27 aprel aqibəti

27 aprel aqibəti

29-04-2020 14:15 / Bu xəbər 1152 dəfə oxundu

Natiq Cavadlı

N.Nərimanovun taleyi məlumdur, Leninin ölümündən sonra Stalinə az qala yalvarırdı ki, onu vətənə buraxsın, siyasətlə də vidalaşmaq istəyir.

Əlbəttə, onlar olmasaydı da bolşevik Rusiyası Azərbaycanı işğal edəcəkdi, necə ki, 20 il sonra baltik respublikaları istila taleyini yaşadı. Səbəb o idi Rusiya dövlət olaraq əzəldən hərbi imperiya şəklində qurulduğundan bu ölkədə hüquqi-demokratik cəmiyyətin qurulması müşkül görünür. Ancaq ADR yaranmasydı, Azərbaycan Rusiya tərkibində Tatarıstan və ya Dağıstan kimi muxtariyyat idi. Ona görə Rəsulzadənin Stalinə "millətə milli dövlət duyğusunu dadızdırdıq” kəlmələrini yaddaşımıza köçürməliyik.

Beləliklə, keçək 27 aprel "qəhrəmanları”nın aqibətinə.

"Azərbaycanın xoşbəxt gələcəyi Rusiyaya bağlıdır” söyləyən N.Nərimanov çox tez peşman oldu və bu peşmançılıq mərkəzə, yaxud oğlu Nəcəfə yazdığı məktublarda açıq görünürdü. Leninə "məgər "Müstəqil Azərbaycan” sizin dilinizdən çıxmamışdımı? Axı, məhz buna əsaslanaraq biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik” yazan adam anlamırdı ki, onun lideri hələ aprel işğalından əvvəl Bakının yandırılmasını əmr edibmiş və xalqı bolşevik-daşnak birliyi nəticəsində 31 mart faciəsini yaşayıb.

Yaxud oğlu Nəcəfə "bu sətirləri oxuyarkən bolşevizm olmayacaq” yazanda anlamırdı ki, bolşevizm elə belə olur, bəlkə də RSDFP-nin hələ bolşevik-menşevik fraksiyalarına bölünməsinin kökündə dayanan amillərdən birinin bank qarətçiliyi, terror olduğundan xəbərsiz idi. Baxmayaraq ki, Stokolm qurultayında terror və bank qarətçiliyinə son qoyulması haqqında qərar çıxardılmışdı. Həm də terror və bank qarətçiliyinin əsas tərəfdarlarından, Bakıda fəaliyyət göstərən L.Krasini doktorun tanımaması inandırıcı deyil. Ümumiyyətlə, Nərimanovun 31 mart qırğınından sonra bolşevizmə inanması hələ də möcüzə sayıla bilər.

N.Nərimanovun taleyi məlumdur, Leninin ölümündən sonra Stalinə az qala yalvarırdı ki, onu vətənə buraxsın, siyasətlə də vidalaşmaq istəyir. Amma istəyi reallaşmadı.

AKP Mərkəzi Komitəsi
Mənbə: Foto: google.az

Fotoda yuxarıda soldan 1-ci Azərbaycan parlamentinə ultimatum təqdim edən Həmid Sultanov 3 iyul 1938-ci ildə güllələndi.

Sağdan 2-ci Mirzə Davud Hüseynov 21 mart 1938-ci ildə güllələndi;

Nərimanovun sağında Əliheydər Qarayev 24 aprel 1938-ci ildə güllələndi, zatən, M.Ə.Rəsulzadə onun aqibətinin necə olacağını özünə demişdi.

Milli hökumətin devrilməsində Mikoyanla birgə fəallıq göstərən Qəzənfər Musabəyov 12 yanvar 1938-ci ildə güllələndi.

Sol tərəfdə, adını belə yaza bilməsə də, Azərbaycan SSR xalq maarif komissarı və xalq fəhlə-kəndli müfəttişliyi komissarı olan Dadaş Bünyadzadə 1938-ci ildə güllələndi.

Azərbaycan SSR-nin Xalq Səhiyyə komissarı Möhsün İsrafilbəyov (Qədirli) 1941-ci ildə güllələndi.

Səhiyyə nazirinin müavini Ağahüseyn Kazımov 1937-ci ildə güllələndi.

Parlamentin sosialist fraksiyasının üzvü Səməd ağa Ağamalıoğlu 1930-cu ildə Moskvada vəfat etdi, məzarı FX-dadır.

ADR hərbi donanma naziri olan, amma xəyanət edərək parlamentə "2 saata hakimiyyəti bolşeviklərə təhvil verməsəniz, parlamənti başınıza yıxacağam!” deyən Çingiz İldırım (aşağıda) 1938-ci ilin bugünü -27 aprelində güllələndi.

Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı Cəmil Vəzirov 1938-ci ildə sürgünə göndərildi, 1943-cü ildə Oryolda öldü.

Azərbaycanın işğal olunması haqqında 52 saylı əmri imzalayan marşal M. Tuxaçevski 1937-ci ilin iyun ayının 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası binasının zirzəmisində güllələndi.

İşğal edənlərə bir müddət siyasi rəhbərlik edən, 1921-1926-cı illərdə Azərbaycan SSR KP MK-nın birinci katibi olan S.M. Kirov 1934-cü ildə öldürüldü.

Rusiya bolşevikləri adından işğala siyasi dəstək vermiş S. Orconikidze 18 fevral 1937-ci ildə öz mənzilində intihar etdi.

XI Ordunun komandanı M. Levandovski 29 iyul 1938-ci ildə güllələndi.

Meydan.Tv