3-cü gündür həbsdə aclıq edən İmran Əliyev ictimaiyyətə məktub ünvanlayıb
22-11-2024 01:26 / Bu xəbər 439 dəfə oxundu
"Bu müddət ərzində atamda xərçəng xəstəliyinin aşkarlandığını öyrəndim. Bu mənə əsas zərbələrdən biri oldu"
"Meclis.info” platformasının rəhbəri İmran Əliyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından ictimaiyyətə məktub ünvanlayıb.
Jurnalist noyabrın 18-də yazdığı məktubunda aclıq aksiyasına başlamasından və həbsindən sonra başına gələnlərdən söz açıb. İmran Əliyevin yaxınlarının yaydığı mətni olduğu kimi təqdim edirik:
"Bu gün artıq 7 aydır ki, qanunsuz olaraq həbsdəyəm. 7 ay keçməsinə baxmayaraq, hakimlər qoyulan saxta ittihamla bağlı heç bir sübut göstərmədən, ehtimallar üzərindən qərarlar çıxarırlar. Bu isə Azərbaycanda məhkəmə sisteminin necə işlədiyini və alınan qərarların necə yüzlərlə, minlərlə vətəndaşın həyatına təsir etdiyini göstərir.
Təəssüflər olsun ki, COP29 kimi ekoloji fəlakətlərin qarşısını almaq məqsədi daşıyan tədbirə ev sahibliyi edən Azərbaycanda hələ də fundamental insan haqlarına, söz azadlığına riayət olunmur. Axı ancaq rifahı yüksək və hüquqları qorunan vətəndaş güvənliklə ekologiyanın, təbiətin qayğısına qalmağa qadirdir. Əfsuslar olsun ki, bizim bu yandan da bəxtimiz gətirməyib.
Həbs müddətimdə Kürdəxanıda gördüyüm, eşitdiyim hadisələr məndə hüququn aliliyinin necə sarsıldığı təsəvvürünü yaradır. Məhkumlara Cinayət Məcəlləsindəki maddələrin restoran menüsündəki qiymətlər kimi sadalanması, onların bunu adi bir hal kimi qarşılamaqları, hakimlərin hüququ piştaxta arxasındakı mal kimi satması fəlakətin qırmızı həddə gəlib çatması anlamına gəlir.
Qısaca "Məclis.info”nun əsas fəaliyyəti haqqında bildirmək istərdim. "Məclis.info” – parlamentin monitorinq platforması 2020-ci ildə təşəbbüs kimi ictimai maraqlar əsasında fəaliyyətə başlamışdı. Əsas məqsədi vətəndaşlarla millət vəkilləri arasında körpü olmaq və ictimai nəzarət mexanizmi yaratmaqdı. Lakin 2022-2023-cü illərdə basqı və təzyiqlər səbəbindən əsas fəaliyyətimizi donduraraq onlayn maarifçilik və bilgiləndirməyə keçmişdik.
Prezident ictimai nəzarət mexanizminin olmasını dəfələrlə öz çıxışlarında vurğulasa da, bizim fəaliyyətimizi təhlükəli hesab edib məni həbs etdilər.
Noyabrın 19-da mənin sanksiya müddətim başa çatır. Həbs zamanı və həbs müddətində bir çox fiziki və psixoloji təzyiqlərə məruz qaldım. Bu müddət ərzində atamda xərçəng xəstəliyinin aşkarlandığını öyrəndim. Bu mənə əsas zərbələrdən biri oldu.
Ümumi baş verənlərə və mənim azadlığımın təmin olunmamasına etiraz olaraq aclıq etmək qərarı verirəm! Tələbim saxta cinayət ittihamının ləğv edilməsi və azadlığımın təmin olunmasıdır.
İmran Əliyev, Bakı İstintaq Təcridxanası, 18.11.2024”.