AB-dən Azərbaycanla bağlı açıqlama

AB-dən Azərbaycanla bağlı açıqlama

19-12-2020 01:26 / Bu xəbər 762 dəfə oxundu

Avropa Birliyi Azərbaycanla qaz alışı da daxil olmaqla yeni tərəfdaşlıq müqaviləsi bağlamaq və Qarabağdakı nizamlanmada iştirak etmək istəyir.

Bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell AB-Azərbaycan Tərəfdaşlıq Şurasının iclasının nəticələri ilə bağlı açıqlamasında deyib.

Xəbəri TASS yayıb. 

"AB Azərbaycanla demokratiya, insan haqları və fundamental azadlıqlara hörmətə əsaslanan iddialı və hərtərəfli yeni əməkdaşlıq müqaviləsi bağlamaq istəyir. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və ticarət əlaqələrimizin və tərəfdaşlığımızın ən geniş şəkildə inkişafına da kömək edəcək. AB ATƏT-in Minsk Qrupu ilə sıx əməkdaşlıq şəraitində Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllini dəstəkləməyə və formalaşdırmağa da hazırdır”, - Borrel bildirib.

Avropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də Avropa Birliyinin Azərbaycanla qaz sahəsində əməkdaşlığın inkişafına marağını vurğulayıb. 

Brüsselin Azərbaycandan bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi ilə ilk qaz tədarükünü gözlədiyini xatırladıb və qurumun bu qaz nəqli layihəsinin Qərbi Balkanlara qədər uzadılması imkanlarını araşdırdığını qeyd edib.