8 azərbaycanlı Suriyadan Bakıya gətirilib

8 azərbaycanlı Suriyadan Bakıya gətirilib

15-05-2024 15:29 / Bu xəbər 484 dəfə oxundu

Mayın 14-də Suriyadan 5-i uşaq və 3-ü qadın olmaqla 8 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Bu barədə mayın 15-də Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlik bildirib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib: "Daha sonra İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. İstanbuldakı Azərbaycanın Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız qayıdış şəhadətnamələri ilə təmin olunub və onlar ölkəyə gətiriliblər”.

XİN hesab edir ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin qeyd olunub ki, Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Sonuncu dəfə fevralın 20-də Suriyadakı düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilmişdi.