmaq lazımdır və təəccüblənməyə ehtiyac da yoxdur”.

Rauf Mirqədirov
Mənbə: arxiv

Rauf Mirqədirov Azərbaycanın hərbi əməliyyatlarda ciddi uğurlar əldə etdiyini bildirib: "Hətta danışıqlarda müəyyən üstünlük verəcək uğurlar da sayıla bilər. Amma hələlik danışıqların balans nisbətini köklü dəyişəcək uğurlar yoxdur, ona yaxın uğurlar var. Əslində, İlham Əliyevin son bəyanatlarının məntiqi kifayət qədər dəqiqdir və situasiyadakı Azərbaycanın maraqlarını əks etdirir. Dövlət başçısı deyir ki, savaşı dayandırmağa, hətta Paşinyanla istənilən ölkədə danışıq aparmağa hazırdır. Ancaq şərtlər də qoyur, ərazilərin azad olunması və qoşunların çıxarılmasının dəqiq qrafikinin olmasını istəyir. Və bu halda müşahidəçilərdən danışır, sözsüz ki, orda başqa müddəalar da var və ölkə başçısı onların yerinə yetirməyin zəruriliyini anlayır”.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskvada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb.

Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik "Skad” (Scud) raketi ilə endirilib.

Nəticədə 14 nəfər həlak olub. 34 nəfər yaralanıb.

Oktyabrın 18-də Azərbaycan və Ermənistan yenidən müvəqqəti humanitar atəşkəsə razılıq verib.
 
Mənbə: Meydan.Tv