Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi
26-09-2024 15:33 / Bu xəbər 528 dəfə oxundu
Hilal Məmmədova 6200 avro, İxtiyar İbrahimov, Brilyant Əliyeva və 4 ərizəçiyə 1750 avro ödənilməlidir
Sentyabrın 26-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 3 qərar və qərardadını elan edib.
Bu barədə məlumat yayan "aihmaz.org” məhkəmənin iki işdə iddia edilən pozuntuları tanıdığını qeyd edib.
Bildirilir ki, Hilal Məmmədovun şikayəti narkotik vasitələrin satışı, dövlətə xəyanət və etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılmasına görə cinayət məsuliyyətinə cəlb edilməsinin qanunsuzluğu iddiaları ilə bağlı idi.
Hilal Məmmədov 2012-ci ilin iyunun 21-də mülki geyimli polislər tərəfindən saxlanılıb, yoxlamaya məruz qalıb və elə həmin gün də həbs edilib: "Təxminən 15 gün daxilində ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, istehsal etmə, saxlama, daşıma və satma), 274-cü (dövlətə xəyanət) və 283.2.2-ci (milli və dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Qapalı keçirilən məhkəmə dinləmələrinin sonunda Hilal Məmmədov 5 il azadlıqdan məhrum edilib. Onun yuxarı instansiyalara şikayətləri də təmin edilməyib”.
Hilal Məmmədov Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətində cinayət işinin uydurma olduğunu, narkotik maddənin əvvəlcədən onun üstündə yerləşdirildiyini bildirib: "O həmçinin iddia edirdi ki, cinayət məsuliyyətinə cəlb edilməsi zamanı müxtəlif yazılarından, müsahibələrindən və məqalələrindən sübut kimi istifadə edilib ki, bu da onun ifadə azadlığı hüququna müdaxilə təşkil edib".
AİHM məhkəmə dinləmələrinin qapalı keçirilməsinin ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnu pozduğu qənaətinə gəlib: "Məhkəmə qərarında vurğulayıb ki, iş materiallarında hansısa məxfi məlumatların olması avtomatik olaraq məhkəmə prosesinin ictimaiyyət üçün qapalı keçirilməsinə əsas vermir. Bunun üçün ilk növbədə açıqlıq prinsipi ilə milli təhlükəsizlik məsələlərinin detallı balanslaşdırılması tələb olunur. Ancaq məhkəmələr bu balanslaşdırmanı aparmayıblar. Digər tərəfdən, nə məhkəmələr, nə də hökumət iş materiallarındakı hansı sənədlərin, dövlət sirri və ya digər məxfi məkumatları ehtiva etdiyini, yaxud, həmin məlumatların ərizəçiyə qarşı irəli sürülən ittihamların xarakteri ilə necə əlaqəli olduğunu da göstərməyiblər. Beləliklə, Konvensiyanın 6.1-ci maddəsi pozulub. Məhkəmə digər pozuntu iddialarını araşdırmağa ehtiyac görməyib”.
Qərara əsasən, Azərbaycan hökuməti Hilal Məmmədova ümumilikdə, mənəvi zərər, xərc və məsrəflər əvəzi 6200 avro ödəməlidir.
Hilal Məmmədovun hüquqlarının hüquqşunas Xalid Bağırov və vəkil Cavad Cavadov tərəfindən müdafiə edildiyi bildirilib.
Digər şikayətçi İxtiyar İbrahimovun 2016-cı ilin aprelin 19-da dələduzluq ittihamı ilə məhkum edildiyi göstərilib.
Qeyd olunur ki, Ali Məhkəmədə keçirilən dinləmələr zamanı ona məlumat verilmədiyindən prosesdə iştirak edə bilməyib: "Bu da onun Konvensiyanın 6.1-cı maddəsi ilə qoruma altına alınan hüquqlarını pozub”.
Məhkəmə isə qərarında vurğulayıb ki, hökumət penitensiar müəssisənin əməkdaşı tərəfindən məhkəmə bildirişinin alındığını təsdiq edən protokolun surətini təqdim edib, ancaq bildirişin faktiki olaraq ərizəçiyə çatdırılmasına dair heç bir sübut təqdim etməyib: "Digər tərəfdən, cəzaçəkmə müəssisəsinin rəisinin məktubunda da ərizəçinin bildirişi almasını isbat edən heç bir sübut yoxdur. Belə olan halda, məhkəmə, hökumətin təqdim etdiyi sübutlara inana bilməz. İş materiallarında Ali Məhkəmənin bildirişin ərizəçiyə çatıb-çatmadığını yoxlamasına dair də hər hansı əlamət mövcud deyil”.
Məhkəmə hesab edir ki, İxtiyar İbrahimova prosesdə iştirakın başqa üsulunu seçmək və ya iclasın təxirə salınmasını xahiş etmək hüququndan istifadə etmək imkanı verilməyib. Bununla da Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub.
İxtiyar İbrahimov hökumətə qarşı maddi tələb irəli sürməyib.
Bundan əlavə Brilyant Əliyeva və başqa 4 şikayətçi Konvensiyanın 11-ci maddəsinə əsasən, dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya keçirilmə üsulu ilə bağlı məhdudiyyətlərin qanunsuzluğundan şikayət etmişdilər.
Məhkəmə qərara gəlib ki, onların hər birinə 1750 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.