''3 milyon manatdan bizə bircə darvaza düşdü''

''3 milyon manatdan bizə bircə darvaza düşdü''

28-09-2018 23:32 / Bu xəbər 2647 dəfə oxundu

Tərtərin Qapanlı kənd sakini deyir, hələ də aprel döyüşləri zamanı qəzalı hala düşən evdə yaşayır

"Aprel döyüşlərindən sonra rəsmi məktubla bildirdilər ki, evə baxış keçirilib, sənədlər aidiyyəti qurumlara göndərilib. Ancaq gəlib təkcə darvazanı dəyişdilər. Üstündən 2 il keçəndən sonra da dedilər ki, ümumiyyətlə, sizin evinizin qəzalı vəziyyətə düşməsinin aprel döyüşləri ilə əlaqəsi yoxdur”.

Tərtərin Qapanlı kəndində yaşayan 75 yaşlı Baxşəli Bayramov 1-ci qrup əlildir. Meydan TV-yə danışır ki, 2 il yarım əvvəl – aprel döyüşləri zamanı erməni hərbçilərinin atdığı mərmi xüsusi mülkiyyətində olan dədə-baba evini qəzalı vəziyyətə salıb. O vaxtdan yerli icra hakimiyyətinə müraciət etsə də, nəticəsi olmayıb.

"Əvvəl heç olmasa, ümid verirdilər"

"Evin bünövrəsi bir neçə yerdən çatlayıb, divarlar aralanıb, Tavan adamın üstünə gəlir. Qoca adamam, bir gün dağılacaq, qalacağam altında... 2 il yarımdır ki, icra hakimiyyəti məni süründürür. Əvvəllər heç olmasa adama ümid verirdilər, indi konkret deyirlər, evin təbii fəlakətdən, bir də aprel döyüşlərindən əvvəlki atışmalardan o vəziyyətə düşüb, ona görə də bizlik deyil,”- Baxşəli Bayramov deyir.

"Dedilər, prezident gələcək, hələlik darvazanı dəyişək"

Şikayətçinin sözlərinə görə, hökumət mərmidən qəzalı hala düşən evin yalnız darvazasını dəyişib:

"Elə aprel ayında yerli icra hakimiyyətinə ərizəylə müraciət etmişdik. Həmin ayın 27-də də cavab məktubu gəldi. Yazmışdılar ki, 2-5 aprel 2016-cı il tarixlərdə döyüşlər zamanı bir çox evə ziyan dəyib. Ziyanı müəyyən etmək üçün rayon Fövqəladə Hallar Komissiyası başqa evlər kimi bizim evə də baxış keçirib, lazımi sənədlər hazırlanıb, aidiyyəti yerlərə göndərilib. İcra hakimiyyətinin bu məktubundan 5 gün sonra prezident Tərtərdə zərər çəkmiş evlərin təmir-bərpası və ya yeni evlərin tikilməsi üçün 3 milyon manat ayırdı. O puldan bizə bircə darvaza düşdü. Dedilər, prezident kəndə gələcək deyə, hələlik darvazanı dəyişək, sonra evi də tikəcəyik”.

Prezident gəlib-gedib, Baxşəli kişi də darvazanın davamı olaraq evini düzəldəcək qurumların yolunu gözləyə-gözləyə qalıb. Səs-səmir çıxmayanda, özü icra hakimiyyətinə gedib. Onu arxayın ediblər ki, yaxın vaxtlarda tikiləcək evlərdən birinə köçürüləcək.

"Başçı əsəbiləşdi, göstəriş verdi, amma..."

"İki il yarımdır ki, gedib-gəlirəm. Nəhayət, sentyabrın əvvəli başçının qəbuluna düşdüm. Dedim, iki ildir məni aldadırsız, günü günə satırsız, bəs mənim evimi nə vaxt tikib verəcəksiz? O da təəcübləndi, dedi, necə yəni, hələ sənin evin tikilməyib? Sonra da yanındakıları danladı ki, əlil, qoca adamı indiyə kimi yollarda qoymusuz, bu məsələni tez bir zamanda həll edin. Yenidən komissiya yaradıldı, gəldilər, evə baxış keçirdilər, yazdılar, getdilər. Sonra da bir məktub göndərdilər ki, guya ev istismar müddətini başa vurub, təbii fəlakətlər və müharibə nəticəsində qəzalı vəziyyətə düşüb. Yəni konkret, aprel döyüşləri ilə əlaqəsi yoxdur. Evin əsaslı təmir olunaraq yararlı vəziyyətə gətirilməsi mümkün deyil, bünövrədən sökülüb yenidən tikilməlidir. Bunun üçünsə pul vəsaiti yoxdur”- şikayətçi deyir.

"Rəsmi qurum: Pul yoxdur "

Tərtər Rayon İcra Hakimiyyətindən bildirilib ki, Qapanlı kəndində Baxşəli Bayramovun mülkiyyətində olan evə baxış keçirilərkən müəyyən edilib ki, ikiotaqlı, birmərtəbəli ev keçən əsrin ortalarında çiy kərpicdən tikilib. Vaxtaşırı baş verən təbii fəlakətlər və müharibə nəticəsində qəzalı vəziyyətə düşüb. 2016-cı ilin may ayında ayrılan pul vəsaiti isə konkret olaraq aprel döyüşləri zamanı zərərçəkmiş evlərin bərpası və yenilərinin tikintisi üçün nəzərdə tutulduğundan həmin məqsədlərə də xərclənib. Baxşəli Bayramovun evinin sökülüb yenidən tikilməsi üçün isə pul vəsaiti yoxdur. Gələcəkdə bu işlərə görə vəsait ayrılarsa, qurum Baxşəli Bayramovun da istəyini nəzərə alacaq.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında başlanan döyüşlər aprelin 5-də hər iki tərəfin razılaşması əsasında dayandırılıb. Döyüşlər zamanı mülki vətəndaşların əmlaklarına dəymiş zərərin aradan qaldırılması üçün 2 may 2016-cı il tarixdə prezident İlham Əliyevin 2021 saylı Sərəncamı ilə Tərtər və Ağdam rayonlarına hər birinə 3 milyon manat olmaqla, ümumilikdə 6 milyon manat ayrılıb. Həmin pul vəsaiti ilə dağılmış evlər bünövrədən sökülməli, yerində yeniləri tikilməli, qismən zədələnmiş evlərdə təmir-bərpa işləri aparılmalı idi. Lakin bu Sərəncamın təsiri altına düşən ayrı-ayrı kəndlərdən müraciət edən bir sıra sakinlərin demələrindən aydın olub ki, tapşırıqlar tam şəkildə yerinə yetirilməyib.

Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.