Lavrov Azərbaycana gəlir

Lavrov Azərbaycana gəlir

15-06-2022 16:00 / Bu xəbər 855 dəfə oxundu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 15-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Lavrovun Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi bildirilib. 

Rusiyanın xarici işlər naziri bundan əvvəl Ermənistanda səfərdə olub.  

Onun iyunun 9-da Yerevanda keçirdiyi mətbuat konfransında "Fərrux kəndi ətrafındakı vəziyyət rus hərbçiləri üçün prioritet məsələlərdən biridir, delimitasiya işləri çərçivəsində bu məsələyə baxılacaq və həll olunacaq” fikri Azərbaycanda narazılıqla qarşılanmışdı. 

Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva Lavrovun sözlərinə reaksiya vermişdi: "Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, - deyə Abdullayeva vurğulamışdı.