Zaur Əkbər: "Navalnının həbsində uduzan Putin hakimiyyəti oldu"

Zaur Əkbər:

04-02-2021 13:00 / Bu xəbər 1071 dəfə oxundu

"Navalnının həbsində uduzan tərəf öz xislətini açıq şəkildə ortaya qoyan Putin hakimiyyəti oldu. Onu həbs etməklə düşündülər ki, ölkədə getdikcə genişlənən etiraz dalğasının qarşısını ala bilərlər”. 

Bunu "Toplum TV”-yə açıqlamasında "Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbər deyib.

Fevralın 2-də Moskvanın Simonov rayon məhkəməsi müxalifət lideri Aleksey Navalnının "İv Roşe” işi üzrə şərti cəzasını 3,5 illik azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib.

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa prezidenti şəxsən özü Navalnının azad olunmasını tələb ediblər. Avropa Şurasının insan haqları üzrə komissarı Dunja Miyatoviç məhkəmə hökmünün ədalətsiz olduğunu bir daha xatırladıb. 

ABŞ senatoru Mitt Romni Rusiyaya qarşı sanksiyalar haqqında yeni qanun layihəsi hazırladığını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi isə Navalnının həbsinə etiraz edənlərin hamısına öz problemləriylə məşğul olmağı tövsiyə edib.

Milli Məclisin deputatı Asim Mollazadə Rusiyada aksiyaların davam edəcəyini istisna etmir: "Navalnının həbsinə etiraz aksiyaları kütləvi xarakter daşımır və hüquq-mühafizə orqanları asanlıqla onların qarşısını alır. Ölkədə üsyançı canlanma var, siyasi mübarizə gedir. İstisna deyil ki, bu mübarizə müvafiq qrupları maraqlandırır və onlar da prosesdə iştirak edirlər. Həbs qərarından sonra da bu nümayişlər davam edə bilər, amma kütləviliyi barədə danışmaq çətindir”. 

Asim Mollzadə
FOTO: amerikaninsesi.org

A.Mollazadə Rusiyaya qarşı beynəlxalq sanksiyaların effektsiz olacağını düşünür: "Sanksiyalar onsuz da var idi, daha da genişlənəcəyini gözləmirəm, çünki burada Qərbin də öz maraqları var. Məsələn, "Şimal axını-2” layihəsində Almaniyanın və digər Avropa ölkələrinin bir sıra siyasətçiləri Rusiyanı dəstəkləyirlər. Ona görə də mən sanksiya təhdidlərinin söz olaraq qalacağını, sadəcə bəyanatlar şəklində davam edəcəyini düşünürəm. Ola bilsin, ABŞ bəzi rus oliqarxlarına sanksiyalar tətbiq etsin, amma ümumilikdə bunun ciddi nəticələri olmayacaq”.

Zaur Əkbər Navalnının həbsinin gözlənilməz olduğunu deyir: "Bu qərar Putinin avtoritar təfəkkürünün nəticəsidir. Düşünürəm ki, bundan sonra da aksiyalar davam edəcək, amma hansı formada olacağını zaman göstərəcək. Navalnının həbsi ilə bu proses yekunlaşmayacaq, çünki onun müalicədən sonra ölkəyə qayıtmasını beynəlxalq aləmin Rusiyayla bağlı hansısa layihəsinin tərkib hissəsi hesab edirəm. Navalnının Putinlə bağlı çəkdiyi araşdırma filmi dünyada artıq 110 milyona yaxın insan tərəfindən izlənib. Bu o deməkdir ki, Navalnı tək Rusiya daxilində deyil, həm də beynəlxalq aləmdə diqqət çəkə bilib. Uduzan tərəfsə öz xislətini açıq şəkildə göstərən Kreml və Putin hakimiyyəti oldu”.

Zaur Əkbər
FOTO: amerikaninsesi.org

Ekspert Rusiyaya qarşı beynəlxalq təzyiqlərə də diqqət çəkir: "Bayden administrasiyası Rusiya ilə bağlı xüsusi sürprizlərinin olacağını deyib. Yəqin ki, yaxın 3-4 ay ərzində biz Qərb dünyasının bu istiqamətdəki prioritetlərini görə biləcəyik. "Şimal axını-2” layihəsi ilə bağlı artıq sanskiyalar var, bir çox Qərb şirkətləri layihədən iştirakda imtina ediblər və bu, Rusiyaya sadəcə maliyyə baxımından təsir edəcək. Kremli kəskin şəkildə sıxmağın bir yolu qalır ki, bu da Rusiyanı beynəlxalq SWIFT əməliyyatlarından xaric etməkdir. Obamanın ikinci hakimiyyətinin son dövrlərində bu məsələ aktuallaşmışdı, sadəcə zaman darlığı bununla bağlı müzakirələrə imkan vermədi. Trampın hakimiyyətə gəlməsi ilə məsələ aradan qalxdı. Amma Baydenin dediyi sürprizlər əvvəlki sansksiyaların daha ağır forması olsa belə, bunların Rusiyada hansısa ciddi dəyişikliklərə gətirib çıxaracağına inanmıram”. 

Politoloq Şahin Cəfərli isə özünün "Feysbuk” hesabında Navalnının həbsiylə bağlı bunları yazıb: "Uzun müddətdir "hücumda" oynayan Putin rejimi bu gün 2011-2012-ci illərdəki Bolotnoye hərəkatından bəri ilk dəfədir ki, daxildə ciddi etirazlarla üzləşib. Rejim imitasion demokratiyadan vaz keçmək məcburiyyətində qalaraq etirazçılara qarşı aşırı zorakılığa və müxalifət liderini həbs etməyə vadar olub. Navalnı Dövlət Duması seçkiləri öncəsi narazı seçiciləri mobilizasiya etməyə və yönləndirməyə qadir olan yeganə liderdir. Onu təcrid etməklə Kreml seçkiləri nisbətən rahat atmosferdə keçirmək və Dumada komfort çoxluq yaratmaq niyyətindədir. Bu seçki hakimiyyətin tranziti prosesində çox önəmli mərhələdir”.

Şahin Cəfərli
FOTO: sosial media

Ekspert etirazların davam edəcəyini də istisna etməyib: "Güman ki, havalar isinməyə başladıqca, etirazların miqyası da böyüyəcək. Rus xalqının təhsilli hissəsi, şəhərli orta təbəqə, xüsusən gələcəyinin oğurlandığını hiss edən gənclik bağlı qapılar arxasında cızılan planları pozmaq istəyir. Lakin bunun üçün liderə, təşkilatçılığa və aydın proqrama böyük ehtiyac var”.