Azərbaycan hüququ: fəlsəfəsi və gerçəkləri

Azərbaycan hüququ: fəlsəfəsi və gerçəkləri

17-01-2022 14:43 / Bu xəbər 717 dəfə oxundu

Ənnağı Hacıbəyli
 
Hüquq elmi

(beşinci yazı)

Hüquq elmini hüquq doqmatikası və ya analitik yurisprudensiya adlandırırlar. Onun tədqiqat predmeti qanunvericilik, hüquqla tanınan adətlər, geniş anlamda qanunvericiliyin tətbiqi, təfsiri, məhkəmə praktikası və sairdir.

Azərbaycanda hüquq elmi varmı? Təbii ki, var, deyəcəksiniz. Heç mən də "yoxdur” demirəm. Hüquq elmi olmayan ölkə yoxdur. Dövlət, hüquq, alimlər varsa, elm də var. Amma elm adı ilə deyil, elmi nəticələri, dünya elminə verdiyi tohfələr, ölkə dışında tanınan alimləri ilə var olur. Bu baxımdan yanaşanda "bizdə də hüquq elmi var” deməyə adam çətinlik çəkir.

Bizdə ciddi hüquq elminin olmamasının çeşidli səbəbləri var:

– Birinci, elmlə məşğul olmaq perspektivli məşğuliyyət deyil.

– İkinci, gerçək elm həm də avtoritar, hüquq prinsiplərini pozan qanunların sərt tənqidi deməkdir. Belə elmi araşdırmalar isə heç kimə gərək deyil və onun çapı, müdafiəsi mümkünsüzdür. Elm, özəlliklə hüquq elmi alim-məmurların və zorən-alimlərin fazendasına və qurbanına çevrilib.

– Üçüncü, məhkəmə praktikası ilə tanışlıq əslində mümkünsüzdür, məhkəmə təcrübəsinin araşdırılması üçün material açıq deyil. Məhkəmə qərarlarının çapı maksimum qısıdılıb və əlçatan deyil.

– Dördüncü, gənc alimləri yetişdirən normal təhsil sistemi, elmi rəhbərlik edən, gənclərə istiqamət verən ustad-alimlər yoxdur. Ümumiyyətlə, hüquq təhsili bərbad durumdadır, hətta əlaçı universitet məzunu da praktikaya gələndə bəlli olur ki, onu, sadəcə, diplomuna görə hüquqçu adlandırmaq olar.

Gerçək elm şəxsiyyət sayılan alimləri, özünü ancaq elmə borclu sayan ziyalıları, rəsmi ideoloji ustanovkalar tanımayan, həqiqəti tanrısı sayan talantlı insanlarıyla elmdir. Hər bir elm sahəsinin elmi aparatı, qanunları, tarixi qaydaları və tapındığı dəyərlər var.

Bir neçə il qabaq Azərbaycan Milli Elmlər Akademiyasının 65 illiyi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçirilirdi. "Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramı”nın icrası ilə əlaqədar hüquqçu alimlərdən ibarət işçi qrupun rəhbəri çıxışında demişdi: "…Biz konkret tədbirlər həyata keçirməliyik ki, akademik Ramiz Mehdiyevin qeyd etdiyi problemləri – hüquq təhsili, hüquq kadrlarının hazırlanması və elmi-tədqiqat işlərinin keyfiyyətinin günün tələbləri səviyyəsinə qaldırılmasını təmin edək”.

O vaxt R.Mehdiyev AMEA-nın prezidenti deyildi, icra hakimiyyətinin işçisi idi. Hüquq elminin problemlərini hüquqa dəxli olmayan adamdan öyrənən hüquq elmləri doktorunun elmi nailiyyətini, elmə və onun inkişafına münasibətini təsəvvür etmək, yəqin ki, çətin olmaz.

Belə təfəkkür sahibi gerçək elm yarada bilərmi?

