Ağ Ev KTMT-nin Qazaxıstana müdaxiləsinə münasibət bildirdi

Ağ Ev KTMT-nin Qazaxıstana müdaxiləsinə münasibət bildirdi

07-01-2022 12:19 / Bu xəbər 579 dəfə oxundu

ABŞ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana öz sülhməramlılarını göndərməsi barədə xəbərləri izləyir. 

"İnterfaks" xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Cen Psaki cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.  

O, KTMT-ni insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb. 

Psakinin sözlərinə görə, Qazaxıstandakı böhranın tənzimlənməsində KTMT-nin rolu ilə əlaqədar Vaşinqtonda suallar yaranıb: "Bizdə müraciətin mahiyyəti ilə bağlı suallar var. Müraciət üçün əsaslar vardımı? Biz hələ ki bunu bilmirik”.

Qazaxıstanda vəziyyət yanvarın 2-də, maye qazın qiymətinin kəskin artımına qarşı ölkənin qərbində yerləşən Mangistau vilayətində etirazlarla gərginləşib. 

Sonrakı günlərdə etirazlar bütün ölkəni bürüyüb və siyasi tələbləri də əhatə edib. 

Yanvarın 4-5-də Almatıda etirazçılarla güc strukturları arasında toqquşmalar baş verib. 

Ölənlər və xəsarət alanlar var. Prezident hökuməti istefaya göndərib.

Çərşənbə günü Qazaxıstan prezidenti bildirib ki, ölkədəki terrorizm təhlükəsini ortadan qaldırmaq üçün KTMT ölkələrinin liderlərinə müraciət edilib. 

Ertəsi gün isə KTMT Qazaxıstana sülhməramlı qüvvələr göndərmək barədə qərar qəbul edib.