Abbas Hüseynov da Taleh Bağırzadənin aclıq aksiyasına qoşuldu

Abbas Hüseynov da Taleh Bağırzadənin aclıq aksiyasına qoşuldu

07-06-2022 12:46 / Bu xəbər 690 dəfə oxundu

"Bu ölkədə Allahı söyüb təhqir etmək elə bu xalqın özünü, dini inancını təhqir etmək deməkdir”

Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə saxlandığı Qobustan həbsxanasında aclığı davam etdirir. 

"Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Meydan TV-yə bildirib ki, aclığın üçüncü günündə Taleh Bağırzadə quru aclığa keçmək qərarı verib. İlahiyyatçı sudan da imtina edib.

"Ağır bir durum yaranmaqdadır”, – Rüfət Səfərov belə deyib.

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov Meydan TV-yə bildirib ki, Taleh Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlayıb: "Taleh Bağırzadənin aclıq aksiyasına başlamasının səbəbi son dövrlər polis idarələrində inanclı vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsidir. Taleh Bağırzadə dedi ki, işgəncə verənlərin müqəddəsata təhqirlərinə etiraz olaraq bu addımı atmaq məcburiyyətindədir. Bütün bunlar bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbuledilməz addımdır”.

Onun sözlərinə görə, ilahiyyatçı bu cinayəti törədənlər cəzalanana qədər aclığı davam etdirəcəyini söyləyib.

Taleh Bağırzadənin başlatdığı aksiyaya iyunun 6-da Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvlərindən Abbas Hüseynov da qoşulub. O, ailə üzvlərilə telefon danışığı zamanı bu haqda məlumat verib.

"Hacı Taleh Bağırzadə başladığı mübarizədə haqlıdır. Bu ölkədə Allahı söyüb təhqir etmək elə bu xalqın özünü, dini inancını təhqir etmək deməkdir. Çünki bu xalqın 99,9 fazi Allaha etiqadı vardır. Bu cür təhqir – fərq etməz xristian, müsəlman, namaz qılan ya qılmayan olsun – hər kəsin inancına olunan təhqirdir. Bu, ümumi xalqa qarşı cinayət sayılır. Bəşəri dəyərləri tapdalamaq, xalqın inancına qarşı terror etmək deməkdir”, – Abbas Hüseynovun sözləridir.

Taleh Bağırzadə və Abbas Hüseynov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının 2015-ci il noyabrın 26-da Nardaranda keçirdiyi əməliyyat zamanı həbs edilib. Həmin əməliyyatda ikisi polis, döydü Nardaran sakini olmaqla, 6 nəfər öldürülüb.

Taleh Bağırzadə və Abbas Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. 

T.Bağırzadə və A.Hüseynovun hər biri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda həbs olunan digərlərinə 14 il 6 aydan 19 ilə qədır həbs cəzası verilib. Onların bir qismin sonradan əfv sərəncamı ilə azadlığa buraxılıb.

Həbs olunanlar dövlət çevrilişinə cəhd, terrorçuluq və s. maddələrlə ittiham olunsalar da, heç biri bu ittihamları qəbul etmir. 

Taleh Bağırzadə və digərləri polislər də daxil öldürülənlərin hamısının əməliyyatçıların özləri tərəfindən qətlə yetirildiyini, onlarda silah olmadığını bildirir.
 
Onlar həmçinin saxlanılarkən və aparılarkən, eləcə də sonrakı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.