ABŞ Azərbaycanda demokratik prosesləri dəstəklədiyini deyir

ABŞ Azərbaycanda demokratik prosesləri dəstəklədiyini deyir

13-06-2022 23:17 / Bu xəbər 761 dəfə oxundu

Bəxtiyar Hacıyev: "Diplomatla insan hüquqları sahəsindəki problemləri müzakirə etdik”

İyunun 13-də ABŞ Dövlət katibinin köməkçisinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Kara Makdonald Azərbaycana səfərə gəlib.

O, səfər çərçivəsində vətəndaş cəmiyyətinin təmsilçiləri, fəallar, hüquqşünaslar, jurnalistlər, həmçinin siyasi partiya nümayəndələri ilə görüşüb.

Bu barədə ABŞ-nın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə iştirak edən siyasi fəal Bəxtiyar Hacıyev deyir ki, Kara Makdonaldla "qarşılıqlı maraq doğuran mövzular” ətrafında bir saatlıq müzakirə aparılıb.

Onun sözlərinə görə, görüşdə regionda və əsasən də ölkədə baş verən hadisələrə toxunulub. Belə ki, ayrı-ayrı fəalların, jurnalistlərin, müxtəlif qrupların qarşılaşdıqları insan hüquqları sahəsindəki problemlər açıq müzakirə edilib: "Bayden administrasiyasının gələcəkdə atacağı addımlar və gözləntilərimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Xanım diplomat da ABŞ Prezidenti Baydenin demokratiya və insan hüquqları məsələlərinin xarici siyasətdəki yeri ilə bağlı mövqeyini paylaşdı”.

Səfirlik Kara Makdonaldın 13-15 iyun tarixlərində Azərbaycanda olacağını açıqlayıb: "O, səfər zamanı hökumət rəsmiləri, demokratiya, insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək”.

Səfirliyin açıqlamasında bildirilir ki, diplomat ABŞ-ın ifadə, toplaşma və birləşmək azadlıqları da daxil olmaqla əsas hüquq və azadlıqlara hörmətin gücləndirilməsini tövsiyə edib.

O həmçinin qeyd edib ki, ABŞ demokratik proseslərin inkişafına yönəlik səyləri dəstəkləyir və bu məsələlərdə azərbaycanlıların yanında olacaq.(Meydan TV)