ABŞ Azərbaycanı və Ermənistanı NATO-nun tədbirinə dəvət etmək istəyir
27-06-2024 12:31 / Bu xəbər 690 dəfə oxundu
Bayden Administrasiyası Azərbaycanı və Ermənistanı NATO üzrə digər tərəfdaşlarla birlikdə NATO-nun Vaşinqtonda keçiriləcək sammitində tərəfdaşlıq tədbirlərində iştiraka dəvət etməyi planlaşdırır.
Burada onların regional əməkdaşlığı, habelə iki ölkə arasında sülh müqaviləsinin bağlanması üzrə səyləri müzakirə etmək imkanı olacaq.
Bu barədə "Turan"a Vaşinqtonda vəziyyətlə tanış olan iki mənbə bildirib.
"Dəvətnamələrin göndərilib-göndərilmədiyi və ya qəbul edilib-edilmədiyi tam aydın olmasa da, Vaşinqtonda rəsmilər hesab edirlər ki, NATO-nun iki həftə sonra ABŞ-ın paytaxtında keçiriləcək liderlər səviyyəsində görüşü "gözəl fürsət olacaq, onu əldən vermək yaxşı olmazdı", - deyə mənbələrdən biri "Turan"a bildirib.
Bu addım çərşənbə günü Dövlət Departamentinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsini müzakirə etmək və Vaşinqtonun sülh prosesinə sadiqliyini vurğulamaq üçün bu həftə Avropa və Avrasiya üzrə baş diplomatını Bakıya göndərdiyini açıqlamasından sonra atılıb.
Bu gün dövlət katibinin köməkçisi Ceyms O'Brayen Bakıya gələcək.
Bu, onun Tbilisiyə (14 may) və Yerevana (10 iyun) səfərlərindən sonra, cəmi altı həftə ərzində Cənubi Qafqaza üçüncü səfəri olacaq.
Çərşənbə günü keçirilən brifinqdə Turan-ın ayrı-ayrılıqda bu səfərlərin səbəbləri haqqında sualına cavabda Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib ki, dövlət katibinin köməkçisi "müntəzəm olaraq oraya gedir".
"Biz bu regionda bir sıra həll edilməmiş problemlərimizin həlli üçün diplomatiya ilə məşğul olmağa davam edirik, bu, bizim çoxdan üzərində işlədiyimiz məsələdir", - deyə Miller qeyd edib.
Çərşənbə günü Konqresin Nümayəndələr Palatasının Xarici işlər üzrə alt komitəsində keçirilən iclasında O'Brayenin özündən də Azərbaycana səfəri haqqında soruşublar.
"Biz prezident Əliyevə tamamilə açıq şəkildə bildirdik ki, sülh bağlamağın vaxtı çatıb", - deyə o, Bakıya hansı mesajı çatdıracağı haqqında suala cavabda bildirib.
O'Brayen daha sonra belə deyib: "Bu, təkcə İqlim dəyişiklikləri üzrə tərəflərin Konfransını qəbul etdiyi zaman ona dünya lideri kimi hörmət göstəriləcəyinə ümid edən Azərbaycanın deyil, həm də Mərkəzi Asiyanın məsələsidir. Bütün bu ölkələr indi yalnız Çin və ya Rusiya vasitəsilə dünyaya məhsul ixrac edirlər. Çıxış yollarının olması üçün onlar Azərbaycan ərazisindən istifadə etməlidirlər".
"... Bir yol Gürcüstandan keçərək Qara Dənizə gedir, ancaq digər, daha geniş potensial yol Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək. Və bu mənada bizim müharibəyə və 90-cı illərdən bəri mövcud olan dəhşətli münaqişəyə son qoymaq üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ehtiyacımız var. Və bizim mesajımız: sülh bağlamağın vaxtı çatıb. Və yalnız bu kontekstdə biz bir çox müharibə problemlərini həll edə bilərik".
O'Brayen həmçinin bildirib ki, Əliyevlə insan hüquqlarına riayət etməyin vacibliyi haqqında danışacaq.
"Bu, onunla danışıqların, o cümlədən son günlər dövlət katibi Blinkenin onunla danışıqlarının daimi mövzusudur və mən onunla bu söhbəti davam etdirmək imkanını səbrsizliklə gözləyirəm", - deyə o bildirib.
Blinken ötən həftə Əliyevlə son danışığı zamanı da sülh müqaviləsinin, Dövlət Departamentinin öz məlumatında bildirdiyi kimi, "təxirə salınmadan" bağlanmasının vacibliyini qeyd edib.
"O təsdiq edib ki, Birləşmiş Ştatlar əvvəlki kimi tərəflər üçün istənilən faydalı üsulla gələcək əməkdaşlığı davam etdirməyə hazırdır", - deyə idarədən bildiriblər.