Jurnalist "Toplum TV işi" ilə bağlı dindirilib

Jurnalist

07-08-2024 01:26 / Bu xəbər 555 dəfə oxundu

Avqustun 6-da jurnalist Günel Manaflı "Toplum TV işi" ilə bağlı şahid qismində ifadəyə çağırılıb.

Bu barədə Günel Manaflı məlumat verib. 

O bildirib ki, hazırda həbsdə olan həyat yoldaşı, III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətli və Toplum TV ilə bağlı dindirililib: 

"Bu gün Bakı şəhər Baş Polis İdarəsində ifadə verdim. Hər hansısa bir təyziqlə üzləşmədim. Sorğu-sual 3 saat davam etdi. Detallı yaza bilmədiyim üçün yalnız onu deyə bilərəm ki, suallar iki istiqamətdə idi: Ruslan İzzətli və Toplum TV". 

Hər kəsə məlumdur ki, bu cinayət işi qondarma və sifarişlidir, bunu orada da bildirdim! Ruslan İzzətli başda olmaqla hazırda həbsdə saxlanılan və qaçaqmalçılıqda ittiham olunan şəxslər Azərbaycanın ən dürüst və ləyaqətli insanlarıdır! Yenidən çağırılacağım bildirildi", - deyə o qeyd edib.

2024-cü ilin martın 6-da "Toplum TV”-nin ofisində əməliyyat keçirilib.

"Toplum TV” işi üzrə III Respublika Platformasının spikeri Akif Qurbanov, həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, "Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.