ABŞ AXCP sədrinin təqib olunmasından narahatdır

ABŞ AXCP sədrinin təqib olunmasından narahatdır

15-08-2024 13:53 / Bu xəbər 613 dəfə oxundu

ABŞ çərşənbə günü AXCP sədri Əli Kərimlinin Azərbaycanda təqib olunması ilə bağlı xəbərlərə münasibət bildirib. 

Dövlət Departamentinin sözçüsü  "Turan"a deyib.

"Biz vətəndaş cəmiyyətinə və siyasi müxalifət üzvlərinə qarşı davam edən repressiyalardan dərin narahatıq”, - deyə bildirib. 

"İfadə azadlığı da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirənlər təzyiqə məruz qalmamalıdır”, - sözçü qeyd edib.
 
ABŞ Səfirliyin X Platformasında yaydığı məlumatda deyilir ki, avqustun 14-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Kərimli ilə görüşüb, ona qarşı açılan cinayət işi ilə maraglanıb.

"Səfir Libbi ABŞ-ın demokratiya, insan haqları və əsas azadlıqlara dəstəyini bir daha təsdiqlədi”, – səfirliyin bəyanatında deyilir.
 
Əli Kərimlini kim məhkəməyə verib?

Avqustun 9-da AXCP-nin keçmiş üzvü Aydın Əliyev partiya sədri Əli Kərimlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Məlumata görə, avqustun 13-də saat 11:00-da Nəsimi Rayon Məhkəməsində Aydın Əliyevin şikayətinə baxılacaq.

Aydın Əliyevin iddiası əsasında ötən ay Nəsimi Rayon Məhkəməsi AXCP-nin keçirdiyi qurultayın nəticələrini ləğv etmişdi.

Avqustun 13-də Nərimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə məlum olub ki, Aydın Əliyev bir gün əvvəl şikayətinə əlavə göndərib.

Əli Kərimli və vəkili Fəxrəddin Mehdiyev bildirib ki, şikayətə əlavə onlara təqdim edilməyib, bu üzdən orada yazılanlardan xəbərsizdilər.

Hakim onlara əlavəni də təqdim edib.

1961-ci il təvəllüdlü Aydın Əliyev şikayətinin icraata götürülərək baxılmasını, Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1 maddəsilə təqsirli bilinib, 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Babək Pənahov Aydın Əliyevə vaxt verib ki, iddia ərizəsilə bağlı dəqiqləşdirmələr aparsın, lazım olan məlumatlar tapılıb əlavə olunsun.

Həmçinin yaddaş kartında Əli Kərimlinin çıxışlarından ibarət görüntülər diskə köçürülərək, məhkəməyə təqdim olunsun.

Məhkəmənin hazırlıq iclası avqustun 19-da davam edəcək.