Bir misal da öz praktikamdan deyim. Bir neçə il qabaq bir elmi jurnala redaktorluq etməyi xahiş elədilər. Jurnala təqdim olunan elmi məqalələr aspirant və dissertantların növbətçi (müdafiə üçün) məqalələrindən (adətən plagiat) və alimlərin yazılarından ibarət idi. Vicdanlı adam kimi bütün yazıları diqqətlə oxuyurdum.

Məqalələri üç qrupa ayırdım:

- birinci, çapı mümkün olan yazılar,
- ikinci, yararsız yazılar,
- üçüncü, üzərində işləmək şərti ilə çapı mümkün olan yazılar.

Təbii ki, ikinci və üçüncü qrup yazıları konkret qeydlərlə müəlliflərə qaytardım. Müəlliflərin çoxu kimlərinsə uşaqları, qohumları, nə bilim nələri idi. Akademiyada işləyən bir tanış alimlə təsadüfən küçədə rastlaşdım. Adam mənə diqqətlə baxıb gülə-gülə dedi ki, bilirsən neyləmisən? Açığı, elədiyimə adi bir iş kimi baxdığımdan mən də təəccüblə nə elədiyimi soruşdum. Dedi ki, "Akademiyanın Fəlsəfə və Hüquq İnstitutunda hamı səndən danışır, bilirsən kimlərin yazısını qaytarmısan? Bu işin axırı yaxşı olmayacaq”.

Düzü, təəccüb elədim, elə bilirdim ki, yazılara müəllifə görə deyil, elmi dəyərinə görə qiymət vermək gərəkdir. Bir neçə aydan sonra jurnalın sahibi mənimlə vidalaşdı. Dedi, sənə qarşı o qədər qəzəblidirlər ki, hətta jurnalın bağlanmasını tələb edirlər. Tələbkarlar isə hüquqçu-alimlər idi…

Azərbaycan qanunvericiliyi qədər elmi araşdırmalara (özü də məhz tənqidi elmi araşdırmalalara!) material verən ikinci bir qanunvericilik yoxdur. Özəlliklə ifadə və toplaşmaq azadlığı, vətəndaş cəmiyyəti təşkilatları, inzibati, cinayət-hüquqi sanksiyaklar və s. bağlı son illər qanunvericiliyə edilən mürtəce dəyişikliklər, Konstitusiya referendumları barədə hüquq elminin susması bu sahənin acınacaqlı durumundan, ölkədə rəsmi mövqedən fərqlənən fikirə az qala düşmən münasibətdən xəbər verir.

Astronomik inzibati, cinayət hüquqi sanksiyalar, məsuliyyətin həddən artıq sərtləşdirilməsi, cəzasızlıq və qisasçılıq hüquq pozuntularının qarşısının alınmasında effektiv və ədalətli üsul deyil, hüququn ümumi prinsiplərinə ziddir, demokratik hüquq dövlətinə xas hüquq vasitəsi sayılmır. Görünür, antik dövrün hüquq alimlərinin bu qənaəti Azərbaycan alimlərinin (bəzi istisnalarla) hələ kəşf edə bilmədiyi hüquq qanunudur.

Qədim Roma hüquq alimlərinin "Hüquq – xeyir və ədalət sənətidir” kəlamı qanunvericilərimizə çatanda ölkəmizdə hüquq dövləti qurulacaqsa, antik dövr bizdən hələ çox uzaqdadır.

"Azad olmaq üçün qanuna tabe olmaq gərəkdir” hökmü isə indiki qanunvericilik şəraitində Azərbaycan cəmiyyətinin çətin qəbul edəcəyi şüardır…

Yaxşı qanunvericilik seçkili demokratik ölkələrdə olur. Amma yaxşı qanunvericilik həm də yaxşı hüquq elmi olan ölkələrdə yaradılır. Elm olmayan yerdə yaxşı heç nə olmur. Əksinə, cəhalət, avtoritarizm, insan haqlarına total sayğısızlıq olur və bir də psevdo-elm…

Yazı Meydan TV-dən götürülüb.